Dərsliklərdə olan BİABIRÇI SƏHVLƏR: BU İL DƏ OLACAQMI? AÇIQLAMA
Orta məktəb dərsliklərində yol verilən nöqsanlar zaman-zaman gündəmə gəlir. Bəzi iradlar müəlliflər tərəfindən qəbul edilsə də, bəzilərinin doğru olmadığı bildirilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, keçən 20 il ərzində dərsliklərin yazılması ilə bağlı çox ciddi problemlərimiz vardı. Bunun səbəbi isə sovet dövründə dərslik yazmaq ənənəmizin olmaması idi. Çünki dərsliklər Moskvada yazılır və tərcümə variantları Azərbaycana göndərilirdi. Müstəqillik dövründə, xüsusilə də 2000-ci ildən başlayaraq yeni dərsliklər yaradıldığı zaman bizim düzgün dərs vəsaiti yazmaq problemimiz yarandı.
“Son dövrlərdə bu mövzuda aparılan islahatlar nəticəsində dərs vəsaitinin yazılması ilə bağlı problemimiz yoxdur. Çünki, bizdə dərslik yaza bilən müəllim kontingenti artıq formalaşıb.
Düşünürəm ki, bu sahədə təkmilləşməyə hər zaman ehtiyac var. Hazırda təhsilin inkişafı üzrə dövlət strategiyasında göstərilən hədəf və tədbirlərdən biri də budur ki, şagird və müəllimlər eyni dərsdən alternativ dərsliklərlə təmin olunsunlar. Alternativ dərsliklərin yazılması və məktəblərə göndərilməsilə bağlı işlər hazırda davam etdirilir”.