İsti havalarla arı sancmalarına daha tez-tez rast gəlinir.
Arı sancması zamanı çox vaxt tibbi müdaxiləyə ehtiyac qalmasa da, arı sancmasına qarşı allergiyası olan və ya bir neçə arı tərəfindən sancma nəticəsində şəxslər xoşagəlməz hallarla qarşılaşa bilərlər. Əlamətlər şəxsin orqanizminə görə yüngül və ya ağır olur. Arı sancmasına qarşı allergiya olmazsa və bir neçə arı şəxsi sancmazsa əlamətlər yüngül ağrı, qaşıntı və sancılan nahiyədə isinmə hiss edilir.
Baş verən ağrılar sancma sayına, arının iynəsinin uzunluğuna, arının növünə görə dəyişə bilər. Bal arıları adamı sancdıqdan sonra ölür, amma vəhşi arı bir neçə dəfə sancır.
Arı sancması zamanı ilk yardım tez edilərsə, ağrı daha az, sağalma isə daha sürətli olar. Belə ki, ilk olaraq 30 saniyə içərisində arının iynəsini çıxarmaq lazımdır. İynənin sıxılaraq çıxarılması kisəyi partladıb daha çox zəhərin bədənə yayılmasına səbəb ola bilər. Buna görə də son dərəcə ehtiyatlı olmaq lazımdır. Daha sonra arının sancdığı yer soyuq su və sabunla yuyulmalıdır. Soyuq su rahatlamağa, sabunla yumaq isə çirki və zəhəri oradan təmizləməyə kömək olur. Ağrının qarşısını almaq üçün sözügedən nahiyəyə buz qoyulması əsas şərtlərdən biridir. Buz zəhərin bədəndən sovrulmasında da xüsusi rol oynayır. Buzu birbaşa nahiyəyə qoymaq isə həkimlər tərəfindən məsləhət edilmir. Yanmaya səbəb ola biləcəyini deyən həkimlər buzun nazik parçaya bükülərək sancılan yerə qoyulmasını tövsiyə edirlər.
Arının sancdığı yerdə 1-3 saat şiddətli ağrılar, 7 günə qədər şişkinlik və qızarıqlıq ola bilər. Qaşıntının qarşısını almaq üçün isə mütləq həkim məsləhəti ilə dərman qəbul etmək lazımdır.
Arı sancması zamanı əlamətlər yüngül olsa belə yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur.
Arı sancması zamanı allergik reaksiyalar müşahidə olunursa, tənəffüs darlığı, boğulma, səs tutulması, udma çətinləşməsi, narahatlıq və taqətin olmaması müşahidə edilərsə mütləq təcili tibbi yardım çağırmaq və peşəkar tibbi yardım almaq məsləhət görülür.