Bıçağı azyaşlıların əlindən necə alaq – acizlik, psixoloji zəiflik…
Son 3 gündə 16-17 yaşlı yeniyetmələr tərəfindən ölkədə 4 bıçaqlanma hadisəsi baş verib. Üçü Bakıda, biri Xaçmazda.
Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Bakı şəhəri, Sabunçu rayonu ərazisində oktyabrın 2-də saat 14 radələrində 2008-ci il təvəllüdlü Həsən Quliyev kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun HƏMYAŞIDI Yasin Mirzəyev saxlanılıb.
Oktyabrın 2-də Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun da kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.
Sabunçu rayonu, 71 saylı orta məktəbdə də bıçaqlanma hadisəsi baş verib. Oktyabrın 3-də verilən məlumata görə, hadisə zamanı 2008-ci il təvəllüdlü A.S yaşıdı D.N-nı bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxsin məktəbin 10-cu sinif şagirdi olduğu bildirilir.
Yaralı şagird xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Belə cinayətlər son illərdə vaxtaşırı baş verir. Çox təhlükəli tendensiyadır və artan xətlə davam edir.
Düşünürəm, yalnız gileylənmək, dəhşət hisslərimizi ifadə etməklə kifayətlənməməliyik. Nə etməliyik, necə eləməliyik ki, “dəb” düşmüş bu axmaq bıçaqlaşma tendensiyasının qarşısı alınsın? Bunu fikirləşməliyik.
Əlbəttə, qısa bir müddətdə buna nail olmaq mümkün deyil. Polis əməkdaşlarından bütün mağazalardan xəsarət yetirmək üçün əlverişli olan cib bıçaqlarının yığışdırılmasını tələb etmək, bunu icra etmək də çıxış yolu deyil. Yeniyetmənin, gəncin təfəkküründə, mənəvi yanaşmalarında, psixikasında dəyişiklik olmasa, cəmiyyətdə ümumi bir formul tapılmasa, məsələn, kriminal təbiətli yeniyetmə, gənclər, gədə-güdələr mağazadan bıçaq tapmasa belə, kustar üsulla biz, qəmərti düzəldib, düzəltdirib cibinə qoyacaq və …
Polis bir-bir uşaqların cibini axtara bilməz, bu məsələnin həlli deyil!
Orta və ali məktəblərdə, sosial şəbəkələrdə gənclər, yeniyetmələr arasında ciddi maarifləndirmə işləri aparılmaldır. Beyinlərə yeridilməlidir ki, sözü çəp gələn kimi bıçağa əl atmaq acizlikdir, hətta axmaqlıqdır.
Fikrimcə, Sosial Tədqiqatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də problemlə bağlı ciddi fəaliyyət planı hazırlamalıdır. Belə cinayətlərin törədilməsinə rəvac verən amillər dərindən öyrənilməlidir.
Uşaqların istintaqa verdiyi ifadələri izlənilməli, həyat tərzi, bu kriminal davranışa necə gəlib çatdığı, ailə tərbiyəsini pozan faktorlar, cinayətə səbəb olan amillər, detallar incələnməli, cəmiyyətdə bu kimi halların adiləşməməsi, artmaması üçün müvafiq profilaktik işlərin icrasına başlanılmalıdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin azyaşlılar, yeniyetmələrlə iş üzrə mütəxəssislərinə bu prosesdə hər kəs, müvafiq bütün qurumlar, bütün vətəndaşlar dəstək verməlidir. Bu, yalnız polisin işi olmamalıdır. HƏR BİRİMİZİN MƏSULİYYƏTİ, NARAHATLIĞI OLMALIDIR!
Bəli, sosial, psixoloji araşdırmalar, real müşahidələr sübut edir ki, yeniyetmə və gənclərin bir çoxunun bıçaqla “fırlanması” psixoloji zəiflik, özgüvənsizlikdən irəli gəlir!
