SOS! Arıçılıq təhlükədə: bu səbəbdən bölgələrdə arılar məhv olur
Arıçılar Assosiasiyasının sədr müavini: “Qarşısı alınmasa respublikada bütün arılar tələf olacaq”
Bu ilin sonuna kimi bütün arılar tələf ola bilər.
Bu barədə Musavat.com-a arıçılar məlumat veriblər. Qeyd edilir ki, gənələr arıçılıq təsərrüfatına ciddi zərbə vurub, xeyli arı tələf olub. Arıçıların sözlərinə görə, o səbəbdən bu il bal tədarükü olduqca aşağı düşüb.
Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Sabir Mustafayev Musavat.com-a faktı təsdiqləyib. O deyib ki, bu il Azərbaycanda payız-qış aylarında böyük arı tələfatı olub, bu da təqribən 40-50 faiz üzərindədir:
“Xüsusilə də işğaldan azad olunmuş rayonlarda arı sıxlığı oldu və yoluxma daha çox oldu. Buna səbəb həmin bölgələrdə çox yayılan varroa gənəsi və onun törətdiyi viruslardır. Əvvəllər gənələri dərmanlarla məhv edirdilər, amma indi gənələrdə həmin dərmanlara qarşı immunitet yaranıb. Ona görə də bu müalicələr təsir etmir. Azərbaycanda hazırda daha bir təhlükəli “tropi elat” gənəsi də yayılıb. O, isti ölkələrdə mövcud olan gənədir. Gənə Azərbaycanın Şimal və Qərb rayonlarında peyda olub. Azərbaycanda əsasən köçəri arıçılıqdır, ona görə yoluxma riski həddən çoxdur. Yaxınlarda Biləsuvarda da “tropi” aşkarlandı”.
Mütəxəssis əlavə edib ki, bu cür gənələrlə yeganə mübarizə yolu ana arıların bir müddət izolyasiya olunmasıdır: “Yəni yuvada onları qəfəsə salırlar, ana arı toxum qoymur. Çünki o gənələr ananın qoyduğu sürfələrlə qidalanır. Sürfə olmayanda gənə məhv olur. Həm də mübarizə aparmaq daha rahat başa gəlir. Gənələrlə mübarizə ən effektiv üsul isə dağlıq ərazilərdə arıların qışlanmasıdır. Misal üçün, mənim Kəlbəcərdə arılarım var, onlara heç nə olmayıb. Çünki orada arı bala qoymağı dayandırır, ona görə gənələrlə daha rahat mübarizə aparmaq olur. Çox təəssüf ki, bizə arını qışlatmağa icazə vermirlər. Bu il arıçılar adından bir dəfə müraciət etmişik. Növbəti dəfə də müraciət edəcəyik. Yeganə yol arıları dağlıq şəraitdə qışlatmaqdır, yaxud da ana arıları izolyasiya etməkdir. Amma ana arıları izolyasiya etməyi heç kəs bilmir. Çünki bir az təhlükəlidir, ana arılar ölə bilir. Ana ölərsə, o arı ailəsi məhv olur. Bir də təbii dərmanlarla dərmanlamaq lazımdır, çünki, bu balın keyfiyyətinə də təsir edir”.
Sabir Mustafayev qeyd edib ki, bu məsələdə dövlət tərəfindən dəstək lazımdır: “Bəzi dərmanlar gətirilməlidir ölkəyə, onların qeydiyyatı vacibdir. Bunun qarşısı alınmasa respublikada bütün arılar tələf ola bilər. Çünki orada tək gənə deyil, başqa yoluxucu xəstəliklər də var. Yoluxucu xəstə olan arıların köçünə icazə verilməməlidir, karantinə alınmalıdır. Müalicə eyni vaxtda bütün respublika üzrə aparılmalıdır, yaxud da bölgələr üzrə. Yoxsa effekti olmayacaq. Tropi gənəsi çox yoluxucudur, çünki o, bir arıdan başqa bir arının üstünə 15 santimetrə qədər məsafədən tullana bilir”.
Məlumat üçün bildirək ki, ötən il respublikamızda 3 min tona yaxın bal istehsal olunub. Bunun da bir qismi “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılıb. Bu barədə fevralın 3-də Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransında məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4550,0 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun – 15,9 manat, vərəmumun – 97,2 manat, güləmin – 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,0 manat olub.
2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9,0 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22,0 faiz, güləm istehsalı 62,0 faiz, arı südü istehsalı 25,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalmışdır. Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.