Dağların zümrüdü Sərsəng…
Ağdərə rayonu ərazisində inşa edilmiş Sərsəng Su Anbarıdır. Onun ümumi su tutumu 560 min kubmetr, dəryaçanın dərinliyi isə 125 metrdir. Bu anbar respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Ağdərə, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Yalnız Sərsəng Su Anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna ciddi zərər vurmuşdu. Hazırda su anbarına və onun qurğularına işğal altında qaldığı 28 ildən artıq müddətdə texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətinə düşmüşdü. Bu səbəbdən Sərsəng su anbarı ondan aşağı ərazilərdə yerləşən əhali üçün ciddi təhlükə yaradırdı. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır.
1992-ci ilin yazında ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla Tərtər–Kəlbəcər avtomobil yolunu kəsib. 19 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Sərsəngdə Azərbaycan Bayrağını qaldırmışdır.
Zəngin su ehtiyatlarına malik Sərsəng Su Anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub. Xatırladaq ki, suyun azalması səbəbindən səthi də getdikcə çəkilirdi. İşğal illərində suyun səthi o qədər çəkilmişdi ki, dəryaçada yaşayan balıqların və digər su heyvanlarının həyatı təhlükə ilə üz-üzə qalmışdı. Bununla bərabər, işğalçı erməni quldur dəstələri vəhşi kimi davranaraq dəryaçanın ekologiyasını həddindən artıq çirkləndirmişdilər. Onlar əllərinə gələn bütün məişət tullantılarını buraya tökürdülər.
Rəsmi mənbədən bildirilib ki, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir. Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng Su Anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng Su Anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir. Hələ əlli beş il əvvəl bunun əhəmiyyətini görən Ümummilli Liderimiz Heydər Əliyev dəryaçanın yaradılması üçün lazımi tədbirlər müəyyənləşdirərək həyata keçirmişdi. Nəticədə altı rayonun əkin-biçin sahələri, təsərrüfatları susuzluqdan xilas olmuşdu. Tərtər, Ağcabədi, Ağdam, Goranboy, Naftalan, Ağdərə rayonlarında məhsul bolluğu yaranmışdı. Həyətyanı sahələr də məhsuldar olmuşdu. Hər il min tonlarla meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsal edilirdi. Lakin Ermənistan qoşunları ərazilərimizi quldurcasına işğal edəndən sonra bu rayonların təsərrüfatlarında vəziyyət dəyişdi. Su qıtlığı yarandı, hər il minbir zəhmətlə əkilib becərilən pambıq, taxıl, arpa, soya, qarğıdalı, yonca sahələri yanıb külə döndü. Hətta şəxsi həyətlərdəki çoxillik meyvə ağacları belə qurudu. Nəticədə iyirmi səkkiz il müddətində dövlətə və əhaliyə yüz milyonlarla manat ziyan dəydi. Nəhayət, 2020-ci ilin noyabrında və 2023-cü ilin sentyabrında Müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan qovub çıxardı. Müvafiq tədbirlər nəticəsində suyu qurumuş, baxımsız vəziyyətdə qalmış Sərsəng Su Anbarı artıq təmir edilərək abadlaşdırılmış və suyun normal həcmə çatdırılması təmin edilmişdir. Artıq murdarlıqdan təmizlənmiş anbarın suyu şəffaflaşıb. Həm də dağların qoynunda yenidən göz oxşayan gözəl mənzərə yaranıb.
Qeyd edək ki, “Azərkosmos” tərəfindən ölkə ərazisində su resurslarından səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq iqtisadi təhlillər aparılır. Dövlətimiz bu dəryaçanın daim işlək vəziyyətdə olmasını diqqət mərkəzində saxlayır. Doğru deyiblər ki, susuz həyat yoxdur.
Vəli İlyasov, “İki sahil”

