Əsas səhifə 

Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərə gəlib. Üç günlük səfər öz məhsuldarlığı ilə seçilib. Səfər çərçivəsində Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşləri keçirilib, paytaxt Roma şəhərində iki ölkə başçılarının iştirakı ilə Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib.

Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azər­baycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkə­mizin uğurlu enerji siyasəti, ümumən bey­nəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır.

Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxı­mından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərə­cə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vur­ğulanması, onun yeni və daha dolğun səh­nələrinin yaşanması ilə əlamətdar oldu.

Prezident İlham Əliyevin İtaliyaya iş­güzar səfəri mühüm önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əli­yevin İtaliya Nazirlər Şurasının sədri Ci­orcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafı­nın, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çat­dırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbay­can ikitərəfli münasibətlərinin gündəliyin­də olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdi­rildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Hu­manitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasın­da İtaliya-Azərbaycan Universiteti layihəsi­nin önəmi xüsusi qeyd olunub.

Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasi­bətlərin necə qurulmalı olduğunun nümunə­si kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkə­mizin qlobal siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır.

Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa mə­kanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumundakı çıxı­şında dİtaliya ilə münasibətlərin ümumav­ropa önəmi daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müva­fiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmasla­rımız var. Bu, 2020-ci ildən bəri mənim İta­liyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.

Dövlətimizin başçısının İtaliyaya işgü­zar səfəri çərçivəsində keçirdiyi görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın get­dikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabi­liyyətinin artırılması barədə fikir mübadilə­si aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdi­rilməsi yüksək dəyərləndirilib və bu qurum­ların üçüncü ölkələrdə birgə layihələrdə iş­tirakı məsələsi barədə fikirlər səsləndirilib.

İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfda­şına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əmək­daşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkə tərəfindən yüksək qiymətləndirilib.

Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azər­baycanın rolu” adlı sessiyadakı çıxışında CQD-nin fəaliyyətini yüksək qiymətlən­dirərək bu qaz dəhlizinin hazırda 10 ölkə­nin enerji təhlükəsizliyini gerçəkləşdirdi­yini bildirib. Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan 3500 kilo­metrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayaraq deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azər­baycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.

Hazırda elektrik enerjisi sahə­sində də İtaliya şirkətləri əsas tərəfdaşları­mızdır. Məsələn, məşhur “Ansaldo” şirkəti hazırda Mingəçevirdə tikilən 1300 meqava­ta yaxın gücü olan elektrik stansiyası üçün turbinlərin təchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, “Maire Tecnimont” bö­yük sənaye sahəsinin podratçısı idi. Həm­çinin Azərbaycanın neft emalı zavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çox möhkəm və ildən-ilə bö­yüyən çoxşaxəli təməldir.

Prezident İlham Əliyev tərəfindən ardı­cıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xa­rici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Şübhəsiz ki, bü­tün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq et­mək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair an­laşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib.

Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən prinsiplərlə re­gional təhlükəsizliyin təmin olunması is­tiqamətində ardıcıl və sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçək­ləşdirdiyi enerji layihələri, regional inteqra­siyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilmə­sində mühüm rol oynayır.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər