Cəmiyyət 

“Özümüz gətirdiyimiz üçün qiymətlər də münasibdir” – “Kənddən şəhərə” Yeni il yarmarkasından REPORTAJ VİDEO

Dekabrın 21-i səhər saatlarında Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” Yeni il yarmarkası açılıb. Həftəsonu, səhər saatları və havanın yağıntılı olmasına baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. On gün davam edəcək yarmarkada 30 regiondan 100-ə yaxın fermer müxtəlif çeşiddə 100-dən artıq müxtəlif kənd təsərrüfatı məhsullarının satışını həyata keçirir.

AZƏRTAC-ın əməkdaşları yarmarkada olub və alış-satış prosesini yaxından izləyiblər.

Bakının Türkan kəndindən yarmarkada satmaq üçün göyərti gətirən Ələsgər Əliyev deyir ki, səhər saatları olmasına baxmayaraq, alıcıların çoxluğundan razıdır: “Göyərtiyə tələbat qış aylarında daha çox olur. Öz həyətimdə əkib-becərdiyim göyərtiləri satıram. Yaradılan şəraitdən çox razıyam. Qiymətlərə gəldikdə, göyərtinin 7 dəstəsini 1 manata satıram. Dəstəsi 14 qəpiyə düşür. Güzəşt də edirik”.

Yarmarkada ilk dəfə iştirak edən Nəriman Qafarov isə Qubadan gətirdiyi alma və heyva satır. O da məhsullarının satışı üçün yaradılan şəraitdən razıdır. “Alıcılıq ilk gün üçün yaxşıdır, çox razıyıq. Yerli məhsul olduğu üçün ən çox alma satılır. Özümüz gətirdiyimiz üçün bazara nisbətən münasib qiymətlərdir. Alma 70 qəpik – 1 manat, “Qızıləhmədi” 1 manat 90 qəpiyə, yəni, növünə görə qiymətlər dəyişir. Gələn alıcılar da qiymətlərdən razıdırlar”, – deyə bildirir.

Yeni il süfrələrinin olmazsa-olmazı olan turşu, kompot və mürəbbələr hazırlayan fermer Rəftarə Şükürova isə Lənkəran rayonundan gəlib və illərdir ki, yarmarkada iştirak edir: “Cem, mürəbbə, turşu, kompotlar hər bir azərbaycanlının bayram süfrəsini bəzəyir. Ümid edirəm ki, alıcılar məhsullarımızın dadından razıdırlar. 8 çeşiddə mürəbbə, 10-dan çox çeşiddə turşu, 2 cür kompot gətirmişik. Məhsulu çox sayda götürəndə endirim də edirik. Qiymətlər onsuz da yaxşıdır. Bu ilk gün olmasına baxmayaraq, satış pis deyil”.

Yarmarkada sitrus meyvələri və tərəvəzlərin qiymətlərindən razı olan alıcı Səadət Həsənova da təəssüratlarını bizimlə bölüşüb. O, yarmarkanın açılışını səbirsizliklə gözləyirmiş: “Bayram və gündəlik bazarlığımızı hər həftəsonu buradan edirik. Qiymətlər də münasibdir, cibimizə uyğundur. Bazardan, marketlərdən ucuzdur. Göyərtinin, kökün qiymətində fərq hiss olunur. Bəzi aldığım məhsullarda 1 manat, 50 qəpik fərq edir”.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə AZƏRTAC-a açıqlamasında bildirib ki, 10 gün davam edəcək yarmarka saat 09:00-dan 19:00-a kimi alıcılar üçün açıq olacaq. O vurğulayıb ki, satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. E.Məhəmmədəlizadə əlavə edib ki, yarmarkada səyyar qida laboratoriyası da fəaliyyət göstərir.

“Əgər vətəndaşların aldığı məhsulla bağlı hər hansı sual və narazılıq yaranarsa, laboratoriyaya yaxınlaşıb məhsullardan analiz verə bilər.

Yeri gəlmişkən, yarmarkada bütün xidmətlər fermerlər üçün pulsuzdur. Onlara piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlar verilir.

Yarmarkada məhsulların qiyməti fermerlərin özü tərəfindən müəyyənləşdirilir.

“Özümüz gətirdiyimiz üçün qiymətlər də münasibdir” - “Kənddən şəhərə” Yeni il yarmarkasından REPORTAJ VİDEO

Daha çox xəbərlər