Yol qıraqlarında satılan balıqlar haradan gətirilir? – Satıcı danışdı + FOTOLAR
Yol kənarlarında tez-tez səyyar balıq satışlarına rast gəlirik. Su vannalarında saxlanılan balıqlar öz alıcılarını gözləyirlər.
Satıcılar deyir ki, yenidir və çaydan tutulub. Alıcılar isə həmişə göl balığı ilə çay balığını ayırd etməyə çalışır və ondan iyin gəlib-gəlməməsini yoxlayır.
Musavat.com-un əməkdaşları yol kənarında olan balıqçılardan biri ilə söhbətləşib və balıqların əsasən haradan tutulduğunu öyrənməyə çalışıb.
Satıcı bildirib ki, yol kənarlarında satılan balıqların böyük əksəriyyəti Şorabaddan gətirilir və oradakı sulardan balıqçılar tərəfindən tutulur.
Onun sözlərinə görə, balıqların satışda qalma müddəti maksimum bir gündür və ondan sonra satışa yararsız olur. Ona görə də çalışırlar ki, günün sonunda qiymətlərdə endirim etsinlər ki, ziyana düşməsinlər.
Satıcı bildirib ki, sudak balığının kilosu 13 manata, kefal və kütümünkü isə 10-12 manat arasında dəyişir. Sazan balığı 10 manata satılır.
Satıcının sözlərinə görə, qış aylarında balıqdan zəhərlənmə nadir hallarda olur. Buna görə də insanlar rahatlıqla balıqları alıb dada bilərlər.
Alıcılar əsasən sazana, kefala və kilosu 11 manata satılan belamur balığına üstünlük verirlər.
Şahanə Rəhimli
Musavat.com