Bərdə Rayon Mərkəzi Xəstəxanasında və nəznindəki tibb müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, direktorun İlkin səhiyyə xidməti üzrə müavini Peyman Bədəlzadə, direktorun Doğum işləri üzrə müavini Tünzalə Bəşirova, Cərrahiyyə şöbəsinin müdiri Zaur Əliyev, Pediatrik cərrahiyyə bölməsinin müdiri Ramiz Əhmədov və xəstəxana kollektivi iştirak edib.
Tədbirdə Xocalı soyqırımı şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xalqımız 33 ildir ki, bu qanlı cinayətin Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Vüsal Məmmədov bildirib ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Faciənin canlı şahidləri olan Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Rəfail Quliyev, Dializ şöbəsinin müdiri Azər Mahmudov, Reanimasiya şöbəsinin böyük tibb bacısı Ətrabə Səfərova söz alaraq faciə zamanı göstərdikləri tibbi xidmətlərdən, faciənin iştirakçısı olan Əməliyyat blokunun əməliyyat tibb bacısı Qəndab Hüseynova isə yaşadıqları dəhşətli anlardan bəhs ediblər.







