Gündəm 

996 kilometrdən cəmi 13-ü…

Paşinyanın 2024-cü ildə sülh sazişi ilə bağlı siyasəti “evi yanan yalançı” deyimini yada saldı…

Bütöv bir il üçün siyasi proqnozlar yazmaq- üstəlik, söhbət Ermənistanın sürüşkən hakimiyyətinin sülh sazişindən gedərsə-ciddi iş sayılmaz. 2024-cü ilin yanvarında “Erməstanla 2024-də sülh sazişi olmayacaq” yazdığımızı (https://www.musavat.com/news/2024-de-sulh-sazisi-olmayacaq-si-vis-pacem-para-bellum_1036863.html) ilin yekunda xatırlatmağın səbəbi başqadır.

Əvvəla, 2024-cü ilin yekunlarına nəzər yetirərkən, bir daha təsdiqləndi ki, baş nazir Nikol Paşinyan Ermənistanın gələcək taleyinə olsa-olsa, saqqalı kimi baxır, yəni istədiyi vaxt “kəsib atmağa”, ya da “uzatmağa” hazırdır. Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində il ərzində ən müxtəlif bəyanatlar verildi, bugünlərdə isə bundan ümumiyyətlə imtina etdi.

eb045992b952013de200712045e32442.jpeg (69 KB)

İkincisi, bir ildə dəfələrlə “bir aya sənədi imzalayaram”, “dərhal buna hazıram” kimi qeyri-ciddi, arxasında əməl olmayan bəyanatlarla sülh sazişini bəlkə də qəsdən gözdən saldı, mövzunun ciddiliyinə belə münasibətlə xələl gətirdi. Paşinyan sülh sazişi ilə bağlı builki siyasəti “evi yanan yalançı” deyiminə yaxın oldu. Bu səbəbdən həm yüksək, həm xarici işlər nazirləri səviyyəsində danışıqlarda yekun nəticə olmadı.

Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin 32 illik işğaldan sonra Azərbaycana geri qaytarılması əlbəttə, ilin uğurları sırasındadır ki, bunu da İrəvan özbaşına, daha dəqiqi xoşluqla etmədi. Delimitasiya komissiyalarının razılaşması əsasında 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edildi və 4 kənd Azərbaycanın nəzarətinə qaytarıldı. Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatında da məhz kəndlərin qaytarılması ilin müsbət nəticəsi kimi qeyd edilib. Bildirilir ki, 4 kəndin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb, hər iki tərəfdən müvafiq komissiyalarının əsasnamələri razılaşdırılıb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu 996-la 1007.1 km arasında dəyişdiyini nəzərə alsaq, bu prosesin(delimitasiya və demarkasiya) hələ nə qədər (neçə illər!)davam edəcəyini söyləmək çətindir. Ermənistan da Avropa Birliyinin kəşfiyyatçı-müşahidə missiyasını ən müxtəlif bəhanələrlə daha bir neçə il (fevralda missiyanın iki illik müddəti başa çatır) sərhəddə saxlamaq istəyir. Onların sərhəddə qaldığı müddətdə isə sərhədlərin müəyyənləşməsinin tezliklə yekunlaşacağını gözləmək əbəsdir. Rəsmni Bakı il ərzində Aİ müşahidəçilərinin təxribatçı davranışlarına etiraz olaraq onların sərhəddən çıxarılmasının vacibliyini ən yüksək səviyyədə bəyan etdi, amma belə anlaşılır ki, Brüssel və İrəvan çətin mövqeyini dəyişsin.

akash.jpeg (66 KB)

Yeri gəlmişkən, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın (eləcə də digər maraqlı tərəflərin-İran, Fransa və sairə)bu il də davam edən bəhanələri, guya bunu revanşist qüvvələrin əhval-ruhiyyəsi ilə izah etmək cəhdləri əlbəttə gerçək deyil. Paşinyan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi 4 ildir icra etmir. Halbuki, həmin bənddə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi, Ermənistan tərəfinin vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcəyi, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi açıq-aydın yazılıb. Eyni zamanda, qeyd edilib ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunacaq.

Nəhayət, Ermənistan il ərzində xarici qüvvələrin birbaşa dəstəyi ilə silahlanma siyasəti həyat keçirməklə regionda təhlükəsizliyə təhdid yaratdı. Əminliklə demək olar ki, Ermənistanın sürətlə silahlanması regionda normallaşma prosesinə ciddi maneə olaraq qalmaqda davam edir.

c869be5e7cdcf0de073db3f26e4a7975.jpeg (236 KB)

Ermənistanın silahlanmasında mühüm rol oynayan ölkələrdən biri, şübhəsiz ki, də Fransadır. Beynəlxalq arenada İrəvanı tam və total, açıq şəkildə dəstəkləyən Fransa hərbi əməkdaşlığı fəal şəkildə genişləndirir. Fransız şirkətləri Ermənistana atıcı silahlar və kəşfiyyat avadanlıqları tədarük edir. Son iki ildə bu tədarüklərin həcmi 50 milyon avronu keçib.Son illərdə Ermənistanın müdafiə büdcəsi əhəmiyyətli dərəcədə artıb. Əgər 2023-cü ildə bu büdcə 1,3 milyard dollar təşkil edirdisə, 2024-cü ildə 1,4 milyard dollara yüksəlib. Bu vəsaitlər ordunun modernləşdirilməsinə və yeni silahların alınmasına yönəldilir.

Bu kontekstdə İrəvan funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Qrupunun “qulpundan” əl çəkmədi də.

Mənzərə belədir və gələn il də sülh sazişi üçün xüsus optimizm üçün hələ ki, əsas yoxdur. Bu isə müharibədə uduzan və hazırda da hərbi baxımdan əlverişsiz mövqedə qalmaqda davam edən Ermənistana yaxşı heç nə vəd etmir…

Daha çox xəbərlər