Cəmiyyət 

Qonur monilioz çürümə xəstəliyinə qarşı necə mübarizə aparmaq olar?

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinib.

Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, bir çox ölkələrin tənzimlənən zərərli orqanizmlər siyahısında yer alan Qonur monilioz çürümə xəstəliyi göbələk mənşəli olub, əsasən gilas, şaftalı, nektarin, ərik, alça, gavalı, alma, armud, heyva kimi tumlu-çəyirdəkli meyvə bitkilərində rast gəlinir. Patogen qış aylarını sirayətlənmiş bitki hissələrində, mumiyalaşmış və ağacdan asılı halda qalan meyvələrdə keçirir. Xəstəliyin inkişafı meyvənin sortundan, bağın əkin sxemindən, aparılan aqrotexniki tədbirlərdən, ən əsası da hava şəraitindən asılı olaraq dəyişir. Mülayim gündüz temperaturu (20-25 °C) və sərin gecələri olan rütubətli və ya yağışlı havalarda çiçəklərin zərər görməsi güclənir. Yetkin meyvələrin çürüməsi yüksək rütubət və yüksək temperaturda sürətlə davam edir. Yarpaqlar və tumurcuqlar da sirayətlənməyə məruz qalır. Xəstəliyin bitki üzərində təsirləri çiçək və budaqlarda yanıqlıq, meyvələrdə aşkar çürümə və budaqda xərçəng kimi əlamətlər yaradır.

Xəstəlik sahədə yağış, külək və həşəratlar vasitəsilə, beynəlxalq ticarətdə isə tumlu-çəyirdəkli meyvə bitkilərinin əkin materialı və meyvələri vasitəsilə yayılır. Saxlama anbarlarında xəstəliyin sirayətlənmiş meyvələr və qablaşdırma materiallarından asanlıqla digər sağlam meyvələrə keçməsi mümkündür.

Xəstəliyin daha geniş ərazilərə yayılmaması, xəstəlik ocaqlarının məhdudlaşdırılması və mümkün məhsul itkisinin qarşısının alınması məqsədilə bir sıra fitosanitar tədbirlərin aparılması vacibdir.

Profilaktiki tədbirlər

Qonur monilioz çürümə xəstəliyi ilə sirayətlənmiş sahələrdə və ətrafında 5-7 kilometr radiusdakı ərazidə arı pətəkləri yerləşdirilməməli, bağlarda yarpaqlar töküləndən sonra asılı halda qalan mumiyalaşmış və yerə tökülmüş meyvələr yığılaraq digər bitki qalıqları ilə birlikdə sahədən çıxarılaraq ekoloji təhlükəsizlik qaydaları gözlənilməklə yandırılmalı, təsərrüfat işləri zamanı istifadə edilən bütün avadanlıqlar, alətlər, qablaşdırma vasitələri və bu sahədə istehsal edilmiş meyvənin saxlandığı anbarlar hərtərəfli təmizlənməli və dezinfeksiya edilməlidir. Xəstəlik rast gəlinən bağlarda istifadə edilən texnika və alətlər təmizlənərək dezinfeksiya edildikdən sonra digər sahələrdə istifadə edilə bilər. Məhsul yığımı və meyvələrin saxlanılması zamanı isə mexaniki zədələnmələrin qarşısı alınmalıdır.

Aqrotexniki tədbirlər çərçivəsində cərgələrarası havalandırmanı təmin etmək məqsədilə budama işləri aparılmalı, alaq bitkiləri ilə mübarizə ön planda saxlanılmalı, yazda bitkilər çiçək açdıqdan sonra sirayətlənmiş zoğlar 20-30 santimetr aşağıdan kəsilərək məhv edilməlidir. Əlavə olaraq məhsul yığımından bir ay əvvəl bitkilər üzərində müşahidələr aparılaraq sirayətlənmə əlamətləri müşahidə edilən meyvələr ağaclardan kənarlaşdırılaraq məhv olunmalıdır. Meyvələrin kənarlaşdırılması, budama işləri səhər saatlarında, küləksiz hava şəraitində həyata keçirilməlidir.

Kimyəvi mübarizə tədbirləri

Bitkinin inkişaf dövründə yerüstü hissəsini əhatə edəcək şəkildə tətbiq və təhlükəsizlik qaydaları gözlənilməklə müvafiq preparatla işləmələr aparılmalıdır.

Yadda saxlamaq lazımdır ki, vaxtında aparılan mübarizə tədbirləri xəstəliyin yayılmasının, məhsul itkisinin qarşısını almaqla yanaşı ixracla bağlı məhdudiyyətlərdən qorunmağa kömək edəcəkdir.

Qeyd edək ki, qonur monilioz çürümə xəstəliyi aşkarlanmış təsərrüfatlarda bitki mühafizə tədbirlərinin görülməsi ilə əlaqədar respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən qərarlar qəbul edilib və aidiyyəti qurumlarla birlikdə müəyyən edilmiş zəruri mübarizə tədbirlərinin həyata keçirilməsi təmin olunur.

Daha çox xəbərlər