Təhsil 

“Oranı görməmisənsə, sənə niyə diplom verək?”

Elm və təhsil naziri Emin Əmrullayev son günlər saytımızın da gündəmə gətirdiyi diplom problemindən danışıb.

Belə ki, “Qafqazinfo”da məsələ ilə bağlı hələ ötən ay yayımlanan şikayətdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbələri 2 ildir diplomsuz, işsiz qaldıqlarını bildirmişdi. Bundan başqa, bir neçə gün əvvəl Türkiyədə təhsil almış, lakin diplomunu ölkəmizdə tanıda bilməyən bir neçə məzun da bizə müraciət etmişdi.

Ötəngünkü brifinqdə nazirə məzunlara diplomların verilməməsi məsələsi ilə bağlı sual ünvanlanıb. Nazir isə cavabında məsələyə belə aydınlıq gətirib: “Bizim işimiz ədalətliliyi təmin etməkdir. Yəni burada hansısa uşaq 550 bal toplayıb, özü də, valideyni də əziyyət çəkib, 4 il də oxuyub. Biz ona da diplom verək…

Bal toplamayıb xaricdə, orada, burada təhsil alıb diplom əldə edib kağızla üstümüzə gəlir ki, “mənim də diplomum var, onu tanıyın”. Bunun giriş hissəsi doğru, ədalətli olmalıdır. Bizim işimiz ədaləti təmin etməkdir, nəinki hamıya diplom paylamaq. Bir insan xaricdə təhsil alıbsa, heç olmasa, o ölkədə olmalıdır. Sən əgər oxuduğun yeri görməmisənsə, biz axı sənə niyə diplom verək? Əgər bizimlə razı deyilsənsə, məhkəməyə ver. Məhkəmə qərar versin ki, bəlkə biz səhv deyirik?! Biz bundan qorxmuruq. Məhkəmə qərarı olsa, biz həmin adamın diplomunu verə bilərik”.

Xatırladaq ki, ilk şikayətlə bağlı UNEC sorğumuza cavab olaraq bildirmişdi ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Türkiyə universitetləri ilə əlaqadar Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) aldığımız sorğuda isə məsələyə belə şərh verilmişdi: “Bu forma üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.

Daha çox xəbərlər