Gündəm 

Ermənilərin vandalizm aktlarına qarşı əməli addımlar atılsın! – UNESCO-dan tələb

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun missiyası dünya üzrə mədəni irsin qorunması və təbliği ilə yanaşı, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu qurum Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində törədilmiş mədəniyyət cinayətlərinə və vandalizm aktlarına münasibətdə susqunluq nümayiş etdirir. Azərbaycanın əraziləri 30 il ərzində Ermənistanın işğalı altında olub və həmin dövrdə ermənilər tərəfindən sistemli şəkildə tarixi, mədəni və dini irsimiz məhv edilib. Məscidlər təhqir olunub, qəbirlər dağıdılıb, muzeylər, tarixi abidələr və digər mədəniyyət ocaqları yerlə-yeksan edilib. Bu dağıntılar yalnız Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə vurulan zərbədir.

2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO regiondakı vəziyyəti öyrənmək və baş verənləri sənədləşdirmək məqsədilə missiyalar təşkil etməli idi. Bunun üçün Azərbaycan dəfələrlə UNESCO-ya müraciətlər edib, lakin bu müraciətlər indiyə qədər cavabsız qalıb. Bu da UNESCO-nun bu məsələdə tərəddüd etməsi təşkilatın obyektivliyini və bərabər yanaşma prinsipini şübhə altına alır.

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) UNESCO-nu Ermənistanın işğalçılıq siyasəti nəticəsində məhv edilmiş mədəni irsin vəziyyətini araşdırmaq üçün faktaraşdırıcı missiya göndərməyə çağıraraq, bu cinayətlərin beynəlxalq səviyyədə sənədləşdirilməsini və lazımi tədbirlərin görülməsini tələb ediblər. Vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb. Məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib. Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb”. Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb. O  da vurğulanıb Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib. Qeyd olunub ki, bu genişmiqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: “Ermənistan ərazisində qalan yeganə məscid – İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, UNESCO praktiki addımlar atmayıb: “UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhvinə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir. Biz – Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik”.

QHT-lərin UNESCO-ya ünvanladığı bu müraciət Ermənistanın həyata keçirdiyi vandalizmə diqqəti cəlb etmək üçün önəmli vasitədir. Belə müraciətlərin davamlı şəkildə təqdim olunması beynəlxalq arenada Azərbaycanın haqq işini tanıtmaq və mədəni irsin qorunmasını təmin etmək üçün effektiv strategiyadır. UNESCO-nun indiyə qədər açıq məktuba cavab verməməsi isə həmin təşkilatın bu məsələyə münasibətini şübhə altına alır. UNESCO-nun qlobal mədəniyyətin qorunması ilə bağlı prinsiplərinə uyğun olaraq bu çağırışa reaksiya verməsi, faktaraşdırıcı missiya təşkil etməsi və problemin həlli istiqamətində əməli addımlar atması zəruridir.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər