Qərb Ermənistanda Rusiya və İrana qarşı cəbhə açır, Moskva və Tehran hələ də erməniləri bəsləyir…
Ermənistan hökuməti yanvarın 9-da ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinə “yaşıl işıq” yandırıb. Sonrakı hadisələrin məsuliyyətini öz üzərinə götürməyə cəsarət etməyən baş nazir Nikol Paşinyan deyib ki, təşkilata üzvlük məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.
“Soros uşaqları” hakimiyyətə gəldiklərindən bəri üzərinə götürdükləri öhdəlikləri icra etməyə çalışırlar, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb, Qərbin ağuşuna atmaq. İrəvanın qərarını Qərbdə sevincək qarşılayıblar. Amma görünür, onlar da hay xislətinə bələd olduqlarından tədbirli davranmağa qərar veriblər. Şübhələniblər, görəsən, Ermənistan ilin-günün bu vaxtında niyə Avrointeqrasiya qərarını elan edib? Gürcüstan Avropaya yolçuluğunu təxirə salıb, Moldova gözləyir, Ukrayna od içində.
Ermənistan niyə həvəslənib?
Bəlkə Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxan Finlandiya təcrübəsi Paşinyan hökumətini həvəsləndirib? Hər halda araşdırırlar.
Avropa xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper deyib ki, Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına qoşulma prosesinin başlanması ilə bağlı ölkə hakimiyyətinin qanunvericilik təşəbbüsünü araşdırmaq niyyətindədir.
“Biz qanun layihəsini təhlil edəcək və onu Ermənistan hökuməti ilə müzakirə edəcəyik”, – Hipper bildirib.
Qərbdə də anlayırlar ki, Ermənistan iki stulda oturmağa çoxdan öyrəncəlidir.
“Politiko” nəşri əbəs yerə Paşinyanın sözlərini sitat gətirməyib.
“Qanunun qəbulu Ermənistanın sözün əsl mənasında Aİ-yə daxil olması demək deyil, çünki bu, qanun və ya hökumətin qərarı ilə edilə bilməz, bununla bağlı qərar yalnız referendum yolu ilə verilə bilər” – Paşinyan bildirib.
Avrasiya İqtisadi İttifaqından bəhrələnən Ermənistanın fürsət düşən kimi 27 dövləti öz çətiri altında birləşdirən Avropa İttifaqının qucağına atılması təbii ki, riskli hesab olunur. Forpost asanlıqla əldən çıxa bilməz. Ona görə də “bəd ayaq” üçün referendum söhbətini ortaya atıblar.
Ermənilərin və Ermənistanın nə qədər etibarsız olduğunu hər kəs bilir, o cümlədən Rusiya və İran. Amma bu iki dövlətin Ermənistanın Avropa İttifaqına doğru oğrun-oğrun istiqamət götürməsinə reaksiyalar təəccüb doğurur. 2022-ci ildən etibarən Avropa İttifaqının “mülki” adında, əslində hərbi casus şəbəkəsi Ermənistandadır: Rusiyanın hərbi bazasının olduğu ölkədə, həm də İranın “qulağının dibində”. Əvvəlcə iki aylıq 40 nəfərlə Ermənistanda peyda olan Aİ “müşahidəçiləri”nin sayı sonradan 5 dəfədən çox, ömrü isə iki illik artırıldı və bu günədək bölgədədirlər. Fevral ayında isə missiyanın Ermənistanda qalma müddətinin artırılacağına şübhə yoxdur, bütün proseslər bu istiqamətdə gedir. Cari ildən Avropa İttifaqına sədrlik edəcək Polşanın prezidentinin İrəvana səfər edərkən məhz Arazdəyən tərəfə gedərək, buradakı Aİ missiyası ilə görüşməsi də təsadüfi deyildi. Aİ bununla həm də İran və digər ölkələrlə bağlı planlarını deşifrə etmiş oldu. Amma Azərbaycana münasibətdə vaxtaşırı “qırmızı xətt”dən bəhs edənlər nədənsə bu faktı görməzdən gəldilər. Həm Rusiya susdu, həm də İran.
2025-ci il Ermənistan üçün iqtisadiyyat və təhlükəsizliyin sonu, tənəzzülü ili kimi görünür.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif Respublika Partiyası Gənclər Təşkilatının sədri Henrix Danielyan deyib.
“Paşinyan iqtidarı Ermənistan üçün yeni dağıdıcı gündəm təşəbbüslə çıxış edib: ağır nəticələrlə dolu olan Avropa İttifaqına (Aİ) üzvlük məsələsi. Ermənistan eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi Birliyinin (AİB) tamhüquqlu üzvü ola bilməz.
AİB ilə əlaqələrin azalması enerji və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına, Ermənistan mallarının ixracının isə 80 faizə qədər azalmasına səbəb olacaq. Ermənistanın biznes sektorunun böyük hissəsi müflis olacaq və bütün bunların “yeganə uğur”u o olacaq ki, onlar Aİ-nin vizasız rejimi sayəsində, məsələn, Barselona və ya Neapolda iflas faktı ilə üzləşə biləcəklər”, – siyasətçi qeyd edib.
Yanvarın 9-da Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirdi ki, Moskva İrəvanın Avropa İttifaqına qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirir.
Təəccüblüsü budur ki, Overçuk bunu İrəvanın “suveren seçimi” adlandırıb. Maraqlıdır, Rusiya nə vaxtdan postsovet ölkələrinin “suveren seçimi”nə hörmət etməyə başlayıb, özü də forpost Ermənistanın?.. Düzdür, Overçuk onu da deyib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.
“Hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur”, – deyən rusiyalı məmur bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etməyi mümkünsüz sayıb.
“Ona görə də Ermənistanda hazırda müzakirəsi gedən “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur” – deməklə Overçuk dolayısı ilə Paşinyan hökumətini “ağıllı olmağa” çağırıb. Həm də xəbərdarlıq edib ki, Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri qalxacaq, digər tərəfdən isə yerli malların ixracı 70-80% azalacaq.
“Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində Ermənistan əhalinin azalması ilə üzləşəcək. İndi getdikcə aydınlaşır ki, Aİİ-yə üzvlük imtiyazdır”, – deyən Overçuk Aİ-yə üzvlüyü “Titanik” gəmisinə bilet almaqla müqayisə edib. Bəli, xəbərdarlıqdır. Amma Ukraynanın başına üç ildir od ələyən Rusiyanın Ermənistanla belə ehtiyatlı danışması heyrət doğurur.
Keçən ilin sonlarında Overçuk demişdi ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ilin 10 ayı ərzində iki dəfə artıb. 2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dolları arasında dəyişə biləcəyini də məhz o demişdi. 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) 6 dəfə çox! Üstəlik, “Bizim Ermənistandakı sərmayələrimiz artıq 3,4 milyard ABŞ dollarına çatıb. Ermənistanda 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir. Onların bir hissəsi dövlət büdcəsinə ən böyük vergi ödəyicilərindən biridir”.
Yəni Ermənistanı bütün mənalarda saxlayan Rusiya niyə ondan çəkinir və bu ölkəyə Qərbin mülki geyimli qüvvələrinin, casus şəbəkəsinin cəm olmasına qarşı sərt təpki göstərmir?
İran da susqun. Qəribədir, bu iki nəhəng ölkənin Ermənistanın yanında nə ayıb əməlləri var ki, Paşinyan hökumətinin şantajından çəkindiklərinə görə onun Qərb üçün plasdarm olmasına təpki göstərmirlər? Bəlkə Qarabağ həqiqətlərinin açılmasından ehtiyatlanırlar. Axı, Paşinyan bu yaxınlarda Qarabağla bağlı arxivləri açmağı tapşırıb. Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışı nə qədər həqiqətləri ortaya çıxardı. Hələ görün orada İran və Rusiya ilə bağlı nələr var… İstisna deyil ki, Ermənistanın şantajı onun Avrointeqrasiya yolundakı “cəsarətli” addımlarında yardımçı olur. İran və Rusiya Ermənistanı həm qidalandırır, həm isidir, həm hərbi cəhətdən təmin edir, amma Avropa İttifaqı “hazıra nazir” olur. Səbəbsiz ola bilməz. Bir müddət əvvəl Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan demişdi ki, ölkəsi üçün Rusiya ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır.
Son illərdə Ermənistandakı anti-Rusiya meyllərinin dinamikası heyrət doğurur. Rusiyanın təsir dairəsində olanlar ya həbs edilib, ya istintaq altındadır, ya da küncə sıxışdırılıb. Rusiyanın İrəvandakı səfirliyinin “yumurta atəşinə” tutulması da unudulmayıb. Ermənistanın Rusiya prezidenti Vladimir Putinin həbsinə hesablanmış Roma Statusuna qoşulması da məhz Qərbin diktəsi ilə baş verdi. Ötən il “Zvartnos”dan, İran-Ermənistan sərhədindən rus sərhədçilər çıxarıldı. ABŞ və Aİ hərbçilərinin, hərbi yüklərinin rahat daşınmasına zəmin yaradıldı. İrəvan “Rus NATO-su”nu – KTMT-ni “təşkilat yerinə” qoymur, amma Rusiya yenə də dözür. Rus dilini məhdudlaşdıran Ermənistan hakimiyyəti ölkə ərazisində Rusiya telekanallarının yayımlanması ilə bağlı öz təkliflərini yanvar ayında yenidən Moskvaya göndərəcək. Hər yerdə Rusiyadan uzaqlaşmaq xətti yürüdülür, amma Rusiya Ermənistana “dözür”. Hələ üstəlik, Rusiya üçün də vacib layihə olan Zəngəzur dəhlizinin açılmasına Ermənistanın müqavimətinə də biganə yanaşılır.
