Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ – Ciddi risk var
Bu gün – aprelin 28-də ölkə üzrə hava şəraiti dəyişkən və bəzi ərazilərdə qeyri-sabit keçəcək.
Musavat.com xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gün əsasən yağmursuz olsa da, hava arabir tutulacaq və şimal-qərb küləyi güclənəcək. Temperatur gecə saatlarında 9-13°, gündüz isə 13-16° isti təşkil edəcək.
Regionlarda isə hava daha dəyişkən olacaq. Bəzi ərazilərdə qısamüddətli, lakin intensiv yağıntılar gözlənilir, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq, qərb küləyi isə arabir güclənəcək. Temperatur aran rayonlarında gündüz 15-20°, dağlıq ərazilərdə isə 7-12° isti olacaq.
Musavat.com xatırladır ki, gözlənilən küləkli və yağıntılı hava ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, güclü külək zamanı yüngül tikililərdən, reklam lövhələrindən və elektrik xətlərindən uzaq durmaq vacibdir.
Həmçinin, ildırım və sel riski nəzərə alınaraq açıq ərazilərdə ehtiyatlı olmaq, təhlükəli zonalardan uzaqlaşmaq tövsiyə olunur.
Nazirlik eyni zamanda kiçik həcmli qayıqlarla dənizə çıxmağın təhlükəli olduğunu xatırladaraq, hava şəraiti sabitləşənədək bu cür fəaliyyətlərdən çəkinməyi məsləhət görür.

