Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
Nikol Paşinyan yenə də uşaqları yığıb başına, onlara nağıl danışıb. “Biri var idi, biri yox idi…” məzmunlu nağılın məğzində 9 noyabr razılaşması dayanır, amma Paşinyan bu məsələdə də təhriflərə yol verir, hay təbirincə çıxış edir. Ermənistanın hökumət başçısı bundan əvvəl də hansısa məktəbdə şagirdlərə şeir oxumuşdu, “Real Ermənistan – Ermənistan Respublikası” adında…Azı bir əsr ərzində uşaqların beynini “türk sənin düşmənindir” təbliğatı ilə zəhərləyənlərin xələfi indi azyaşlılara realist olmağı tövsiyə edirlər.
Bu dəfə də Nikol Paşinyan Milli Assambleyanın Yay Məktəbində şagirdin sualını cavablandırarkən Zəngəzur dəhlizindən, Rusiyanın bu layihə ilə bağlı mövqeyindən danışıb. “Son zamanlar regional kommunikasiyalarla bağlı müzakirələr intensivləşib və bu müzakirələrdə bəzi oxunuşlar da var. Bu günlərdə Rusiya Federasiyasının yüksək rütbəli rəsmisi bəyan edib ki, noyabrın 9-da üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edildiyi bildirilir. Onu da deyim ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda bu yazılmayıb. O, açıq mətndir, ictimaiyyətə açıqdır və açılıb oxuna bilər. Əksinə, orada deyilir ki, Ermənistan Respublikası kommunikasiyaların təhlükəsizliyini təmin edir və zəmanət verir”, – Paşinyan bildirib.
Sözsüz, Nikol Paşinyan uşaq başı aldada bilər. Amma hər halda ağıllı adamlar anlayırlar ki, Ermənistanın baş naziri 3 il 10 aydır verdiyi vədi icra etmir, kapitulyasiya sənədinə imza atdığı halda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin olunması istiqamətində yarım addım belə, atmayıb.
9-cu bəndi olduğu kimi bir daha xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
Hər şey açıq-aydın yazılıb və Paşinyan da imza atıb. İlk olaraq Ermənistan Azərbaycanın yarım milyonadək əhalisinin blokadasına son verməlidir! Qalan məsələlər təfərrüatdır. Niyə Naxçıvan camaatı Ermənistanın cığallığı, onun hökumət başçısının özünə, sözünə, imzasına hörmət qoymamasına görə bundan sonra da əziyyət çəkməlidir?! Ermənistan cəzalıdır, suçludur, Azərbaycana qarşı törətdiyi cinayətlərə, vurduğu zərərə görə beynəlxalq səviyyədə cavab verməlidir! Belə olduğu halda, müharibənin əsas səbəbkarlarından biri – hər halda “Qarabağ Ermənistandır. Nöqtə”-ni unutmamışıq – Paşinyan məsuliyyət daşıyır, o da cavabdehlərdəndir. Bu mənada Azərbaycanın şərtləri sözsüz yerinə yetirilməlidir! Bunu həm beynəlxalq hüquq, həm Azərbaycan Konstitusiyası – vətəndaşların öz ölkəsində sərbəst hərəkətinin təmin olunması ilə bağlı müddəa yerinə yetirilməlidir – tələb edir. İndi erməni baş nazirin bu, nə “nala-mıxa vurma siyasəti”dir?!
Azərbaycan dövləti bir müddət sonra Zəngəzur dəhlizi istiqamətində işləri yekunlaşdıracaq. Ermənistan isə təqribən 43 km-lik dəhlizdə daşı daş üstə qoymayıb. O dəhlizdə ki, işğal illərində Azərbaycan dəmiryollarının balansında olan xətlər, stansiyalar darmadağın edilib. Nikol Paşinyan arxiv sənədlərinə baxsın, öyrənsin: sovetlər dövründə Mehri stansiyasında işləyən ermənilər belə, Azərbaycan SSR-dən əmək haqqı alıblar, çünki burada əmlak da, dəmir yolu da Azərbaycan Respublikasına məxsus olub. Odur ki, Azərbaycan dövləti Ermənistandan Zəngəzur dəhlizindəki dəmiryollarına vurduğu zərərə görə təzminat tələb etmək haqqına sahibdir və o gün gələcək!
Nağılbaz Paşinyan üçün zəruri xatırlatma: Fransa, Hindistan, ABŞ, İrandan silah-sursat, hərbi texnika alıb Zəngəzura dolduran Ermənistan hökuməti əvvəlcə Azərbaycana vurduğu ziyanı ödəsin, sonra milyonları Hərbi Qənimətlər Parkımızın potensial qənimətləri üçün xərcləsin!
