Region Xəbərləri 

Layihələr uğurla icra edilir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dörd  ildir ki, torpaqlarımızın işğal tarixlərini deyil, azad olunduqları günləri qeyd edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  çıxışlarında “Torpaqlarımız işğaldan azad ediləcək” deyil, “İşğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır” bəyan edir. Günümüzün reallıqları fonunda hədəflər də yenilənib. Artıq əsas məqsəd sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq, soydaşlarımızın bu ərazilərə  qayıdışı ilə yeni həyatın başlanmasıdır. Bu torpaqların hər biri özünəməxsus iqtisadi imkanlara, potensiala malikdir. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi,  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi  hər bir rayonun malik olduğu imkanlardan gələcəkdə Azərbaycanın dayanıqlı inkişafı üçün səmərəli istifadəyə yol açır. İşğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi də şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edir.

20 oktyabr Zəngilan Şəhəri Günüdür. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.  Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir.

Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Rayonu  Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Qısa müddətdə rayonda görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Nəzərə alsaq ki, dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna 12 səfəri olub, bu artıq bu torpaqda görülən işlər barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyev görülən işlərlə tanış olur, yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edir. Bir sözlə, Zəngilan xoşbəxt günlərini yaşayır.

Oktyabrın 25-də Qubadlı şəhərinin  işğaldan azad edilməsinin dördüncü ili tamam olur. Qubadlı Şəhər Günü görülən işlərin, qarşıdakı dövr üçün hədəflərin açıqlanmasında mühüm rol oynayır.   Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad edildi  və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə daxil olub  buranı da düşməndən təmizlədilər.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir.  Zəngin faydalı qazıntı ehtiyatlarına malikdir.  Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır.  Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları  axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Dövlət başçısı İlham Əliyev 23 dekabr 2020-ci il tarixdə Qubadlıya səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bu çağırışı etmişdir ki, xarici ekspertlər cəlb olunub, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar: “Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik”.
Hazırda Qubadlı şəhəri və rayonun işğaldan azad edilmiş  kəndləri bərpa-quruculuq dövrünü yaşayır.  Qubadlı rayonunun bütün kəndləri,  Qubadlı şəhəri yenidən qurulur.  Baş plan ən müasir tələblərə uyğundur,  Qubadlının təbiəti və tarixi keçmişi  bu sənəddə  öz əksini tapıb.   Baş plana əsasən şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur. Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq. Onu da qeyd edək ki, növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Azad edilmiş ərazilərdə görülən bütün bərpa işləri dövlət başçısı İlham Əliyevin  nəzarətindədir. Ölkə Prezidentinin işğaldan azad edilmiş digər  ərazilərimiz kimi, Qubadlıya da səfəri bir çox sosial obyektlərin təməlinin qoyulması və açılışı ilə yadda qalıb. Soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat yaşayışının təmin edilməsi əsas prioritetlərdəndir.  Bərpa strategiyasının uğurla həyata keçirilməsi nəticəsində  işğaldan azad edilmiş ərazilərimiz regionun ən inkişaf etmiş zonasına çevriləcək. Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.

Daha çox xəbərlər