Erməni revanşistlər yenidən AKTİVLƏŞDİLƏR – Azərbaycana qarşı bunu edəcəklər…
Revanşist qüvvələrin şouları aktivləşməkdə, yenidən teatral mitinqlərə dair anonslar verməkdədir
Fransanın Ermənistandakı səfiri Olivier Dekotini yenidən anti-Azərbaycan mövqeyi ilə fərqlənib, Qarabağı könüllü tərk etmiş ermənilərin “geri qayıtmaq hüququnu” xatırladıb. O, sosial şəbəkə hesabında yazıb: “Gəlin öz torpaqlarından qovulmuş, qayıtmaq hüququ Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiq edilmiş Dağlıq Qarabağ ermənilərini unutmayaq”.
“Ermənistanın səsi” isə yada salır ki, bir ay əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani də ermənilərin könüllü qayıtması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib və qeyd edib ki, “bunun üçün dialoq və danışıqlar lazımdır”. Erməni saytı ABŞ Dövlət Departamentinin, xüsusilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın (o, avqustun 31-də vəzifəsini tərk edib) mövqeyini yada salıb.
Xatırladaq ki, Bakının etirazına səbəb olan mövqeyində Klaar Qarabağ ermənilərinin qaytarılmasını regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirib.
“Mən gözləyirəm ki, Bakı ilə Qarabağ erməniləri arasında onların öz bölgələrinə təhlükəsiz və ləyaqətlə qayıtmaları üçün birbaşa danışıqlar aparılacaq. Azərbaycanın bununla bağlı öhdəlikləri var, mənə elə gəlir ki, bunu inkar etmir. Qayıdış üçün parametrlər və şərtlər inklüziv və qarşılıqlı hörmətə əsaslanan dialoq vasitəsilə tapılmalı və razılaşdırılmalıdır”, – Klaar bildirib.
Marina Qriqoryan “Ermənistanın səsi”nə deyib ki, əslində Klaar və onun vasitəsilə Avropa İttifaqı “artsax ermənilərini beynəlxalq himayə altında aparılan danışıqlar prosesində təşkilatlanmağa və hüquqlarını müdafiə etməyə dəvət edir. O, Bakı ilə dialoqa razılaşmağı və geri qayıtmaq üçün öz şərtlərini irəli sürməyi təklif edir”. Ermənilər ATƏT-in Minsk Qrupunun quyruğundan da buraxmaq istəmirlər və düşünürlər ki, onilliklər ərzində Qarabağ münaqişəsinə təsirlərin saxlayan vasitəçilər indi niyə bu “silahdan” əl çəkməlidirlər. “Əliyevin israrlı tələblərinə baxmayaraq, ATƏT-in Minsk Qrupunu buraxmaqdan səssizcə imtina etməsi keçmiş vasitəçi həmsədrlərin bu “cilovları” tamamilə buraxmaq istəmədiyini açıq şəkildə göstərir”, – deyə Marina Qriqoryan bildirib.
Bəs ermənilərin hələ də Qarabağa qayıdış havasında olmasına səbəb nədir? “Beynəlxalq himayə altında danışıqlar” dedikdə hansı formatı nəzərdə tuturlar?
Elçin Mirzəbəyli
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, əgər Ermənistan özünü müstəqil hüququn subyekti hesab edirsə, o zaman bütün məsələlərlə bağlı Azərbaycanla müzakirələr aparmalıdır: “İstər Azərbaycanın suveren ərazilərinə aid olan məsələlər, istərsə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlər bəzi ölkələrin və onların marionet təşkilatlarının təmsilçilərinin söylədikləri havaya üfürülən sabun köpüklərindən başqa bir şey deyil və heç bir perspektivi yoxdur. Azərbaycan ərazilərində yaşayan ermənilərin ən azı yarısı Azərbaycan dövlətinə və xalqına qarşı ağır müharibə cinayətləri törətmiş şəxslərdir və onların işğal rejiminin, hərbi xuntanın cinayətkar əməllərində iştirakı heç bir şübhə doğurmur. Digər tərəfdən, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək öz ərazi bütövlüyünü və suverenliyini təmin edib, işğala, təcavüzə və müharibə cinayətlərinin, digər cinayətkar əməllərin davam etdirilməsinə son qoyub və bu proses tamamilə başa çatıb, geriyə qayıdış imkanı yoxdur.
Bununla yanaşı, unutmaq lazım deyil ki, Ermənistan Sovet Sosialist Respublikasının hüquqi varisi olan Ermənistan Respublikası öz tarixi vətənlərindən zorla qovulan 300 minə yaxın azərbaycanlının geriyə qayıdışı üçün məsuliyyət daşıyır və Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərdən öncə azərbaycanlıların indiki Ermənistan Respublikasının ərazisinə ləyaqətli qayıdışı, həmçinin bu illər ərzində pozulmuş hüquqlarının bərpası təmin olunmalıdır. Bu tələb yerinə yetirilmədən ermənilərin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə qayıdışı mümkün deyil. Proses tarixi və hüquqi ardıcıllıqla həyata keçirilə bilər.
