Cəmiyyət 

“İri omba, dolğun sinə üçün əməliyyat etdirən qadınlar…”- Psixoterapevt elə sözlər dedi ki

Son dövrlərdə estetik və plastik əməliyyatlara marağın artması bir çox səbəblərlə əlaqələndirilir.

Qeyd edilir ki, sosial media platformaları, xüsusilə “Instagram”, “TikTok” kimi vizual məzmun mərkəzli platformalar, ideal gözəllik standartlarını formalaşdırır.

Bu, insanlarda öz görünüşlərinə qarşı narazılıq yaradır və estetik əməliyyata marağı artırır. Filtrlər və fotoşop vasitəsilə əldə edilən “mükəmməl görünüş” reallıqla uyğun gəlməsə də, insanlar bunu əldə etməyə çalışırlar. Bəzi insanların isə özünəinamlarını artırmaq və psixoloji məmnuniyyət əldə etmək üçün estetik əməliyyatlara yönəldiyi bildirilir. Estetik əməliyyatlar psixoloji vəziyyətin təzahürüdür, yoxsa?

WhatsApp Image 2024-12-07 at 12.39.50.jpeg (28 KB)

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Həyatda hər şeyin “ideal” olmasını istəyən insanlar zahiri görünüşlərini də ideal səviyyəyə gətirmək üçün davamlı olaraq dəyişikliklər edirlər. İnsanlar çox vaxt estetik əməliyyatlarla ətrafdakıların diqqətini çəkmək, sosial mühitdə daha üstün mövqeyə sahib olmaq istəyirlər. Onların özlərini daha çox sevəcəyinə dair yanlış bir inancdır formalaşır. Münasibətlərdə özlərini daha arzuolunan hiss etmək üçün estetik dəyişikliklərə gedən insanlar çoxdur. Əməliyyat etdirənlərin hamısını psixoloji problemi olan kimi qiymətləndirmək doğru olmaz. Bu, hər bir insanın şəxsi dəyərləri, məqsədləri və dünyagörüşü ilə əlaqədardır. İnsanların uşaqlıq dövründə və ya həyatlarının müxtəlif mərhələlərində bədənləri ilə bağlı lağlağı və ya zorakılığa məruz qalması travmalar yaradır. Keçmiş travmalar bədən haqqında mənfi düşüncələr formalaşdırır və gələcəkdə estetik dəyişikliklərə təhrik edir. Estetik qərarların arxasında duran səbəbləri yaxşı başa düşmək üçün psixoloji dəstək almaq və emosional vəziyyəti qiymətləndirmək lazımdır”.

Psixoterapevt əlavə edib ki, insanlar estetik əməliyyatları sadəcə olaraq özlərini daha yaxşı ifadə etmək və ya fərqlənmək üçün seçirlər:

“Düşüncənin yaratdığı fərqlilik insan həyatında mövqe müəyyən edir. Psixoloji problem deyil, sadəcə fərdi seçim ola bilər. Amma ağır psixoloji problemin də göstəricisi ola bilər. Sosial media və populyar mədəniyyət müəyyən bədən standartlarını ideal kimi təqdim edir. İnsanlar bu standartlara uyğun olmadıqda, özlərini cəmiyyətdən kənar hiss edirlər. Xüsusilə, qadınlar üçün iri omba, dolğun sinə və müəyyən bir bədən quruluşu “uğurlu” və “cəlbedici” kimi göstərilir, bu da özünüqiymətləndirməyə təsir edir. İnsanlar cəmiyyət tərəfindən daha çox qəbul olunmaq və ya bəyənilmək istəyirlər. İnsanlar başqalarının bədənini öz bədənləri ilə müqayisə edir və əgər bu müqayisədən narazı qalarlarsa, özlərini dəyişdirmək istəyirlər. Estetik dəyişikliklər sosial media təsiri ilə daha da dərinləşir.

Estetik əməliyyatların səbəbi sadəcə bir gözəllik arzusu deyil. İnsanların özlərini daha yaxşı hiss etmək, sosial olaraq qəbul olunmaq və daxili narazılıqlarını aradan qaldırmaq istəyindən irəli gəlir. Lakin bu əməliyyatların arxasında daha dərin emosional və psixoloji problemlər dayana bilər. Bədən dismorfik pozuntusu və özünüqavrayış problemləri müraciətçinin psixoloji halının əsas göstərciləridir. Bədən dismorfik pozuntusu insanların bədənlərində real olmayan və ya kiçik qüsurları həddindən artıq böyüdülmüş şəkildə qəbul etməsi ilə xarakterizə olunur. Bu insanlar öz görünüşlərindən daimi narazıdır və özlərini cəmiyyətin gözəllik standartlarına uyğunlaşdırmağa çalışırlar. Şəxslər düşünürlər ki, estetik əməliyyatlar özünəinamı bərpa edəcəkdir. Gözlənilən xoşbəxtlik bədəndə deyil, düşüncədədir. Estetik əməliyyata qərar verənlər arasında özlərini sevmə və qəbul etmə bacarığı zəif olan insanlar çoxdur. Onlar düşünürlər ki, zahiri görünüşdəki dəyişiklik daxili narazılıqları aradan qaldıracaq. Əsas problem isə psixoloji haldadır. Düşüncə dəyişməlidir ki, özünə, daha sonra həyata baxış dəyişsin. İstənilən dəyişiklik psixoloji aspektdir. Dəyişikliyə hazır olmaq lazımdır”.

 

Daha çox xəbərlər