Xatırlayıram, bizlər, orta nəsil dəliqanlı yeniyetmə olanda, gənclik illərində sanballı adamlar, bizdən böyük kişilər belə təbliğat aparırdılar ki, dalaşanda, sözləşəndə bıçağa əl atmağı acizlik, nadanlıqdır. Hətta daha sərt deyirdilər ki, dalaşanda kişi əli ilə vurar, bıçaqla yox!
Əksəriyyət hansısa bir mübahisədə xəsarət yetirmək üçün hansısa alatə əl atmağı özünə sığışdırmırdı, yaraşdırmırdı, aşağılıq kimi hesab edirdi.
İndi bir çox yeniyetmə və gənclər niyə özlərini aciz və güvənsiz hesab edir. Yanaşmalar mütləq dəyişməlidir.
Yeniyetmə və gənclər arasında qətllərə, xəsarət yetirmələrə səbəb olan amilləri ilkin olaraq öyrənəndə bəlli olur ki, əsas üç səbəb var:
Yeniyetmə və gənclər arasında sonu faciələrlə bitən mübahisələr ilkin topladığım məlumatlara görə əksər hallarda qız üstündə olur. Bunun da çox dərin səbəbləri var. Biri də odur ki, selektiv abortlar nəticəsində orta məktəblərdə bir sinifdə 4-5 qız, 7-8 oğlan olur. Yəni faktiki olaraq, obrazlı desək, ÖLKƏDƏ QIZ ÜSTÜNDƏ DAVADIR!
İkinci əsas səbəb xırda pul, borc mübahisələridir, bəzən 1 manat görə qan tökürlər. Sonra da deyirlər söhbət pulda deyildi ee, “pul atılmağı” özümə sığışdırmadım. Necə yəni 1 manatda deyil? Axı bütün bu dava 1 manata görə başlayıb, bəhanələr uydurmağa nə ehtiyac var ki…
Üçüncü və daha çox qanla bitən səbəb söyüşdür! Yeniyetmələr, gənclərə mədəni davranış aşılanmalıdır. Mənəvi mühit zənginləşdirilməlidir.
Əlbəttə, savadlı, sağlam yeniyetmələrimiz çoxluq təşkil edir. Amma bir çox ailələrdəki tərbiyəsiz mühitdə yetişmiş yeniyetmə, gənclər o sivil uşaqlara da qənim kəsilir! Onları təzyiq, təhdid altında saxlamağa çalışırlar, bəzən “pul yükləyirlər” və s.
Təbii, əsas mədəniyyət ailədə formalaşır. İkinci yerdə məktəbdir. Biz ailələri necə tərbiyə edə bilərik? Mürəkkəb bir prosesdir. Böyük təbliğatlar başlamalı, sosial institutlar əlac olmayanda evlərə hansısa dolayı yollarla mədəni müdaxilələr etməlidir və s.
Dünyada sivil ölkələrdə mədəni toplumlar heç də özbaşına formalaşmayıb. Uzun illər ərzində bunu cəmiyyətin aparıcı qüvvəsi, elitası və inzibati metodların təsiri ilə formalaşdırıb ənənələr yaradıblar.
Dövlətin müvafiq sturukturları Azərbaycanda da hərəkətə keçməlidir. Bəli, sosial şəbəkələrin tərbiyəvi mühitin formalaşmasında müasir alət kimi ciddi rolu var, o silahdan yararlanmaq lazımdır. İnsanlar Tik-tokdadırsa, sivil təbliğatçıları, təşviqatçıları da ora yönəltmək lazımdır. Kütlələri orada müsbətə istiqamətləndirməyə çalışmalıyıq.
Təbii, mənfi, xoşagəlməz tendensiyaları 3-5 günə, aya dəyişmək mümkünsüzdür. Amma indidən və dərhal başlanılmalıdır ki, 3-5 il sonra hansısa müsbətlərə nail olaq.
Ciddi şəkildə işləmək lazımdır!
Elşad MƏMMƏDLİ
“Yeni MÜSAVAT”