Bununla yanaşı, bir məsələni də nəzərə almaq lazımdır ki, ermənilər həm ötən əsrin əvvəllərində, həm də sonlarından başlayaraq, Azərbaycan xalqına qarşı bəşər tarixinin ən ağır cinayətlərini törədiblər və mütləq əksəriyyətinin qatı millətçiliklə zəhərlənmiş beyinlərində sivil düşüncəyə transformasiya prosesinin baş verəcəyi inandırıcı deyil. Hər halda, buna ölkəmizdə Qərbin muzdlu nüfuz müvəkkillərindən, xroniki satqınlardan başqa kiminsə inanmağa çalışdığını, yaxud inandığını imitasiya etdiyini düşünmürəm. Bizim Ermənistanla və yaxud hansısa mücərrəd qrupla “beynəlxalq himayə altında” hər hansı bir müzakirə aparmağımız üçün heç bir hüquqi əsas yoxdur. Əgər Ermənistan özünü müstəqil hüququn subyekti hesab edirsə, o zaman bütün məsələlərlə bağlı Azərbaycanla müzakirələr aparmalıdır. Yox, əgər Ermənistan özünü dövlət hesab etmirsə, o zaman bunu açıq şəkildə bəyan etməli və kimin protektaratlığında olduğunu açıq şəkildə bildirməlidir ki, onunla müzakirə aparmaq mümkün olsun. Avropa İttifaqının təmsilçisinin də, Fransanın Ermənistandakı səfirinin də söylədiklərinin arxasında hüquqi məsələlərin deyil, geosiyasi təzyiq elementlərinin dayandığı gün kimi aydındır. Bu baxımdan, illərlə Azərbaycan ərazilərinin işğalına göz yumanlar, işğalçıya dəstək verənlər cinayətkarların “ləyaqəti”ndən danışmaqdansa, 30 ilə yaxın ən böyük ləyaqətsizliyə yol verdiklərini anlamaları daha yaxşı olardı. Hərçənd ki, ləyaqətsizin həqiqəti anlaması ilə bağlı presidentlə qarşılaşmamışam”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Ermənistanın sülh danışıqlarını uzatmaq və sülh müqaviləsini Azərbaycanın irəli sürdüyü şərtləri altında imzalamaqdan boyun qaçırmaq üçün gündəmə gətirdiyi məsələlərdən biri “beynəlxalq təminat” məsələsidir: “2023-cü ilin 19-20 sentyabr tarixindəki 1 günlük antiterror tədbirindən öncə də bu məsələ gündəmdə idi. O vaxt hələ Qarabağda qalmaqda davam edən ermənilərin Azərbaycanın tərkibində sülh və təhlükəsizlik içərisində yaşaması üçün “beynəlxalq təminat”, yəni beynəlxalq sülhməramlılar və müşahidəçilər ordusunun ölkəmizə gətirilməsi istənirdi. Lakin təbii ki, vəziyyəti diktə edən tərəf Ermənistan deyil ki, onların da istəkləri əsasında bölgəsəl siyasət şəkillənsin. Ermənistan, sadəcə olaraq, Cənubi Qafqaz siyasətində öz payını ala bilməyən böyük güclərin alətidir və hazırda bu güclərin dəstəyi ilə Ermənistanda revanşist qüvvələrin şouları aktivləşməkdə, yenidən teatral mitinqlərə dair anonslar verilməkdədir. Odur ki, indi gündəmə gətirilən məsələ də bu şounun bir parçası olaraq dəyərləndirilməlidir. Qarabağ ermənilərini geri qaytarmaqda israrlı mövqe təbii olaraq Olivier Dekotini, yaxud Mehdi Sobhani, yaxud Toivo Klaarın, həmçinin onların təmsil etdiyi dövlət və təşkilatların beynəlxalq hüquq çərçivəsində ədalət arayışları deyildir. Ədalət axtaran Avropa 30 il ərzində 1 milyon azərbaycanlı qaçqın üçün də eyni həssaslıq nümayiş etdirməli idi. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizə heç bir xarici qüvvələr yerləşdirilməyəcək. Hətta Rusiya sülhməramlıları belə ölkəmizdən çıxarılıb. Bu, tarixi qələbəmizə bərabər siyasi hadisədir ki, bundan sonra da Azərbaycan öz qələbəsini qorumaq üçün hər şeyi edəcək. Ermənilərin himayədar axtarışı isə heç zaman bitməyəcək, çünki bu, onların mahiyyətindən doğur. Qarabağ erməniləri multikultural, bütün etnik azlıqların mədəni və dini hüquqlarına tam hörmətlə yanaşan Azərbaycanda ölkə vətəndaşlığımızı qəbul etmək və ölkəmizin qanunlarına riayət etməklə sivil qaydada yaşaya bilərlər. Bundan başqa bütün tələb və təbliğatlar, sadəcə olaraq, siyasi mahiyyətlidir və müxtəlif qüvvələrin öz maraqları çərçivəsində qiymətləndirilə bilər. Məsələn, bugünlərdə Ermənistanda Qarabağ ermənilərini toplayaraq 2026-cı il parlament seçkilərinə qatılmağı düşünən Sambel Babayan kimi keçmiş terrorçunun, Xocalı qatilinin bu mövzuda iddiaları da tamamilə ritorikdir. Mahiyyəti Ermənistanda hakimiyyəti ələ keçirməkdir. Fransa və İranın iddiaları isə regional təsir imkanlarını gücləndirmək istəkləri ilə bağlıdır. Bu, sadəcə, Cənubi Qafqazda təsir imkanı əldə etmək istəyən qüvvələrin yeni imkan qazanmaq istəməsi olaraq qiymətləndirilə bilər”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”