Region Xəbərləri 

Azərbaycanın müstəqillik yolunun əsası

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanı hər zaman zirvələrə aparır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünə, eyni zamanda, fəaliyyətinin Naxçıvan mərhələsinə  nəzər salsaq Ümummilli Liderin ən böyük azərbaycanlı olduğunu böyük qürur hissi ilə qeyd edirik. O, azərbaycançılıq ideologiyasının inkişafına, təbliğinə xüsusi önəm verməklə hər zaman belə bir arzu ilə yaşamış, bu istiqamətdə addımlar atmışdır ki, Azərbaycan ancaq və ancaq  zirvələrdə olmalıdır.

1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həmin vaxtdan Azərbaycanın həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı dövrü başlanmışdı. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə özünün zəngin dövlətçilik təcrübəsinə, xalqın  dəstəyinə arxalanaraq Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi,  canından artıq sevdiyi xalqını yenidən vahid bir məfkurə- azərbaycançılıq  ətrafında birləşdirdi, hər bir azərbaycanlının qəlbində sabaha inam hissini yaratmağı bacardı. Bütün bunların sayəsində Ulu Öndər Azərbaycanın bu günü və gələcəyi naminə gördüyü misilsiz işlərlə Liderliyin ən uca zirvəsinə yüksəldi.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm  işlər görüldü. Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi xarakterizə olunur.  Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə  Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu.

Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə – Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü Azərbaycanın tarixində yeni mərhələnin əsası oldu. Belə ki, Azərbaycanın  1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etməsinə baxmayaraq müstəqilliyimizin ilk illəri çağdaş tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı   dövrü kimi yazılıb. Bu reallıq inkaredilməzdir ki, əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq belə mümkün deyildi. Xalq ən çətin məqamda üzünü Naxçıvana – xilaskarı Ümummilli Liderə tutdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ümummilli Lider Azərbaycanı yenidən quraraq müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycanın qarşısında açılan geniş imkanlar davamlı uğurlarda, yeni-yeni hədəflərdə özünün aydın ifadəsini tapdı. Azərbaycan bütün çətinlikləri arxada qoyaraq inkişaf, tərəqqi dövrünü yaşadı. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Qeyd etdiyimiz kimi, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası olduqca genişdir. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti bu xidmətlərin davamlılğını təmin etdi. Bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. 2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana ən möhtəşəm uğurları qazandırdı. Son 20 ildən artıq dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan inamın və etimadın təsdiqidir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. 2003-cü ildən bu günədək atdığı hər bir addımı ilə bu siyasətə sadiqliyini təsdiqləyən dövlət başçısı İlham Əliyev Azərbaycanı dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin yam bərpa edilməsinin yaratdığı reallıqlar ölkəmizi daha möhtəşəm uğurlara aparır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bundan keçirdiyi xoşbəxtlik hissini Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqımıza müraciətində belə ifadə etmişdir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısının böyük qürur hissi ilə  qeyd etdiyi kimi, biz istədiyimizə hər zaman nail oluruq.

Daha çox xəbərlər