İlham Əliyevlə Vladimir Putin arasında görüş ola bilər…
“Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də doğum günündə iş başında olacaq”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomat qeyd edib ki, Rusiya liderinin ad günündə MDB ölkələrinin başçıları ilə görüş gözlənilir:
“Günün ilk yarısı qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB ölkələrinin rəhbərləri prezidentlə görüşəcək. Gələn həftə MDB ölkələri liderlərinin tam gündəliyi olan tam formatlı görüşü olacaq”.
Qeyd edək ki, oktyabrın 7-də Putinin 72 yaşı tamam olacaq. O, 2000-ci ildən Rusiyaya rəhbərlik edir.
Bəs Vladimir Putinlə İlham Əliyevin təkbətək görüşü gözlənilirmi?Ümumiyyətlə, bu səfər nələr vəd edir?
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Hazırkı durumda 2022-ci ilin 22 fevral tarixində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə münasibətləri yeni müstəviyə qaldırdı. Bu yaxınlarda Rusiya lideri Azərbaycanda səfərdə idi. Səfərin əsas mahiyyəti iqtisadi əlaqələrin gücləndirilməsi, enerji sahəsində olan tərəfdaşlıq, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları baxımından diqqət çəkirdi. Əsas hədəf ondan ibarətdir ki, enerji və nəqliyyat sahəsində əlaqələr daha da inkişaf etsin. Ənənəvi olaraq Rusiya lideri ilin sonunda MDB dövlət başçılarını ölkəyə dəvət edir. Eyni zamanda Avrasiya İqtisadi Birliyinin də toplantısı keçirilir. Prezident İlham Əliyev orada qonaq qismində iştirak edir. Baxmayaraq ki, biz Avrasiya İqtisadi Birliyinin üzvü deyilik, üzv olmaqla bağlı hədəflər qoyulmayıb”.
Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlər və qarşılıqlı faydaya əsaslanan əlaqələrin inkişafı siyasi gündəliyi təşkil edir:
“Azərbaycanla Rusiya arasında dialoq inama və etimada söykənir. Hər iki lider arasında çox mehriban münasibətlər özünü müxtəlif sahələrdə göstərir. İlk növbədə Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması etibarlı sülh arxitekturasının qurulması baxımından Bakı ilə Moskva arasında münasibətlər xüsusi çəkiyə malikdir. Bu baxımdan həm saatın əqrəblərinin tutuşdurulması, həm də siyasi sahədə olan məsələlərin müzakirəsi, dünyada gedən qlobal müharibələr fonunda dövlətlərin dayanıqlı təhlükəsizlik sisteminə malik olması mühüm prioritet təşkil edir. Bu, hər bir dövlət üçün aktuallıq təşkil edir. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan da bu amillərə xüsusi diqqət yetirir. Fikrimcə, ilin sonunda keçirilən görüşlər əsnasında hər iki lider arasında görüş baş tuta bilər. Bu görüş həm də ikitərəfli münasibətlərin inkişafına xidmət edəcək”.
Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında ABŞ-ın Nyu-York şəhərində üçtərəfli görüş olub. Görüşdə ABŞ rəsmisi sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini deyib.
“Antoni Blinken hər iki naziri Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdikləri tərəqqiyə görə təqdir edib və hər iki ölkəni sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün davamlı tərəqqiyə təşviq edib”, – görüşdən sonra ABŞ Dövlət Departamenti elan edib.