Dünya 

Tehrandan regionu yandıracaq ABŞ və İsrail təhdidi: “Bütün neft-qaz obyektləri legitim hədəfimizdir”

İranda hərbi gərginliyin yenidən pik həddə çatdığı bir dövrdə Tehran rəsmiləri ABŞ və İsrailə qarşı regional enerji müharibəsi başladacaqları barədə səs-küylü xəbərdarlıq ediblər.

Musavat.com xəbər verir ki, İranın “Fars” xəbər agentliyinə müsahibə verən yüksəkrütbəli rəsmi bəyan edib ki, ölkənin enerji infrastrukturuna edilən hücumlar dayandırılmayacağı təqdirdə, İran Silahlı Qüvvələri regiondakı bütün ABŞ və İsrail aktivlərini yerlə-yeksan edəcək.

Müsahibədə qeyd olunub ki, əgər İranın strateji obyektlərinə qarşı zərbələr davam edərsə, İsrail, ABŞ və onların regiondakı müttəfiqləri ilə əlaqəli olan bütün neft-qaz yataqları, həmçinin regional enerji qurğuları ordunun birbaşa raket hədəfinə çevriləcək. İran rəsmisi bölgədə fəaliyyət göstərən və Vaşinqtonla Təl-Əvivə məxsus olan neft şirkətlərinin, eləcə də enerji sektorundakı digər mühüm aktivlərin artıq rəsmi Tehran tərəfindən tam legitim hərbi hədəf olaraq qəbul edildiyini xüsusi vurğulayıb.

Hərbi ekspertlər bu bəyanatı Yaxın Şərqdəki qlobal neft və qaz təchizatını tamamilə iflic edə biləcək böyük bir təhdid ssenarisi kimi qiymətləndirirlər. Ağ Ev və Pentaqonun regional təhlükəsizliyi təmin etmək üçün addımlar atdığı bir vaxtda, Tehranın bu addımı İsrail və ABŞ-ın hərbi təzyiqlərinə qarşı asimmetrik və sarsıdıcı cavab mexanizmi yaratmaq məqsədi daşıyır.

Daha çox xəbərlər