Dünya 

Ermənistan yeni müharibəyə HAZIRLAŞIR: Kərki istiqamətinə ORDU YERİDİLDİ

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Cermuk yaxınlığında yerləşən mövqeləri tərk etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Ölkədə böyük həyəcana səbəb olan bu xəbərə dərhal müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan reaksiya verib. O, yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Lakin elə həmin gün sosial mediada Ermənistan ordusunun hərbi kolonunun Kərkiyə doğru hərəkət etməsini əks etdirən yeni görüntülər yayılıb. Erməni sosial şəbəkə istifadəçiləri Ermənistan hərbi birliklərinin Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə getdiyini qeyd edib. Videoda hərbi kolunun qoşqulu artilleriya vasitələri – toplar daşıdığı açıq-aydın görünür.

Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə şərti sərhədinə qoşun toplamasına səbəb nədir? İrəvan yeni təxribata hazırlaşır?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində hazırda sülh sazişinin imzalanması istiqamətində iş gedir.

Onun sözlərinə görə, İrəvan bu və ya digər səbəblərdən prosesi uzadaraq vaxt qazanır: “Ermənistan qazandığı vaxtı sürətli silahlanmaya və digər ölkələrin nümayəndələrini Avropa İttifaqının “mülki missiyası”na cəlb etməklə, gələcəkdə özünün təhlükəsizliyini NATO çətiri altında təmin etməyə hazırlaşır. Digər istiqamətdə də şərti sərhəddə hərbi bölmələrinin yerdəyişməsini, dislokasiyasını həyata keçirir. Sülh sazişinin imzalanması ilə bağlı rəsmi İrəvan çoxsaylı bəyanatlar səsləndirsə də, reallıqda biz bunun əksini görürük. Əgər baş nazir Nikol Paşinyanın sülh sazişi imzalamaq niyyəti varsa, nə üçün silahlı qüvvələrini sürətli şəkildə silahlandırır? Ermənistan son dövrlər Fransadan, Hindistandan, Cənubi Koreyadan, Yunanıstandan silah-sursat alır, bu ölkələrlə hərbi texniki əməkdaşlıq əlaqələrini gücləndirir, yeni müqavilələr imzalayır. Bu yolla rəsmi İrəvan həm silahlı qüvvələrinin hərbi texniki arsenalını gücləndirir, eyni zamanda da Naxçıvanla şərti sərhədə, Sədərək rayonunun işğal altında saxlanılan Kərki kəndi istiqamətində hərbi birləşmələrinin yerdəyişməsini həyata keçirir. Ermənistan hərbi büdcəsini keçən il 46 faiz artırıb. İrəvan bu il ərzində hərbi texniki təminatını ən azı 2 milyard dolları həcminə çatdırmaq, bu miqyasda silahlanmanı həyata keçirmək istəyir. Əgər sülh sazişi imzalanmasa, tərəflər arasında razılıq əldə edilməsə, günün birində bu silah-sursat Azərbaycana qarşı istifadə oluna bilər. Bu silahların içərisində kifayət qədər Azərbaycan qarşı istifadə edilə biləcək təsirli hücum silahları, o cümlədən raketlər, artilleriya sistemləri də var”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycanın siyasi, hərbi rəhbərliyinin regionda baş verənlərin fərqində olması, bir çox hallarda təmkinli davranması hələlik üçüncü müharibənin qarşısını alır: “Hazırda Azərbaycan Ermənistanla elə vəziyyətdədir ki, hər an sülh də baş verə bilər, müharibəyə də təhrik olunar. Avropa gücləri xüsusən də Zəngəzur dəhlizinin açılmaması üzərində Ermənistanı cəsarətləndirirlər. Bu silahlanmanın həyata keçirilməsinin, Avropa İttifaqının “mülki missiyası”nın fəaliyyətinin, şərti sərhəddə bu gücləndirmənin məqsədi var. Məqsəd budur ki, günün birində Ermənistan vasitəsilə şərti sərhəddə hər hansı gərginlik yaradılsın. Bununla da Azərbaycanla Ermənistan yeni müharibə vəziyyətinə gətirilsin. Nəticə etibarilə göstərilsin ki, bu iki ölkə arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkündür. Məkrli planlar çox müxtəlifdir. İndiki halda Ermənistanı çox ciddi şəkildə gərginlik və eskalasiya yaratmağa, hansısa bir qarşıdurmaya təhrik edirlər, nəinki sülh sazişinin imzalanmasına. Hesab edirəm ki, Ermənistan hazırda işğal altında saxladığı Qazax rayonunun 3 kəndini və Sədərək rayonunun Kərki kəndini tezliklə Azərbaycana təhvil verməlidir. Hazırda bu istiqamətdə müzakirələr gedir. Belə bir fonda danışıqların Azərbaycanın istəkləri üzərinə nəticələnməməsi üçün Ermənistan Kərki istiqamətində təxribatlar da törədə bilər. Yəni, belə hiyləgər planlar var. Azərbaycanın siyasi, hərbi rəhbərliyinin hər şeyin fərqində olması, bir çox hallarda təmkinli davranması hələlik üçüncü müharibənin baş verməsinin qarşısını alır”.

Daha çox xəbərlər