Erməni baş nazir onu da deyib ki, 9 noyabr tarixli bəyanatın 9-cu bəndi bütün regional kommunikasiyaların açılmasına aiddir: “Burada kontekstdən kənar şərhlər nəinki faydalı deyil, həm də zərərlidir və Ermənistan hökuməti açıq və rəsmi şəkildə “İqtisadiyyatın kəsişməsi”ni təqdim edib. Əgər kimsə bu layihənin əleyhinədirsə, niyə buna qarşı olduqlarını izah etməlidir”.
Bundan əvvəl Bakıdan Paşinyana xəbərdarlıq edildi ki, söz oyunlarına son qoysun, əməli addımlar atsın, yoxsa axırı pis olar! Amma görünür nəticə çıxartmır və uşaq başı aldadan açıqlamalarla gündəmdə qalmağa çalışır. Hələ kadastr sənədi – “kupça”sı olmayan oyuncaq ölkə nə vaxtdan “dünyanın kəsişməsi” olub? Qonşuluqdakı 4 dövlətdən 3-ünün ərazisinə konstitusiya ilə iddia edən oyuncaq ölkənin başçısı əvvəlcə bu, biabırçı səhvi əsas qanundan çıxartmalıdır, sonra bəlkə danışmağa üzü oldu. Yox bir, “okean kəsişməsi”. On illərlə özlərini “dənizdən-dənizə Ermənistan”la aldatdılar, uşaq-muşağın beynini yedilər, indi də “kəsişmə…”
Əslində Nikol Paşinyanın son vaxtlar niyə Rusiyaya “asi” çıxdığı bəllidir. Bu, həm Qərbdəki sifarişçilərə xoş gəlməkdən, daha çox “şabaş” almaqdan ötrü quraşdırılmış oyundur. İkinci də İrandan verilən komanda sözünü deyir. Bundan əvvəl Tehrandan bir neçə dəfə Zəngəzur dəhlizinə qarşı bəyanatlar səsləndi.
Budur, daha biri: “Mehr” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi İslam Respublikasının Zəngəzur dəhlizinə qırmızı xətt kimi baxdığını və bu dəhlizdə istənilən dəyişikliyə qəti cavab verəcəyini bildirib. Bununla bağlı o, Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşündə Rusiyanın qondarma “Zəngəzur dəhlizi” ilə bağlı son mövqeyini şərh edib. “Aydındır ki, Zəngəzur dəhlizində geosiyasi proseslərlə bağlı məsələlər region ölkələrinin maraqlarına cavab vermir və İran da bu məsələnin qəti əleyhinədir”, – Əzizi bildirib. “Belə illüziyalara qapılanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır və baha başa gələcək. İran İslam Respublikası sağlam düşüncəni rəhbər tutaraq heç vaxt bölgədə gərginlik yaratmağa çalışmır”, – deyən Əzizi, digər tərəfdən, ərazi bütövlüyünə təhlükə yaranarsa, ölkənin özünü müdafiə edəcəyini bildirib. İranın Cənubi Qafqaz regionunda baş verən prosesləri yaxından izlədiyini deyən Əzizi daha sonra bildirib: “Biz müxtəlif formalarda region ölkələrinə dəfələrlə bildirmişik ki, bu dəhliz İranın qırmızı xətti hesab olunur və orada hər hansı dəyişiklik və addım atılacaqsa, İrandan ciddi və qəti reaksiya veriləcək”.
Nikol Paşinyanı qırmızı yalanlar uydurmağa vadar edən məhz İranın “qırmızı xətti”dir. İranda hələ başa düşmək istəmirlər ki, ABŞ ordusu “qırmızı xəttin 10-15 km-liyindədir – Qafanda! Paşinyan uşaq nağılları ilə, əslində, İranın da başını qatır…Özləri bilərlər. Bizə Naxçıvana rahat getmək üçün yol-dəhliz lazımdır, nağıllar keçməz! Bu yol onsuz da açılacaq, daha yaxşı olar Paşinyan vədinə əməl etsin, bu layihədən Ermənistan da qazansın. Yoxsa qapını da, yolu da özümüz açmalı olacağıq! O halda haylar dalanda qalacaqlar, Zəngəzurdan keçən qatara uzaqdan baxacaqlar…Əminliklə deyirik: Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol! Hələ qarşıda Nüvədidə toylu-büsatlı günlərimiz var, 32 ildən sonra Şuşada qurulan toy kimi…