Gündəm 

“Paşinyan Qərbin gözünə kül üfürür” – Rusiya hərbçiləri Ermənistanı tamamilə tərk etməyəcəklər?

Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda Qərbin dəstəyi ilə hakimiyyətə gələndən sonra Rusiya ilə münasibətləri mümkün qədər azaltmağı, daha dəqiq desək, Moskvanın ayağını İrəvandan kəsməyi prioritet hədəf kimi qarşısına qoyması sirr deyil. Düzdür, Rusiya bu addımlara qarşı quru bəyanatlarla kifayətlənsə də, adekvat tədbir görə biləcəyini də istisna etməyib. Əbəs deyil ki, Paşinyanın anti-Rusiya siyasətini xəyanət adlandıran Moskvanın ölçü götürməməsi, yəni Rusiyanın səssizliyi Paşinyanı hər dəfə bir az da ilhamlandırıb və bunun birinci praktiki nəticəsi Avropa İttifaqı, Fransa və Amerika Birləşmiş Ştatlarının timsalında Qərbin Ermənistanda peyda olması, ikinci isə ötən gün Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından yola salınması ilə özünü büruzə verdi.

Təbii ki, bu, Ermənistan tarixində Rusiya asılılığından çıxmaq yolunda önəmli addım, tarixi qərar kimi qiymətləndirilib. Belə ki, Avropa İttifaqının müşahidəçi missiya altında Ermənistana daxil olması, Fransanın Ermənistanı hücum silahları ilə təmin etməsi, Birləşmiş Ştatların Ermənistan ordusunu inkişaf etdirməyə istiqamətlənən hərbi təlimlər fonunda 32 ildir rusların nəzarət etdiyi aeroporta artıq yalnız erməni sərhədçilərin nəzarət etməsi Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın Ermənistana naəlac güzəşt təsiri bağışlasa da, Kremlin xəbərdarlığı da özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktorunun müavini Andrey Nastasyin bildirib ki, Qərb regionda sabitliyi pozmaq, Ermənistanı başqa bir gərginlik ocağına, hətta Rusiya sərhədləri yaxınlığında ikinci cəbhəyə çevirmək istəyir. Təbii ki, bu, yolverilməzdir.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi analitik Elxan Şahinoğlu sözügedən prosesin mümkün nəticələri və gələcək perspektivdə cərəyan edə biləcək potensial məqamlarla bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

– Ermənistan Rusiya hərbçilərini “Zvartnots” hava limanından çıxardı. Bu, birbaşa Rusiyanın şəxsinə yönələn ilk ciddi praktiki addım idi. Moskvanın buna cavabı necə olacaq?

– Ermənistan müstəqilliyini qazandıqda Rusiya ilə sərhədlərin qorunması ilə bağlı saziş imzalamışdı. Bu, ozamankı Ermənistan hökumətinin hiyləgər gedişi idi. Ermənistan 1990-cı illərin əvvəllərində bütün gücünü Azərbaycan torpaqlarının işğalına yönəltmişdi. Bu baxımdan, Ermənistanın İran və Türkiyə ilə sərhədini qorumağa əlavə hərbi gücü yox idi. İrəvan buna görə də sərhədlərinin qorunmasını Rusiyaya həvalə etmişdi. Rusiya bu amildən istifadə edərək Ermənistanı özündən asılı vəziyyətə saldı.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan-Rusiya münasibətlərində sualların sayı artmağa başladı. Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətindən və Azərbaycanın Qarabağda separatizmə son qoymasından sonra Nikol Paşinyan Rusiyadan üz döndərməyə başladı, Amerika Birləşmiş Ştatları və Fransa ilə ittifaqı gücləndirdi. Bundan sonra Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılmasına qərar verildi. Halbuki, həmin hava limanında çox az sayda rusiyalı sərhədçi xidmət edirdi. Ancaq buna baxmayaraq, Nikol Paşinyan Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə xidmətlərinin davamını istəyir.

– Sizcə, bu situasiya ziddiyyətli deyil? Paşinyan, bir tərəfdən, Rusiyadan uzaqlaşmağa çalışır, o biri tərəfdən də Moskva ilə bütün ipləri qopara bilmir.

– Bu, Ermənistanın, sadəcə, kağız üzərində müstəqil dövlət olmasından xəbər verir. Ermənistanın kifayət qədər hərbçisi yoxdur ki, sərhədlərini də qoruya bilsin. Ermənistan ordusunda da vəziyyət eynidir. Hərbçi çatışmazlığı olduğuna görə orduda “Yerkrapa” kimi terrorçu təşkilatların üzvlərindən istifadə olunur. Mövqelərimizi tez-tez hədəf seçənlər də məhz həmin terrorçulardır.

– Bəs Rusiya bunu Ermənistana bağışlayacaq?

– Kreml Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk etməsinin əleyhinə deyil. Bu razılaşma daha əvvəl əldə olunub. Rusiyalı sərhədçilərin bu hava limanında xidməti simvolik xarakter daşıyırdı. Buna baxmayaraq, Nikol Paşinyan hökumətinin tədricən Rusiyadan uzaqlaşmağa çalışması və bölgəyə ABŞ və Fransa kimi dövlətləri gətirməyə çalışması Ermənistana baha başa gələ bilər.

– Rusiyanın başının Ukrayna böhranına qarışdığı üçün yeni cəbhə açmaq istəməməsini də ehtimallar arasına qatmaq olar?

– Təbii ki, Kremlin başı Ukrayna müharibəsinə qarışdığı üçün potensialını da məcburiyyətdən daha çox bu istiqamətdə xərcləyir. Nikol Paşinyan da bundan fürsət olaraq istifadə etməyə çalışır. Amma Rusiya-Ukrayna müharibəsi bitən kimi Kremlin diqqəti yenidən Ermənistana yönələcək, onda isə qonşu ölkə üçün ağır günlər başlayacaq. Çünki Ermənistan hər nə qədər Qərblə yaxınlaşmağa çalışsa da, iqtisadiyyatı Rusiyadan asılıdır. Moskva hər an bu faktordan Ermənistana qarşı istifadə edə bilər.

– Rusiya hərbçilərinin Ermənistanın digər ərazilərindən, ən əsası isə 102-ci hərbi bazasını bağlamaqla Gümrüdən çıxması nə qədər realdır?

– Gümrü ilə bağlı qərar Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirə bilər. Paşinyan isə bu riskə getməz. Onun bu mövcud addımları, sadəcə olaraq, Qərbin gözünə kül üfürməkdir.

– Qərb Ermənistandan Rusiyaya qarşı daha sərt addımlar tələb etsə, onda necə?

– Bəli, Paşinyan hələ ki iki stulda oturmağa çalışır, bir müddətdən sonra bu, ona çətin olacaq. Çünki hər iki qütb – Rusiya və Qərb – ondan seçim etməyi tələb edəcək.

– Paşinyan hansına üstünlük verəcək?

– Bu, Paşinyanın bilavasitə özündən asılı olan məsələ olsaydı, Qərbə üstünlük verərdi, ancaq reallıq ondan ibarətdir ki, Ermənistan ucuz qazı Qərbdən deyil, Rusiyadan alır. Ermənistanın əsas ticarət tərəfdaşı Qərb deyil, Rusiyadır. Paşinyan bu reallıqla hesablaşmaq məcburiyyətindədir.

Daha çox xəbərlər