Cəmiyyət 

Ətraf mühiti çirkləndirənləri hansı cəza gözləyir? AÇIQLAMA

Atmosferin, suyun, torpağın və ərzaq məhsullarının çirklənməsi insan sağlamlığına zərər vurur. Hər il havaya 200 milyon tondan çox zəhərli qaz buraxılır. Bütün bunlar fabriklərin, elektrik stansiyalarının, avtomobil mühərriklərinin işləməsindən əmələ gələn tullantılardır.
Son illərdə ətraf mühitin təmizliyinin həyatımızdakı rolunu anlamağa, bəşəriyyətin, biosferanın və bütün planetin taleyində məsuliyyətimizi dərk etməyimizə baxmayaraq, biz hələ də ətraf mühiti yetərincə qoruya bilmirik. Hələ də müxtəlif növ tullantıları artıran, “öz tökdüyünü özü təmizləməyən” insanların sayı kifayət qədərdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar və bu xətalara görə məsuliyyətlər nəzərdə tutulub.

Ətraf mühiti çirkləndirənləri hansı cəza gözləyir? AÇIQLAMA“Məcəllənin həmin fəslində yer alan 271-ci maddə tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti müəyyənləşdirir. Qeyd olunan əməllərə yol verən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, İXM-nin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulub. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilirlər.
Həmçinin dəmir yolu qatarlarında vaqonların pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə, metropoliten stansiyalarının vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə görə, gəmilərdən zibil və başqa predmetlər atmağa görə də inzibati cərimələr nəzərdə tutulub”.
Mövzu ilə bağlı saytımıza fikirlərini bildirən Ekoloq Telman Zeynalov deyib ki, son illərdə təbiət və meşə zolaqlarının sayı artırılsa da görülən tədbirlər ətraf mühitin qorunması üçün yetərli deyildir:
“Çünki, buna mane olan zibilliklərin sayının artmasıdır. İqlim dəyişmələrində əsas problem hazırda karbon qazı deyil, tullantılar və onların çürüdükdən sonra havaya buraxdığı zəhərli qazlardır.
Hazırda COP29 ərəfəsindəyik. Düşünürəm ki, yerli icra hakimiyyəti və bələdiyyələr zibilliyin sayını artıranları cəzalandıraraq bu problemin qarşısını alacaqlar”.

Daha çox xəbərlər