Gündəm 

“Vardanyanın isti suyu yoxdur” deyən vəkilinə qoyulan diaqnoz: Həm həyasızdır, həm də savadsız

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın və ailəsinin beynəlxalq hüquq məsləhətçisi Jared Genser “Azadlıq” radiosuna müsahibə verib.

Hüquqçu jurnalist Ülkər Akifqızının suallarını cavablandırıb. O, ilk olaraq Vardanyanın saxlanma şəraitindən danışıb və həyasızcasına bildirib ki, Vardanyan və Bakıda istintaq təcridxanasında saxlanılan digər separatçılar guya dövlət başçısı İlham Əliyevin “siyasi məhbusudur”.

JERAD.jpg (185 KB)

Jared Vardanyanın hazırkı saxlanma şəraitini yaşana bilən adlandırıb.

“Bundan öncə isə Vardanyan aclıq aksiyası keçirən zaman onunla pis rəftar edildi. Suyu məhdud olan, günün 24 saatı işığı yanılı qalan, heç bir oxu materialı olmayan cəza kamerasında saxlanıldı. Hazırda hər şey normaldır. Lakin siyasi məhbus olmağın özü xoş bir şey deyil. Onun və digər etnik ermənilərin tez bir zamanda mühakimə olunmasını və məhkəmə qarşısına çıxarılaraq, təqsirsizlik prezumpsiyası əsasında özlərini müstəqil, tərəfsiz tribunal qarşısında müdafiə etmək kimi hüquqlarından məhrum olunmalarından çox narahatam”, – o qeyd edib.

RUBEN SON.jpg (62 KB)

Hüquq məsləhətçisi separatçıları “siyasi məhbus” adlandırmasını belə əsaslandırıb:

“Məncə, onu siyasi məhbus adlandıran çoxlu təşkilat və şəxs olub. Məsələn, BMT-nin insan haqları üzrə keçmiş ali komissarı, İrlandiyanın keçmiş prezidenti Meri Robinson. O, İlham Əliyev tərəfindən həyata keçirilən etnik təmizləmənin bir hissəsi kimi saxlanılıb. Vardanyan ona görə həbs olunub ki, özünün fikir, sərbəst, müstəqil toplaşma azadlıqlarından istifadə edib. Onun siyasi məhbus olmasını həm də o deməyə əsas verir ki, Qarabağın 8 keçmiş lideri eyni ittihamla həbs olunub. Bu onu göstərir ki, yalnız Dağlıq Qarabağın liderləri təqib edilir”.

Jared Genserin jurnalistin məntiqli “Axı söhbət başqa dövlətin, yəni Azərbaycanın ərazisində hökumət qurmaqdan gedir. Bu, nə dərəcədə beynəlxalq hüquqa uyğun idi? Beynəlxalq hüquq Qarabağı Ermənistanın deyil, Azərbaycanın ərazisi kimi tanıyıb. Həm də Vardanyan Qarabağa qeyri-qanuni gəlmişdi. Bu, beynəlxalq hüquq pozuntusu deyil?” sualına cavabı belə olub:

“Mən bu sualla nəyi nəzərdə tutduğunuza tam əmin deyil. Sizə ABŞ-dən misal gətirim. Birləşmiş ştatlarda, Merlin ştatında məskunlaşan və sonra Merlin ştatının qubernatorluğuna namizəd olmaq qərarına gələn bir adamın bunun üçün ABŞ-nin mərkəzi hökumətindən icazə almasına ehtiyac yoxdur. Eləcə də Vardanyan. Bu uzun illər əvvəl qurulmuş subregional hökumətdir. O öz qanunlarına və bununla bağlı qaydalara əməl edən seçilmiş məmurlar tərəfindən bu vəzifəyə təyin olunmuşdu. Dünyanın əksər ölkələrində subregional hökumətdə öz namizədliyini irəli sürmək üçün milli hökumətin icazəsini tələb etmirlər.

