Mərkəzi Asiyada yeni dəmiryol xətti kimə nə verəcək – mühüm gəlişmə
Ekspertlərə görə, xəttin tikintisi nəqliyyat-logistika vəziyyətini və ümumi güc balansını nəzərəçarpacaq dərəcədə dəyişəcək
Dekabrın 27-də Qırğızıstanın Cəlalabad vilayətində Çinin Xəzər dənizinə çıxışına imkan verəcək yeni dəmir yolunun tikintisinə start verilib. Qırğızıstan Prezidenti Sadır Japarov Asiyanı Avropa ilə birləşdirən yeni ticarət yolunun bir hissəsi kimi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başlanması mərasimində yolun “Şərqlə Qərbi birləşdirən strateji körpüyə” çevriləcəyinə inandığını deyib. Onun sözlərinə görə, dəmiryol xətti Qırğızıstanın şimalı ilə cənubunu birləşdirməklə ölkənin nəqliyyat imkanlarının genişlənməsinə əvəzolunmaz töhfə verəcək.
Qeyd edək ki, 1997-ci ildə Daşkənddə keçirilən xüsusi iclasda Çin, Qırğızıstan və Özbəkistan nümayəndələri üç dövləti birləşdirəcək dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Uzun illər boyu iqtisadi zərurətin olmaması, həmçinin Rusiya və Qazaxıstanın əleyhinə çıxması memorandumun icrasına imkan verməyib.
Ukraynada işğalçı müharibə başladan Rusiyaya qarşı sanksiyaların tətbiqi Çin və Avropanın qarşılıqlı ticarət üçün kənar yollar axtarmasına səbəb olub. Belə yolların ən əlverişlisi isə Mərkəzi Asiyadan keçəndir. Bu yolun canlanması qlobal iqtisadiyyatda və geosiyasətdə mövqeyinin güclənməsi fonunda Çin üçün Rusiya ərazisinə əsas alternativ olan Mərkəzi Asiyada öz təsirini artırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. Buna görə də Pekin irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini öz üzərinə götürməklə yolun inkişafına təkan verməyə çalışır. Hazırda çinli investorlar Astanada metro tikintisinə və Bişkekdə istilik elektrik stansiyasının yenidən qurulmasına sərmayə qoyurlar.
Belə şəraitdə 2022-ci ilin sentyabrında tərəflər gələcək yolun marşrutu barədə razılığa gəliblər, altı aydan sonra Bişkekdə tikinti koordinasiya ofisi açılıb. 2023-cü ilin may ayında layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması başa çatdırılıb.
2024-cü ilin iyununda Çin, Qırğızıstan və Özbəkistan yeni dəmir yolunun tikintisi ilə bağlı sazişi imzalayıblar. İmzalanma mərasimində üç ölkənin liderləri iştirakçılara videomüraciətlərini göndəriblər. Çin rəhbəri Si Cinpin bildirib ki, Pekin işə mümkün qədər tez başlamağa qərarlıdır.
Bu il dekabrın 20-də Bişkekdə Qırğızıstan hökuməti ilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu şirkəti arasında bu yolun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmət göstərilməsi üçün investisiya sazişi imzalanıb.
Dəmir yolunun uzunluğu 454 km olacaq ki, bunun da 280 km-i Qırğızıstan ərazisindən keçəcək. Bütün xətt boyu 18 stansiyanın, 81 körpünün və 41 tunelin tikilməsi planlaşdırılır. Qırğızıstanda xüsusi yükboşaltma bazası tikiləcək, burada Çində istifadə olunan Avropa kalibrli qatarlar postsovet ölkələrində istifadə olunan “Rusiya” kalibrinə keçəcək.
Magistral yolun tikintisinin altı ilə başa çatdırılacağı gözlənilir. Layihəyə 4,7 milyard dollar xərclənəcək, məbləğin yarısını Pekin təmin edəcək, Bişkek və Daşkənd isə hər biri 25 faizini ayıracaq. Dəmir yolu ilə ildə təxminən 15 milyon ton yük və 300 minə yaxın sərnişinin daşınması nəzərdə tutulur.
Ekspertlərə görə, xəttin tikintisi Orta Asiyada nəqliyyat-logistika vəziyyəti və ümumi güc balansı nəzərəçarpacaq dərəcədə dəyişəcək. İlk növbədə Çinin Avropaya yükdaşımalarda Rusiya və Qazaxıstandan asılılığı kəskin azalacaq, ölkə Mərkəzi Asiyada mövcudluğunu gücləndirəcək. Gələcəkdə logistikanın daha da inkişafı sayəsində o, Avropaya, eləcə də Yaxın Şərq və Fars körfəzi ölkələrinə alternativ marşrut əldə edəcək.
Özbəkistan da öz mövqeyini möhkəmləndirəcək. Son illər bu ölkə sürətlə inkişaf edir. Dəmir yolu Özbəkistan istehsalçılarına nəhəng Çin bazarına çıxmağa şərait yararadacaq. Bundan əlavə, Özbəkistan Avrasiyada mühüm logistika mərkəzinə çevrilməyə çalışır və yolun tikintisi bu istiqamətdə bir addım olacaq.
Öz növbəsində Qırğızıstan Asiyadan Avropaya yükdaşımaların mühüm bir hissəsini öz ərazisinə cəlb etmək fürsəti qazanacaq, bu sahədə Qazaxıstandan asılılığını minimuma endirəcək. Ölkə həmçinin sabit gəlir mənbəyi əldə edəcək: Xəttin istismarı ilə dövlət büdcəsinin hər il 200 milyon dollar artırılması gözlənilir.
Gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Türkmənistandan keçməklə İranla, sonra isə Türkiyə ilə birləşdirilməsi ideyası da nəzərdən keçirilir. Lakin marşrutun İran ərazisindən keçən hissəsinin tikintisi yüz milyardlarla dollar tələb edə bilər. Odur ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun yaradılması əsasən Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Gürcüstan və Türkiyədən keçməklə Avropaya gedən daha qısa marşruta hesablanıb. Gələcəkdə bu marşrut Zəngəzur dəhlizi ilə birbaşa Türkiyəyə qoşula bilər.
Yada salaq ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekə səfəri zamanı Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək bildirmişdi ki, dəmir yolu xətti Türkmənistandan keçərək Xəzər dənizinin sahilinə çıxarsa, bu regionda ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin yükdaşımaların maya dəyərini xeyli aşağı salacaq.
Son iki ildə Asiya ilə Avropanı ənənəvi marşrutlardan kənar ərazilərlə birləşdirən əsas ticarət yoluna iddia edən Orta Dəhlizin əhatə dairəsinin genişlənməsi prosesi müşahidə olunur. Dəhlizin ana xətti Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətidir. Yükdaşımaların mühüm hissəsinin məhz bu marşrutla həyata keçirilməsi nəzərdə tutulur. Lakin Mərkəzi Asiyanın digər ölkələri də dəhlizə qoşulmaq, Asiya-Avropa nəhəng yükdaşımalarından pay almağa çalışırlar. Uzun illərdir bu istəyinə Qazaxıstanın yaratdığı əngəllərə görə çata bilməyən Qırğızıstan yeni dəmir yoluna böyük ümidlər bəsləyir.
Rusiya da prosesdən kənarda qalmamaqda israrlıdır. Ötən ilin sonlarında Qırğızıstan, Özbəkistan və Rusiya Qazaxıstan ərazisindən yan keçən nəqliyyat dəhlizinin yaradılması və inkişafı barədə razılığa gəliblər. Müvafiq memorandum Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı nəqliyyat forumunun yekunlarına görə üç ölkənin müvafiq nazirliklərinin rəhbərləri tərəfindən imzalanıb. Alternativ marşrut Özbəkistan və Türkmənistandan keçir. Daha sonra Xəzər dənizi boyunca yük maşınlarını Türkmənbaşı limanından bərə ilə həm Bakıya, həm də Rusiyanın Mahaçqala və Həştərxan limanlarına daşımaq olar. Bişkekdəkilər bu marşruta Qırğızıstandan Rusiyaya və Avropaya yüklərin çatdırılması üçün yeganə yola – Qazaxıstan üzərindən keçən marşruta alternativ kimi baxırlar. Yeni marşrutla yükdaşımalar Qazaxıstandan keçən yolla müqayisədə baha başa gələcək, lakin Bişkekdə Türkmənistan və Azərbaycanın onlara müəyyən güzəştlər tətbiq edəcəklərinə inam böyükdür. Eyni zamanda Qırğızıstan tərəfi bahalı dəniz daşımalarından qaçmaq üçün yüklərin İran üzərindən Azərbaycana, buradan isə Rusiya və Avropaya daşınması variantını müzakirə edir. Çünki Xəzərin Şimal əraziləri çox dayazdır, ağır gəmi-bərələrlə yükdaşımaların təmin olunması üçün Rusiya və Qazaxıstan limanlarında yüksək maliyyə tutumlu və uzunmüddətli işlərə ehtiyac var. Buna görə də yüklərin Türkmənistan və İrandan Azərbaycan üzərindən daşınması ən əlverişli variant hesab olunur.
Qeyd edək ki, Asiya-Avropa arasında daha bir ticarət yolunun əsasının qoyulmasına bu il sentyabrın 19-20-də Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında başlanılıb. Açıqlanan rəsmi məlumata görə, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun verdiyi məlumata görə, qlobal logistika bazarlarının dinamikası dəyişir, Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir: “Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”.
Rəsmi Bakı son 10 ilə yaxın dövrdə öz ərazisindən yükdaşımaların həcminin artırılması, Azərbaycanın regional tranzit habına çevrilməsi hədəfinə nail olmaq üçün infrastruktur layihələrinə milyardlarla dollar yatırımlar edib. Ələtdə Xəzər sahilində ən böyük yük limanı yaradılıb. Limanın buraxılış gücü 15 milyon tondur, hazırda bu gücün 25 milyon tona çatdırılması istiqamətində böyük layihələr həyata keçirilir. Ölkənin dəmiryol sisteminin Şərqdən Qərbə yükötürmə gücü 15 milyon tona çatdırılıb. Bakı-Naxçıvan-Qars dəmiryol xəttinin işə salınması bu gücün ən azı 50 faiz daha artmasına gətirib çıxaracaq. Bütün bunlara görə Azərbaycan qonşu və tərəfdaş ölkələrin müxtəlif marşrutların formalaşdırılması təkliflərinə müsbət yanaşma sərgiləyir.
“Azərbaycan Dəmir Yolları” QSC artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb. TBNM çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin passiv olan cənub qanadında yerləşən ölkələrin aktiv fəaliyyətə cəlb edilməsi ilə daha da genişləndirilməsidir.