Prezident: Gürcüstanda sabitliyin pozulması həm bu ölkə, həm də Azərbaycan üçün zərərlidir
Gürcüstanda sabitliyin pozulması və ya bu kimi təhlükə Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı Gürcüstanda vəziyyətin sabitləşdiyini diqqətə çatdırıb:
“Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.
Prezident Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsinə diqqət çəkib:
“Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.