İrana gəldikdə, Azərbaycanın Zəngilan bölgəsində bir vaxtlar camış fermasının açılacağı xəbərindən təşvişə düşərək camışları hansısa ölkənin “hərbi obyektləri” kimi görən və müsibət qoparan cənub qonşumuz nədənsə Ermənistana doldurulan NATO və Avropa İttifaqının hərbçilərini görə bilmir. Bəlkə “eynəyini” dəyişdirsin. Ermənistandakı “binokl diplomatiyası”nın təmsilçiləri təkcə Azərbaycan ərazilərinə boylanmırlar!
Budur, xəbər yayılıb ki, İslam Respublikası parlamentinin İran-Ermənistan Dostluq Qrupu yanvarın 12-15-də Ermənistana səfər edəcək. Özü də dostluq qrupuna İran vətəndaşı Ara Şahverdiyan rəhbərlik edir. Nə danışacaqlar, indidən demək çətindir. Bundan əvvəl İranın Təhlükəsizlik Şurasının katibi də Bakıdan sonra İrəvana getdi. Güman ki, Ermənistana doluşan Qərb emissarları ilə bağlı narahatlıq ifadə olunub, amma bu, yetərlidirmi? Niyə İran bircə dəfə də olsun Ermənistana Mehri “nəfəsliyi” xəbərdarlığını etmir? Ermənistanın boğazını tutsa, canını o dəqiqə tapşırar, elə isə niyə Azərbaycanı günaşırı təhdid edən İran generalları və əyalət mollaları Ermənistanın addımlarına biganədirlər? Olmaya İranda da İrəvanın Avropa İttifaqına üzvlüyünü onun “suveren hüququ” sayırlar? Bəlkə Ermənistanın NATO-ya üzvlüyü ilə bağlı planlarından xəbərsizdir “göz yaşlarına inanmayan” Moskva və “qorxulu Tehran”… Necə olur ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst gediş-gəlişin təmin olunmasını, Zəngəzur dəhlizinin açılmasını özünün qara, qırmızı, narıncı xətlərinə təhlükə sayır, amma Ermənistanda Amerika, Fransa, Kanada…hərbçiləri min hoqqadan çıxır, İran buna sakit yanaşır?!
Ötən ilin məlumatına görə, təkcə mart-avqust aylarında İran və Ermənistan arasında qeyri-neft ticarətinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6% artıb. İki ölkə arasında qeyri-neft ticarəti 192 108 milyon dollar təşkil edib. Nəticədə Ermənistan İranın ticarət etdiyi dövlətlər arasında 10-cu pilləyə yüksəlib. Diqqət edin, həm Rusiya, həm də İranla ticarət dövriyyəsi “kəllə-çarx”a qalxıb. Amma və lakin Qərbi Ermənistandan Rusiya və İrana qarşı cəbhə açmaq planlarına həm Moskva, həm də Tehran səssiz yanaşır. Fransa Gorusda baş konsulluq açmağa hazırlaşır, üstəlik, bu gedişlə Ermənistanda hərbi baza qurmağa da girişəcək. Azərbaycan əleyhinə fəaliyyətdə Fransa ilə birgə addımlar atan İran Makronun Ermənistan siyasətinə səssizdir. Rusiyanın ermənilər üçün etdiklərinin sayı-hesabı yox, amma ermənilər Putini həbs etmək üçün fürsət gəzir. Rusiya rəhbərliyi hələ belə təhqir olunmamışdı, özü də öz təbəəsi tərəfindən. Sususrlar, dözürlər bu qədər təhqirlərə. Niyə? Səbəbini desinlər, biz də bilək.
Avropa İttifaqının hərbi casus şəbəkəsinin müddətinin uzadılması təkcə Azərbaycana qarşı deyil, həm də Rusiya və İran əleyhinə hazırlanan plandır, gözlərini açıb, yaxşı-yaxşı baxsınlar!