Müdafiə sənayemiz möhkəmlənir, hərbi qüdrətimiz artır
Ermənistanı silahlandıran ABŞ və Qərb Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözlərini unutmasınlar: « Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu.»
«Dahi adam necə yaranır» sualına müdriklərin cavabı müxtəlifdir. Dünya şöhrətli yazıçı Şekspirin « Bəziləri dahi doğulurlar, bəziləri dahiliyə çatırlar, bəzilərinə dahilik verilir» sözləri liderliyin inkarolunmaz varizlik qanununu əks etdirən «şəxsi keyfiyyətlər= müdriklik+ cəsarət» kəlamı Prezident İlham Əliyevin sərkərdəlik məharətinə tam uyğundur. Dövlətin varlığını, xalqın düşüncə tərzini şəxsi keyfiyyətlərində yaşatmaq fəlsəfəsini qətiyyəti, xalqına verdiyi vədi yerinə yetirməklə doğruldan Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində « İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm » sözlərinin bələdçiliyi ilə respublikaya rəhbərliyə başladı. «Boş zaman yoxdur, boşa keçən vaxt vardır!» hikməti ilə yola çıxaraq «Nəyi, nə zaman, necə etmək» formulunu varislik sədaqəti ilə doğruldan Prezident İlham Əliyev ağlının, zəkasının qüdrəti ilə dünyaya inkişafın Azərbaycan modelini nümunə göstərdi. Səriştəlilik göstərərək müstəqilliyimizi daxili və xarici düşmənlərdən qorudu. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, qısa müddətli antiterror tədbiri ilə suverenliyimizi tam təmin edən, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldıraraq separatizm ocağının birdəfəlik söndürüldüyünü qürurla səsləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev «Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik» sözləri ilə Ermənistanın rəhbərliyini, revanşist qüvvələri sülhə, sabitliyə çağırdı. Özünü separatçı rejimin «xarici işlər naziri» adlandıran quldurbaşının kinayə ilə söylədiyi «Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə» sözlərini təbəssümlə xatırlatdı. Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı müddətdə soydaşlarımıza qarşı ən dəhşətli cinayətlər törədən, hərbi və mülki vətəndaşlarımızı ağlagəlməz vəhşiliklə qətlə yetirən separatçıların respublikamızın Dövlət Sərhəd və Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən həbs edilməsindən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ölkəmizi tərk etməsindən, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanımasından sonra hamı üçün maraqlı olan sual aktuallaşdı: « Yaxın aylarda sülh sazişinin imzalanması mümkündürmü?» Bu sual Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən danışıqlarda geniş müzakirə olundu. «Avropa siyasi birliyi»nin ardıcıl olaraq Praqada, Kişineuda, Qranada da keçirilən sammitlərində əsas müzakirə mövzusu oldu. Çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı müsbət nəticə yoxdur. İspaniyanın Qranada şəhərində Azərbaycanın iştirak etmədiyi toplantıda respublikamızın ərazi bütövlüyünü tanıdığını imzaladığı bəyanatı ilə bildirən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəmizlə bağlı guya « sülh prosesindən yayınma» sərsəm görüntüsü yaratmağa çalışsa da, təxribat xarakterli münasibətə özündən və Cənubi Qafqazda sabitliyin yaranmasına ən çox mane olan, qərəzli və militarist siyasət ” yürüdən havadarı Fransadan başqa heç kim inanmadı. «Avropa siyasi birliyi»nin bu günlərdə Böyük Britaniyada keçirilən dördüncü sammitində Prezident İlham Əliyevlə görüşdən yayınan Ermənistanın baş naziri növbəti dəfə sülh sazişinin imzalanmasına tərəfdar olmadığını bildirdi.
Regionda baş verən hadisələr, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması barədə razılığa inamın artdığı bir vaxtda ABŞ-ın və Qərbin kənar müdaxilələri nəticəsində gərginləşən vəziyyət, şirnikləndirmələr sülh sazişinə yenidən kölgə salır. Kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizi”nin açılmasından, Naxçıvan Muxtar Respublikasına dəmir, avtomobil yollarının bərpasından, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmasından narahat olan Ermənistanın havadarları yenə bəd niyyətlərində israrlıdırlar.
Paşinyanın oyuncaq hökumətini sülh sazişindən çəkindirən ABŞ kimi Qərb də Ermənistanı mərkəzdənqaçma oyunlarına təhrik edirlər. Bir vaxtlar artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin hərbi yolla həllinin olmadığını sübut etməyə çalışanlara Vətən müharibəsində qazandığımız Qələbə ilə cavab verən, Xankəndidə Dövlət Bayrağımızı dalğalandırmaqla, erməni separatçılarını zərərsizləşdirməklə Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu haylar kimi dəstəkçiləri də gördülər. Qarabağda yaşayan ermənilərin könüllü olaraq Azərbaycanı tərk etmələrinin, Ermənistana və istədikləri şəhərlərə daşınmalarınının əsl səbəbəlrini bilsələr belə, «Qarabağ ermənilərinin hüquqlarını qoruduqlarını» « humanitar böhranı» bəhanə gətirərək rəsmi İrəvana vədlər verən ABŞ və Qərbin Ermənistana hərbi yardımlarını artırmaları bölgədə narahatlığı daha da artırır. Regiona sahiblənmək üçün Ermənistanın bivec rəhbərliyindən istifadə edən, Qərbin ayırdığı 10 milyon avronun , ABŞ-ın vəd etdiyi 65 milyon dolların qüdrətli Azərbaycan üçün təhlükə olmadığını rəsmi İrəvan da, elə havadarları da yaxşı bilirlər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan antiterror tədbirləri nəticəsində öz suverenliyini təmin etdi. «Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın» söyləyən Prezident İlham Əliyevin bu xəbərdarlığı erməni revanşistlərinə dərs olmadı. « Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» söyləyən, «Biz birlikdə güclüyük!» çağırışı ilə birlik və həmrəyliyimizin sarsılmazlığını, «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır» sözlərinin müqəddəsliyini qətiyyəti ilə bildirən Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasətin alternativinin olmadığını zaman da təsdiqlədi. Müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah- sursat, hərbi avadanlıqlarla təminatını başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında məqsədinə nail oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, Şuşa hərbi güclə işğaldan azad olundu. Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı təslimçilik aktı Azərbaycanın gücünü, xalqımızın birliyini göstərdi. Bakıda keçirilən «Dəmir yumruq» Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur. «Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir» sözləri ilə xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.
XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin dağıdılması idi. Paytaxtımızda təşkil olunmuş Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü, düşmənin məğlubiyyətini göstərir. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq. Azərbaycanın hərbi, diplomatiya sahəsində əldə etdiyi uğurlar, yeni formalaşan komanda birlikləri ən müasir döyüş texnikası, avadanlıqlarla təmin edilib. Ermənistan «Fərrux», «Sarıbaba-Qırxqız»”, «Qisas»” əməliyyatlarını unutmamalıdır. Çünki həmin günlərdə də havadarlarından dəstək alan Ermənistan həmişəki kimi məhvə məhkum oldu. Azərbaycana qarşı təhdidlərin, ənənəvi mənbələrdən gələn mənfi münasibətlərin davam etməsi, Ermənistanı silahlandırma cəhdlərinin məqsədi region dövlətlərini, xüsusilə Azərbaycanı təzyiq altında saxlamaqdır. ABŞ-ın Qərbin, xüsusilə Fransanın sanfəşanlığının səbəbi özlərinin xəyal belə etmədikləri yalanı ermənilərə sırımaq, hayları Qarabağı qaytarmaq illüziyalarına inandırmaqdır.
«Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səyləri artırıb. Bəyannamədə qeyd olunan «Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər» bəndinə uyğun Azərbaycanda və qardaş ölkənin müxtəlif şəhərlərində təşkil edilən müxtəlif istiqamətli hərbi təlim-məşqlər türk birliyinin ifadəsi olmaqla müdafiə qüdrətimizin daha da möhkəmlənməsinə stimul yaradır. Ölkəmizdə Türkiyənin dünyaca məşhur müdafiə sənayesinin bayraqdarı olan «Bayraktar»”ın mərkəzinin yaradılması, ortaq silahların istehsalı” ilə bağlı razılıqlar Silahlı Qüvvələrimizin döyüş hazırlığını, ən müasir texnikalarla təminatını daha da gücləndirəcək. Qardaş ölkənin müdafiə sənayesi üzrə dünyada qazandığı uğurları «Qızılalma»” havada, «Altay»” və «Togg»” quruda, «Anadolu»” dənizdə… Bugünkü Türkiyə budur» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu müdrik kəlamı iki ölkənin hərbi qüdrətinin, birlik və həmrəyliyinin sarsılmazlıq nümunəsidir.
Bu günlərdə Qazaxıstanda Mərkəzi Asiya ölkələri hərbi qüvvələrinin iştirakı ilə keçirilən «Birləşdik -2024» regional beynəlxalq birgə hərbi-təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabilərinin təmsil olunmaları müdafiə qüdrətimizin artan gücünün ifadəsidir.
Prezident İlham Əliyevin bu günlərdə dövlət müstəqilliyimizi ilk tanıyan, Vətən müharibəsinin davam etdiyi 44 gündə Türkiyə ilə birlikdə Azərbaycanın yanında olan Pakistana dövlət səfəri çərçivəsində keçirilən görüşlər, dövlət başçımızın səmada İslamabadın qırıcı təyyərələri ilə müşahidə olunması təsadüf hallarda rast gəlinən səmimi münasibətlərin təzahürü olmaqla hərbi sahədə möhkəmlənən əməkdaşlığımızın da nümunəsi idi. İki və çoxtərəfli səviyyələrdə keçirilən beynəlxalq görüşlərdə eyni mövqe nümayiş etdirən hər iki dövlət arasındakı diplomatik, müdafiə sahəsində uğurla davam edən münasibətlər, səfər çərçivəsində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsinin təşkili müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın təzahürüdür.
Azərbaycan-Türkiyə-Pakistan arasında güclənən əlaqələr regional güc birliyini şərtləndirən əməkdaşlıq mexanizmi kimi böyük əhəmiyyət daşıyır. Səfər zamanı «Üç qardaş» ” şüarı altında üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin davamlı olması təklifi hərbi-siyasi sahədə əlaqələrin uğurlu gələcəyinə inamı artırır.
«Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq» söyləyən Ali Baş Komandan İlham Əliyev bildirir ki, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik: «Ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək ki, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion”» maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.» Həmişə sülh tərəfdarı olan Azərbaycan heç vaxt müharibə istəməyib. Amma düşmənə arxa da çevirməyib. Ölüm-dirim savaşında xalqımızın nəyə qadir olduğunu həmıdan çox erməni daşnakları bilir. Beləki, «gələnin görəcəyi də var» hikmətini ABŞ-da , Qərb-də, başqalarının quyruqlarında dolanan Ermənistan da unutmamalıdır.
Xuraman İsmayılqızı, «İki sahil»