Siyasət 

“Qlobal mediadan bizə böhtan yağdıranların cavabları… belə dəqiq dəlil və faktlarla verilir” – TƏHLİL

“Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunun “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyasındakı çıxışına geniş reaksiya heç də səbəbsiz deyil. Bu çıxışla ölkəmizi təcriddə saxlamağa və cəzalandırmağa çalışan güclərə öz meydanlarındaca növbəti dəfə göstərildi ki, cəhdiniz elə cəhd olaraq qalacaq”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

1721296991_ca11ca25-eab8-3c62-98.jpg (68 KB)

S.Alıyev Fransanın regionumuzla bağlı məkrli planına da toxunub: “Bəli, biz görürük ki, Makron Fransası, yaxud da Fransa Makronuyla yanaşı Qərbdə çoxları işğalçı Ermənistandan Ukrayna düzəltmək, Azərbaycanı isə Rusiya ilə eyniləşdimək siyasəti yeridirlər. Qoca qitənin öndə gedən beyin mərkəzlərindən birinin – “Ambrozetti” Avropa evinin keçirdiyi beynəlxalq foruma Azərbaycanın dövlət başçısının və Ukrayna Prezidentinin birgə qatılmaları bizə qarşı informasiya savaşı aparanlara fikrimcə, endirilən uğurlu əks həmlə zərbəsi idi”.

Deputat dövlət başçımızın çıxışındakı mühüm məqamlara toxunub: ““Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”- cənab İlham Əliyevin dediyi bu sözlərlə isə onlar snayper dəqiqliyi ilə düz böhtan uyduran yerlərindən vuruldular.

Yeri gəlmişkən, Prezidentimiz həmən çevrələrin daha bir böhtanlarını da bu beynəlxalq forumda toza çevirdi: “Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, – bu isə dekabr ayına təsadüf edəcək, – bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır”.

Xatırladım ki, qlobal layları tərpətdiyimizə görə hayları da alətə çevirməklə bizə qarşı informasiya savaşı aparanlar Azərbaycanın Rusiya qazını guya özününkü kimi qərbə satmaqda və gələcəkdə bunu daha da artırmaq planı qurmaqda təqsirləndirirdilər. Onlar çox uyğun bir zamanda və yerdə müxtəlif ölkələrdən olan onlarla ekspertin, eləcə də jurnalistin önündə verilən bu açıqlamayla rəzil duruma salındılar ki, belə cavab gedişi birinci dəfə deyil”.

S.Alıyevin sözlərinə görə, torpaqlarımız işğaldan azad ediləndən üzü bəri artıq bir neçə dəfədir ki, qlobal mediadan bizə böhtan yağdıranların cavabları beynəlxalq auditoriya qarşısında səsləndirilən belə dəqiq dəlil və faktlarla verilir: “Beynəlxalq Çernobbio Forumundakı sessiyalardan birinin niyə məhz “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu”na həsr edilməsinə gəldikdə isə, bu sualın cavabı cənab Prezidentin orada dediyi aşağıdakı cümlədədir: Geosiyasi vəziyyətə gəldikdə, – bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib, – əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu”. Elədir, Avrasiyada 21-ci əsrdə ən byük geosiyasi dəyişikliyi böyük güclərin əksəriyyətinin qarşı çıxmalarına rəğmən məhz Azərbaycan edib. Qlobal müstəvidə bu gün bizə qarşı aparılan informasiya savaşının əsl səbəbi də məhz budur”.

Daha çox xəbərlər