Cəmiyyət 

Bakının qəsəbələri ciddi təhlükə ilə üz-üzə – Çıxış yolu təkcə budur

Builki payızda leysan yağışları Bakı və Abşeronun bir çox qəsəbələrində qrunt sularının artmasına və daşmasına səbəb olub. Hazırda Binə, Buzovna, Masazır və Xırdalan kimi ərazilərdə bir çox vətəndaşlar analoji problemlə qarşı-qarşıyadır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirib ki, bu problemin yeganə çıxış yolu drenajlardan istifadə etməkdir:

“Təkcə evlərə yox, bəzi qəbristanlıqlarda da belə hallar yaşanır. Xüsusən, Mehdiabadda yerləşən qəbristanlıqda qrunt suları ucbatından qəbirləri dərin qazmırlar.

Hələ yağıntılar bundan sonra başlayacaq. Yəqin ki, qar da bu qış daha çox yağacaq. Bu baxımdan bizi yağıntılı dövr gözləyir.

Qrunt sularının qarşısını almağın bircə yolu var: drenajlardan istifadə etmək”.

Ənvər Əliyev qeyd edib ki, qış aylarında analoji problem daha çox fəsadlar meydana gətirə bilər:

“Xüsusi drenaj borularından istifadə edərək, suların qalxdığı ərazilərdən çəkmək lazımdır. Yəqin ki, bu barədə aidiyyəti qurumlar addım atacaq. Belə vəziyyətlərdə qar daha çox fəsad yaradır. Çünki yağış suları asfaltın üstü və kanalizasiyalarla axıb gedir. Amma qar uzun müddət yerdə qalır və əriyərək yerin dərinliyinə hopur”.

Daha çox xəbərlər