Siyasət 

Sülh danışıqları BU TARİXDƏ bərpa olunacaq – AÇIQLANDI

Politoloq: “Paşinyan hakimiyyəti təzyiq altındadır, sərbəst və ardıcıl qərarlar verə bilmir”

2024-cü ildə sülh müqaviləsinin imzalanmasına böyük ümidlər bəslənilsə də, bu yöndə müəyyən pozitiv açıqlamalar olsa da, görünən budur ki, ilin sonunadək hansısa sənəd imzalanması inandırıcı deyil. Çünki buna uyğun şərtlər mövcud deyil.

Əlbəttə, səbəb odur ki, Ermənistan xarici təsir dairələrinin boyunduruğundan çıxa bilmir, danışıqlardan yayınır, sülh üçün şərtləri yerinə yetirmir.

Faktiki olaraq bir neçə aydır sülh gündəliyi üzrə nə vasitəçili, nə də vasitəçisiz görüşlər keçirilmir. Başqa sözlə, sülh danışıqları baş tutmur.

Bəs hansı yeni şərtlər ortaya çıxa bilər ki, danışıqlar bərpa olunsun? Moskvanın vasitəçiliyinə Ermənistan hər vəchlə yox deyir, Qərb isə ancaq pozuculuqla məşğuldur. Bu gedişat nə vəd edir? Sonda nə baş verə bilər?

Bəhruz Məhərrəmov: "20 Yanvar qırğını bizi dövlət müstəqilliyinin bərpasına  daha da yaxınlaşdırdı"

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına heç bir əngəlin qalmadığını qeyd etdi: “Ötən ilin sentyabrında antiterror tədbirlərinin ardınca Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yolunda faktiki sonuncu əngəl də aradan qalxdı. Daha konkret desək, Cənubi Qafqazda 30 illik qanlı münaqişənin ardınca Bakı və İrəvan arasında dayanıqlı sülh üçün unikal imkan yarandı. Eyni zamanda Azərbaycanın separatizmə son qoyması, Ermənistanın və havadarlarının regionda təsir rıçaqlarını tamamilə heçə endirməsi ilə yekun sülhə gedən yolda çox ciddi addımlar üçün zəmin yarandı. Belə ki, məhz Azərbaycan Prezidentinin direktivləri əsasında Azərbaycan və Ermənistan arasındakı münasibətlər beynəlxalq gündəlikdən çıxarılaraq iki ölkə arasında məsələyə çevrildi. Bundan başqa, sülh prosesi bu günə qədər vasitəçilik pərdəsi altında münaqişənin dayanıqlılığına xidmət edən subyektlərin inhisarından çıxarılaraq Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar fonunda davam etdirilməyə başladı. Həmçinin cənab İlham Əliyevin qəti mövqeyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi sərhədlərin delimitasiya və demarkasiyası prosesindən ayrılaraq daha effektiv formatda aparılmağa başlandı. Qeyd olunan amillər ötən il dekabrın 7-də, həmçinin bu il aprel ayının 19-u və may ayının 15-də Azərbaycan və Ermənistan arasında real iradə ifadəsi ilə nəticələndi. Ölkələrimiz ilk növbədə qarşılıqlı olaraq xoş niyyətdə bulundular, əsir mübadiləsi həyata keçirildi, habelə Ermənistan silahlı qarşıdurma olmadan, cənab İlham Əliyevin qətiyyəti ilə hesablaşaraq beynəlxalq hüquqla tanınan Azərbaycanın 4 kəndini işğaldan boşaltdı. Təbii ki, bütün bunlar Bakı və İrəvan arasında ən qısa müddətdə sülhün imzalanacağı ilə bağlı real gözləntilər yaratdı. Lakin Münxen Təhlükəsizlik Konfransının dərhal ardınca Fransanın prosesə müdaxiləsi, daha dəqiq desək, Nikol Paşinyanın Parisə dəvət olunması, Azərbaycan və Ermənistan arasında sülhün reallaşmaması üçün Makron tərəfindən ona təzyiqlər göstərilməsi, ardınca Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv davranışlar, habelə Fransa başda olmaqla, bir sıra Qərb imperialist subyektlərinin Ermənistanı açıq formada silahlandırması regionda sülh ümidlərini yenidən dalana dirədi. Bu gün əminliklə demək olar ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin qarşısında heç bir obyektiv əngəl qalmayıb. Yalnız Qərb imperializmi, o cümlədən Fransa, ABŞ, Avropa İttifaqı regionda münaqişələrin davamlılığını arzu edərək Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması qarşısında əsas maneə kimi çıxış etməkdədir. Bakı müharibə yolu ilə əldə edə biləcəyi bütün nəticələrə hərbi-siyasi yolla nail olub, bu gün regionda əməliyyat şəraitinə məhz Azərbaycan Respublikası nəzarət edir. Eyni zamanda Azərbaycanın heç bir qonşusu, o cümlədən Ermənistana qarşı hər hansı ərazi iddiası mövcud deyil. Lakin Ermənistan konstitusiyasında rəsmən Azərbaycana və digər qonşulara münasibətdə ərazi iddiaları təsbit olunub və bu da Bakı və İrəvan arasında mümkün sülh müqaviləsini konstitusiyaya zidd olması fonunda etibarsızlaşdırır. Sirr deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan özü də dəfələrlə mövcud konstitusiyadan narazılığını ifadə edərək Ermənistanın konstitusion islahatlara getməsinin zərurətini dilə gətirib. Lakin Qərb imperializmi, xüsusən Fransa və ABŞ Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinə hüquqi maneə qismində çıxış edən bu konstitusion normalara özlərinin imperialist niyyətləri naminə ümid yeri kimi baxır və İrəvana konstitusion islahatlar keçirilməsinə imkan verilmir. Bundan başqa, Qərb dairələri Ermənistanda revanşist ideologiyanın daha da körüklənməsi, bu ölkənin yenidən işğala təşviq edilməsi, habelə qeyd edilən niyyətlərlə Ermənistanın silahlandırılması, hətta bu ölkəyə ayrı-ayrı qoşun növlərinin müəyyən etaplarda yerləşdirilməsi kimi real təcavüzkar addımlar atmaqdadır. Bütün bunlar, təbii ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakı və İrəvan arasında başlanmış sülh təşəbbüsləri üçün ciddi zərbəyə çevrilir və Ermənistanın özü üçün əslində təhdid qismində çıxış etməyə başlayır. Bu gün Azərbaycan Respublikasının şərtləri kifayət qədər aydındır, biz regionda dayanıqlı sülh arzu edirik və İrəvanla imzalanacaq sülh müqaviləsi hər hansı formada kiminsə iradəsindən asılı vəziyyətdə qalmamalı, yaxud hüquqi anlamda sual yaratmamalıdır. Konstitusion islahatları ləngitməklə, habelə Qərbin təşviqi ilə sürətlə silahlanmaqla Ermənistan göstərir ki, əslində bu ölkə hələ də reallıqlarla barışmayıb və ilk imkanda işğal dövrünün təcavüzkar status-kvosunun bərpasına çalışacaq. Təbii ki, Azərbaycan müharibə arzu etmir, lakin cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan xalqının və dövlətinin maraq və mənafelərinə hər hansı təhdid yaranarsa, həmin təhdid harada yerləşməsindən asılı olmayaraq aradan qaldırılacaq”.

