Qız uşaqlarının həyatını məhv edən ailə ənənələri
Bir neçə il bundan əvvəl ultrasəs müayinəsi uşağın cinsini müəyyən edə bilmirdi, lakin indi isə sizə hətta 3D şəkil belə verir. Təbii ki, bu cür inkişaf abortların sayını bir qədər də artırdı. İndiyə qədər bir çox ailələr var ki, valideynlər müəyyən cins uşaq istəyirlər: ya qız, çünki düşünürlər ki, onu tərbiyə etmək daha asandır, ya da oğlan, çünki o, nəslin davamçısı olacaq. Azərbaycanda adətən ikinci tip ailələr üstünlük təşkil edir. Bir çox ölkə və mədəniyyətlərdə tarixən oğlanları qızlardan daha çox dəyərləndirirdilər. Valideynlər varis əldə etmək üçün ən qəti tədbirlər görməyə hazırdılar – hətta yeni doğulmuş qızlarını qurban verməyə də. Buna tibb dilində selektiv abort deyilir.
Müasir zamanda qadınların daha müstəqil olmalarına baxmayaraq hesab edilir ki, məhz oğul yaşlı valideynlərin qeydinə qalacaq və maliyyə cəhətdən yardım edəcək. Bundan əlavə, orta hesabla cütlüklər daha az uşaq planlaşdırırlar və oğlan olana qədər bir neçə qız doğmamaq üçün çox vaxt selektiv aborta müraciət edirlər.
“Azərbaycanda rəsmi olaraq selektiv abortların statistikası aparılmır. Bütövlükdə ölkə üzrə abortların statistikası var. Ona görə də biz ölkədə selektiv abortların həcmini doğulan uşaqlar arasındakı uşaqların cins nisbətinə görə müəyyən edirik. 15-49 yaş arası qadınlar hamiləliyin 12-ci həftəsinə qədər hər hansı tibbi, sosial səbəblərdən abort edə bilir. 12-ci həftədən sonra isə həkim və ya müvafiq icra hakimiyyəti orqanlarının göstərişi olmadan abort etmək qadağandır. Yalnız uşağın və ya ananın səhhəti üçün təhlükə yarandığı təqdirdə 12-ci həftədən sonra aborta icazə verilir”.
Açıqlamada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya Şöbəsinin sədr müavini Ayunur Veysəlova deyib. Onun sözlərinə görə, son illər ümumi olaraq abortların sayında çoxalma müşahidə olunur:
“Məsələn 2017-ci ilin statistikasına baxsaq, 37,6 min abort qeydə alınıb. Bunların neçəsinin selektiv aborta aid olduğunu deyə bilmərik. Lakin doğulan oğlanların qızlardan çox olması selektiv abortların heç də az olmadığının göstəricisidir. 2014-2020-ci illər Dövlət Proqramına əsasən, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair bir sıra tədbirlər nəzərdə tutulub və həyata keçirilir. Proqramda da selektiv abortların qarşısının alınması ilə bağlı müddəa var. Bununla bağlı daim maarifləndirici tədbirlər həyata keçiririk”.
A.Veysəlova problemin bir qədər də elm və texnologiyanın inkişafından qaynaqlandığını bildirib:
“Bu problem müasir dövrdə elm və texnologiyanın inkişafı ilə bağlıdır. Məsələn 30-40 il əvvəl heç kim doğulacaq uşağın cinsiyyətini bilmirdi. Bunu deyə biləcək texnologiya yox idi. Nəticədə bəzi ailələrdə hətta 4-5 qız uşağından sonra oğlan doğulurdu. Beləcə cins nisbəti sabit qalırdı. Təəssüf ki, bu gün valideynlər əvvəlcədən uşağın cinsini öyrənə bilir və bir çox ailələr qız uşaqları olmasını istəmirlər. Hazırda doğulan hər 100 qıza 115 oğlan düşür. Bu da balansın çox ciddi şəkildə pozulduöunu göstərir. Yeni milli fəaliyyət planında məsələ ilə bağlı geniş mübarizə tədbirləri nəzərdə tutulub”.
Cinayət Məcəlləsinin 141-ci Maddəsi (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliyə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə cərimə müəyyən edilir.
Erkən nigahlar
Selektiv abortlardan savayı bu gün ailə münasibətlərində ən ciddi problemlərdən biri erkən nigahlardır. Xüsusilə regionlarda qızlar məktəbli yaşında ailənin təkidi ilə ərə verilir. A.Veysəlova selektiv abortlardan fərqli olaraq AQUPDK-ın erkən nigahlarla bağlı mübarizə tədbirlərinin ciddi nəticələr verdiyini bildirib:
“Qanuna görə, 18 yaşından aşağı şəxslər nigaha girə bilməz. Müstəsna hallarda bu həddi bir yaş azaltmaq mümkündür. O da müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə ola bilər. 2011-ci ildə 5138 qız erkən nigaha daxil olmuşdusa, 2018-ci ildə bu rəqəm 338-ə qədər azalıb. Hətta bunu beynəlxalq təşkilatlar da örnək kimi qeyd edirlər. Təbii ki, proses öz-özünə baş verməyib. Bu sahədə görülən işlərin nəticəsidir. Eləcə də 15-17 yaşlı qadınlar tərəfindən doğum hallarında da xeyli azalma müşahidə olunub. 2011-ci ildə 15-17 yaşlı xanımlar tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2129-a düşüb. Yəni 2 dəfə azalma var”.
Sədr müavini bir neçə görüşlə bəlli bir ənənə ilə böyümüş insanın fikirlərini dəyişməyin çətin olduğunu deyib:
“Bir stereotiplə, ənənə ilə böyüyən insanın fikrini bir iki təlim və ya görüşlə dəyişmək mümkün deyil. Odur ki, biz dayanmadan işləyirik ki, azalmanı bir az da sürətləndirək. Hər görüşdə qeyud edirik ki, erkən nigahın böyük fəsadları var. 15 yaşlı qızın ərə verilməsi çox yanlışdır. Özünün ata-ana qayğısına ehtiyacı olan bir vaxtda qız uşağı ailə yükünü, məsuliyyətini necə daşıya bilər? Bədəni, psixologiyası ana olmağa hazır olmayan qız dünyaya uşaq gətirir ki, bu da sonradan problemlər yaradır. Ya uşaq problemli doğulur, ya özündə hər hansı xəstəlik əmələ gəlir. Həmin qız 25 yaşına gələndə düşünür ki, bu idimi mənim həyatdan istədiyim? Bu idimi valideynlərimin mənə vəd etdiyi həyat? Erkən nigahdan sonra qız cəmiyyətdən təcrid olunur, ikincisi heç bir sənətin sahibi ola bilmir. Dünya görüşü natamam inkişaf edir, hüquqlarını bilmir. Qadın ali təhsil almasa da, mütləq peşə təhsili almalıdır. Ailə qurmaq gözəl hadisədir, ailə cəmiyyətin əsasıdır. Amma ailə sağlam münasibətlər, fikirlər əsasında qurulanda daha uğurlu və uzunömürlü olur”.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hər nə qədər qanun bu halları qadağan etsə də, bu o demək deyil ki, selektiv abortlar və ya erkən nigahlar problemi həll olunacaq. Dünya təcrübəsi göstərir ki, analoji problemlər qadağalarla həll edilmir. Məhz buna görə Böyük Britaniya kimi ölkələrdə bu cür qanunlar mənasız hesab edilir. Ylnız qadının daha çox haqq və imkanları olan cəmiyyət selektiv abortdan və erkən nigahdan üz döndərə biləcək.sonxeber.az

