Xoşbəxt günlərimin şahidi ata ocağım-Qubadlı
Müqəddəs yurdlar bizi səsləyir
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Doğulub boya-başa çatdığım ata yurdum Qubadlı coğrafi məfhumdan çox müqəddəs, sehirli bir dünya kimi yaddaşıma həkk olub. Məhz, o səbəbdəndir ki, doğma vətənimdə keçirdiyim hər gün, hər an unudulmaz xatirələri, fərqli çalarları ilə yaddaşımda silinməz izlər buraxıb. Deyərdim ki, ən gözəl, xoşbəxt anlarımı ata evimdə, ata ocağımda yaşamışam. Hisslərim, duyğularım, bütövlükdə xarakterim o torpaqda formalaşıb. Dünyaya sığmayan, qayğısız, xoşbəxt anlarla dolu uşaqlığım o məkanda keçib. Və bir müdhiş gündə, məcburən uşaqlıq xatirələrimi, səadət dolu günlərimi, arzularımı, istəklərimi ata ocağıma, daşlara, divarlara, çiçəklərə verərərk tərk etdim. Hərdən vətənsiz yaşadığım bu illərin hesabatın aparıram və bu nəticəyə gəlirəm ki, dəyər və məna baxımdan ata yurdumda keçirdiyim təkcə bir gün bu illərin fövqündə dayanır. Düzdür, vətənin hər bucağı əzizdir, lakin dünyaya göz açdığın, havasını udduğun məkan daha müqəddəs anlam daşıyır. Özü də insan yaşa dolduqca, kamilləşdikcə bu sevgi qanadlanıb vətənə doğru pərvazlanır. Hisslərin, duyğuların, tarixi yaddaşın səni yurda səsləyir. Öz timsalımda deyərdim ki, bu insanların yaşlarının üstünə yaş gəlincə, təbiəti, xarakterləri etibarilə, sanki uşaqlaşırlar. Uşaqlaşırlar ki, bəlkə də qoyub gəldikləri ata yurdun daş-kəsəklərində, cığırlarında itirdikləri uşaqlıqlarını, şirin xatirələrini tapacaqlar…
Doğma yurdum Qubadlı təkcə əzəmətli dağları, ecazkar təbiəti ilə deyil, həm də mərd, igid, ölkəmizin ictimai-siyasi həyatında zaman-zaman aparıcı rol oynayan insanları ilə də önəm daşıyıb. Bu mənada Süleyman Rəhimov, Mir Sədi ağa, Bəhlul Behcət, Əli Əmiraslanov və digərləri hər daim mənə örnək olublar.
Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub və demək olar ki, son imkanları tükənənə qədər düşmənə müqavimət göstərib. Təsadüfi deyil ki, Qubadlı milli qəhrəmanların sayına görə ön sıralarda gəlir. Hətta cənab Prtezidentimiz İlham Əliyev Qubadlıda olarkən bu torpağın igidlər, qəhrəmanlar yurdu olduğunu ifadə etdi. Qubadlılar Qaçaq Nəbi, Əliyar Əliyev, Nadir Bədəlov, Şükür Həmidov,Mais Bərxudarov kimi xalqın yaddaşında əfsanələşmiş qəhrəmanları ilə daim qürur duyublar. Həcər xanımın timsalında kişi cəsarətli, mərd, qəhraman qadınlarımız hər daim fəxrlə yad ediliblər. İkinci Qarabağ müharibəsi zamanı da Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Hər iki tərəf çoxlu itki verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov və onlarla oğullarımız öz doğma diyarları uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldular. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Lakin, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əzəmətli Azərbaycan ordusu mənfur düşməni diz çökdürərək 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdi.
“Qubadlı” toponiminin mənşəyi xüsusi maraq doğurur. İşğal ərəfəsində rayonun Hacılı kəndi yaxınlığında qazıntı yerində Sasani şahı Qubadın adından zərb edilmiş gümüş sikkə nümunələri tapılmışdır. Bu mənada Qubadlı adının mənşəyi I Qubadın adı ilə bağlı olsa da, yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Tədqiqiatçıların araşdırmalarına görə Qubadlının əhalisi türk tayfalarından formalaşıb. Rayonun yerli əhalisinin bəzi antropoloqlar bütün Qafqazda ən qədim yerli tip sayılan Kaspi tipinə (və ya Oğuz tipi) mənsub olduğunu söyləyirlər. Yer adlarına – toponim, oykonom, hidronimlərə nəzər salsaq dediklərimiz öz təsdiqini tapmış olur.
Qubadlı rayonunun təbiəti də olduqca zəngindir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılıb. Rayonda 13.2 min hektar meşə sahəsi olub. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan təbii sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər Tanrının bəxşişi idi.
Budur, uzun sürən həsrətdən sonra, doğma Qubadlım mənfur düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edildiyini televiziya ilə xəbər verəndə mənim bir dəqiqəlik nə göz yaşlarım oldu, nə sevinə bildim, sanki bir anlıq 10-12 yaşlarında atamın həyətində axan arxın kənarında oynayan bir qız uşağı gördüm. Xəyalən bir anlıq uşaqlıq dövrümə qayıtdım, o, anları yaşadım və sonra sevincdən göz yaşlarıma hakim ola bilmədim. Və hətta Tvitterdə Cənab Prezidentimiz İlham Əliyevə yazdım ki, sizin əllərinizdən öpürəm, Sizə bütün Qubadlı camaatı adından təşəkkür edirəm ki, bizim müqəddəs torpaqlarımızı mənfur düşmənin pəncəsindən xilas etdiniz.
Xain düşmən bizim də Qubadlıda olan, bağlı-bağçalı, indi Villa dediyimiz evlərdən seçilməyən ata yurdumuzu viranəyə çevirib. Vəhşi düşmən bu yerlərdə elə bir vandallıq törədib ki, Cənab Prezidentimizin təbrincə desək, sanki bu yerlərdən vəhşi bir qəbilə keçib. Xain düşmən hər vəchlə çalışıb ki, tariximizə, mədəniyyətimizə, keçmişimizə aid bütün nişanələri, izləri yox etsin. Lakin inanırıq ki, biz yenidən o torpaqlara dönəcəyik. Xarabaya çevrilmiş vətəni əvvəlkindən də gözəl şəkildə qurub yaradacağıq. Bunu bizlərdən atalarımızın, şəhildlərimizin müqəddəs ruhları tələb edir. Bir daha bizlərə bu zəfər, qalibiyyət anları yaşadan Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə, ordumuza bütün Qubadlı camaatı və “Aranmedia” qəzetinin kollektivi adından dərin təşəkkürümü bildirir, daha böyük zəfərlər arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, əsgərlərimizə can sağlığı arzulayıram.
Şeyda Əzizova
Qarabağ Azərbaycandır!