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın sülh prosesi ilə bağlı mövqeyinin hər zaman olduğu kimi, indi də tam aydın olduğunu vurğuladı: “İkinci Qarabağ müharibəsindən 4 il vaxt keçib. Həmin dövrdən etibarən Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması ilə müxtəlif formatlarda və səviyyələrdə görüşlər keçirilsə də, pozitiv bəyanatlar səsləndirilsə də yekun nəticə əldə olunmayıb. Ermənistanın sülh prosesini yubatması, hər dəfə müxtəlif bəhanələr gətirməsi onun məkrli məqsədlərindən xəbər verir. Ermənilər üzdə özünü sülhpərvər və kompramislərə meylli göstərməsinə baxmayaraq, reallıqda nizamlanma prosesini pozmaqla məşğuldur. Sonuncu dəfə Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevlə görüşdən qaçması İrəvanın sülhlə bağlı bəyanatının qeyri-ciddiliyini və həqiqətə söykəndiyini bir daha təsdiqlədi. Azərbaycanın sülh prosesi ilə bağlı mövqeyi aydın və məlumdur. Rəsmi Bakı ən yüksək səviyyədə sülh gündəliyinə sadiq olduğunu bəyan edib. Ancaq Ermənistanın sülhlə bağlı təsəvvürləri hələ də aydın deyil. İrəvanın dəqiq nə istədiyi bilinmir. Hər dəfə müxtəlif şərtlər irəli sürür və müxtəlif bəhanələr gətirir. Problem ondan ibarətdir ki, Ermənistana daxili faktorların ciddi təsiri var. Paşinyan hakimiyyəti təzyiq altındadır, sərbəst və ardıcıl qərarlar verə bilmir. Ermənistanın vasitəsilə Qərb regionda yeni ayırıcı xətlərə rəvac verir, yeni gərginlik və münaqişə ocağı yaradır. Ermənistanın Qərb tərəfindən intensiv şəkildə silahlandırılması, ona hərbi siyasi dəstəyin verilməsi Cənubi Qafqazı ciddi risk yaradır. Kiçik bir bölgəyə NATO silahlarının kütləvi tədarükü və hansısa formada hərbi blokun yerləşdirilməsi regionu özünün nüfuz dairəsi hesab edən Rusiya ilə qarşıdurmaya sövq edə bilər ki, bunun da ciddi fəsadları dağıdıcı olar. Ermənistan bunu anlamaq istəmədən Qərbin diqtəsi ilə hərəkət edir. Məncə, Cənubi Qafqaza NATO-nu gətirməklə təhlükəsizlik və sülh əldə etmək mümkün deyil, əksinə, mənfi effekt verər, necə ki, bunun artıq işartıları görünür. Zənnimcə, Rusiya hakim elitasında da Cənubi Qafqaza baxışlar ziddiyyətlidir. İmperiyapərəst qüvvələr Ermənistanla Azərbaycan arasında normal anlaşmaya maneçilik törədir, revanşistləri həvəsləndirir. Qərbin və Rusiyadakı bəzi dairələrin Ermənistanı hər cür dəstəkləməsi İrəvanı sürətləndirir və bu da sülh prosesinin pozulmasına gətirib çıxarır. Ermənistanı yeni iddialara salır. Fikrimcə, sülhə tez nail olmaq üçün İrəvana Moskvanın, Ankaranın və Bakının təzyiqləri artırılmalıdır. Qəti addımlar atılmalıdır. Əks halda, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğu kimi sonsuzadək sülh prosesi də davam edə bilər. İlin sonunadək təəssüf ki, hətta ABŞ və Rusiyanın sülh prosesini təşviq etməklə və dəstəkləməklə bağlı fəaliyyətinin də səmərə verməyəcəyi düşüncəsindəyəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər