Dövlət bayrağı varlığımızdır!
Dövlət bayrağı dövlətçilik atributlarından biridir. Hər bir vətəndaş təhsil aldığı illərdə məktəbdə, ailədə Dövlət Bayrağına sevgi ilə formalaşır. Bu formalaşma onun əsl vətəndaş kimi ictimai vəzifələrini müəyyənləşdirir. Tədbirlərdən birində bir məktəblinin dediyi fikir indi də yaddaşımdadır: “Bayraq dövlət deməkdir”. Uşaq təfəkkürü ilə deyilsə də bu mükəmməl fikri gözəl vətənpərvərlik ruhu bildik. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Ulu Öndərin bu tövsiyəsi indi də Azərbaycan gəncliyinin vətənpərvərlik manifestidir.
Müasir Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib, iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək qürurla dalğalanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib.
“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq” – xalqımızın Ümummilli Lideri Heydər Əliyev belə deyib…
Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında qaldırdığı vəsatətə 1991-ci il fevral ayının 5-də baxdı, “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi.
Dövlət bayrağı dövlətin siyasi pasportudur, Dövlət bayrağı heysiyyətdir, müqəddəsdir, toxunulmazdır…
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının əlamətidir, mövcudluğunun təsdiqidir.
“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. – Ulu Öndər Heydər Əliyevin bu kəlamları da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” kəlamları da hər bir azərbaycanlının düşüncələrindədir…
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. İşğaldan azad edilən ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı. İndi Dövlət bayrağımız Azərbaycanın sərhədləri daxilində hər yerdə dalğalanır. Qürurlanırıq ki, biz azərbaycanlıyıq! Azərbaycan Üçrəngli Dövlət bayrağımızın işığında daha nurlu sabahlara gedir!..
Səbinə Xasayeva,
Milli Məclisin deputatı