BMT TŞ aydın şəkildə bildirdi ki, Qarabağın statusu ilə bağlı bütün tərəflər arasında danışıqlar aparılmalıdır. O, Qarabağı işğal olunmuş ərazi kimi qəbul etməyib. Bunun mübahisəli ərazi olduğu bildirilib. Ona görə də inanmıram ki, bu suallarla bağlı beynəlxalq ictimaiyyətin yekun qərarı olsun. Vardanyanın həbsinin dağlıq Qarabağa gəlməsi və ya gördüyü işlərə aidiyyəti yoxdur. O buna görə mühakimə olunmur. Bu hökumətdə çalışmış yüzlərlə şəxsdən biri kimi saxta ittihamlarla təqib olunur”.

Hüquq məsləhətçisinin həyasızlığının pik həddi isə bu olur ki, deyir, 120 min Qarabağ ermənisini Azərbaycan etnik təmizləməyə məruz qoyub, sərhəddən keçirib:

“Bu gün yaşadığımız dünya beynəlxalq hüquqla idarə olunur. Bütün hərəkətlər imzalanan və könüllü olaraq ratifikasiya olunan müqavilələrlə tənzimlənir”.

Belə məqamda jurnalistin haqlı sualı: Siz etnik təmizləmədən danışırsınız. Amma ermənilərin Qarabağdan zorakılıqla çıxarılmasına dair bir fakt yoxdur. Azərbaycan qalsınlar deyə çağırışlar edib, köç prosesində köməyini də təklif edib. Hansı fakta əsasən etnik təmizləmə deyirsiniz? Heç Ermənistanın özü bunun etnik təmizləmə olmadığını deməyib, heç…

Cavab: Mənə Azərbaycan hökumətindən başqa bir nəfər göstərin ki, bunun etnik təmizləmə olmadığını desin. Deyəsən, arqument naminə arqument irəli sürürsünüz.

Ermənistanın deməməsinə gəlincə, beynəlxalq hüququn reallaşması tədricən baş verir. Bu cür qərarların verilməsi üçün vaxt lazımdır. Ruandada baş verənlərin soyqırım kimi tanınması dərhal baş vermədi”.

Jurnalistdən növbəti şillə kimi sual gəlir: 1990-cı illərdə Qarabağın işğalı, yerli azərbaycanıların zor və silah gücünə qaçmağa məcbur qalması, 30 ildən çox çəkən köçkünlük həyatı insan haqlarının pozulması deyilmi?

“Mən sizinlə 1900-cü illərdə baş verənlərlə bağlı danışa bilməyəcəm. Mən tarixçi deyiləm. Bilmədiyim bir şey haqqında danışmağa haqqım yoxdur. Mən Qarabağın hazırkı durmu, Ruben və digər siyasi məhbuslar haqqında danışa bilərəm. TŞ-nin qətnamələrindən başlayaraq, yalnız tarix haqqında məlumatım var. Bölgənin tarixini ətraflı bilmirəm. Bilmədiyimə görə də konkret hüquqi rəy verə bilmərəm”.

Ümid edirəm, sizin çox da uzaq olmayan bu hadisələr barədə oxumaq və bu hadisələrə bizim efirdə hüquqi dəyər vermək imkanınız olacaq. Siz Azərbaycanı Vardanyana işgəncə verməkdə günahlandıraraq, BMT-yə müraciət etmişdiniz. Ona qarşı işgəncənin, qəddar münasibətin olduğunu nəyə əsasən iddia edirsiniz? Azərbaycan hökuməti işgəncə iddialarını rədd edir.

“Mən bu barədə BMT-yə 20 səhifəlik məktub yollamışam. Bu məktub ictimaiyyət üçün açıq mənbədədir. Azərbaycan hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi adından deyir ki, ona heç bir işgəncə verilməyib. Bu, yalandır. BQXK bütün dünyada eyni prinsiplə çalışır. Onun belə açıqlaması ilə heç vaxt rastlaşmamışam. Onda niyə bu məktubu ictimaiyyətə açıqlamırlar. Mən sübut toplaya bilmirəm, Azərbaycana gəlmək üçün mənə icazə verilmir. Əlimdə olan sübut Rubenin dedikləridir”.

CİNGİZ SON.jpg (299 KB)

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, Ruben Vardanyan Qarabağda doğulmayıb və heç zaman bu ərazilərdə olmayıb:

“Onun Rusiya vətəndaşlığından imtina edərək, Azərbaycan ərazilərinə qanunsuz yolla daxil olması artıq ilk hüquq pozuntusudur. O, burada olduğu müddətdə mülki erməni əhalisini silahlanmağa və Azərbaycan ordusuna qarşı döyüşməyə çağırıb.

Eyni zamanda Azərbaycanın dövlət rəhbərliyini terrorla təhdid edib. Onun sivil əhalini silahlanmağa çağırması və mərkəzi hakimiyyətə qarşı çıxması tamamı ilə terrorçu və separatçı hərəkətdir. Buna görə də Azərbaycan ərazisində qurulmuş qeyri-qanuni hakimiyyətin nümayəndəsi kimi maddələrlə istintaqa cəlb edilib.

Onun hüquq məsləhətçisinin ölkəsində oxşar hərəkətlərə yol verilsəydi, həmin şəxs çoxdan Quantanamo türməsində həbs həyatı yatırdı. Vardanyanın həbsində heç bir siyasi motiv yoxdur. Çünki siyasi deyil, terrorçu və separatçı fəaliyyətlə məşğul olub. Onun məsləhətçisindən fərqli olaraq heç bir beynəlxalq təsisat, hətta Ermənistan və Fransa belə Vardanyanın siyasi məhbus olması haqqında qətnamə qəbul etməyiblər. Bu vəkil sadəcə onun ailəsinin pulları ilə tutulub, maddi maraq qarşılığında sifariş yerinə yetirir.

Həmin şəxs deyir ki, 90-cı illərdə Qarabağda baş verən faciələri bilmir və tarixçi deyil. Beynəlxalq hüququ bilən vəkil üçün bu, biabırçılıqdır”.

ALOVSET.jpg (74 KB)

Hüquqşünas Əlövsət Allahverdiyev isə qeyd edib ki, Ruben Vardanyanın vəkilinin dediyi absurddur və hüquqi əsası yoxdur:

“O şəxslər təqibə məruz qalır və siyasi məhbus hesab olunurlar ki, ölkə vətəndaşları olurlar və öz hakimiyyəti tərəfindən təqiblərə məruz qalırlar. Həmçinin sərbəst fikir ifadə edirlər və siyasi baxışlarını dilə gətirirlər. Vardanyan isə Azərbaycan vətəndaşı deyil.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunan şəxsdir. Ona üç maddə ilə ittiham elan olunub. Bu üç maddənin tələblərini pozan şəxs necə siyasi məhbus ola bilər. Bunlar birmənalı şəkildə Azərbaycanın cinayət qanunvericiliyinin tələblərinin pozulmasıdır. Onun məsuliyyətə cəlb olunması tam qanunauyğundur”.

Hüquqşünasın sözlərinə görə, milliyyətindən və hansı ölkədə cəza çəkməsindən asılı olmayaraq, məhbusa qarşı işgəncənin verilməsi qəbuledilməzdir:

“Bu, işgəncələr əleyhinə konvensiyanın tələblərinə ziddir. Bu da faktdır ki, Azərbaycanda cəzasını çəkən Ermənistan vətəndaşları Azərbaycan vətəndaşları ilə bərabər şəkildə hüquqlara malikdirlər. Ona digər məhbuslara nisbətdə üstün şəraitin yaradılması yolverilməzdir. Bu məhbuslara yüksək səviyyədə baxılır. Heç bir işgəncədən söhbət gedə bilməz. Vardanyanın üzərində işgəncə əlaməti yoxdur. Bu, sadəcə olaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün ortalığa atılmış sözdür”.

Əlövsət Allahverdiyev bildirib ki, Qarabağda 120 mindən artıq erməninin yaşaması və onların guya azərbaycanlılar tərəfindən qovulması əsassız fikirlərdir:

“Alternativ olaraq 1 milyondan çox azərbaycanlının 30 il qaçqın statusunda olduğunu deyirik, buna fikir verən yoxdur. Hüquq müdafiəçisi bu mövzuda suala cavab verə bilmədi. Çünki hər şeyi birtərəfli görür. Onun dedikləri də bizim üçün əsas ola bilməz”.

Xatırladaq ki, Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

RUBEN DSX.jpg (302 KB)

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər