‘Mənim Arzularım var’ layihəsi yekunlaşdı
Erkən evliliklərə qarşı mübarizə məqsədilə, Bərdə Qadın Klubunun təşkilatçılığı ilə Bərdə rayonunda həyata keçirilən ‘Mənim Arzularım var!’ fevral ayında başa çatıb.
Layihə çərçivəsində Bərdənin kəndlərində məktəbli qızlarla, onların müəllimləri və valideynlərlə, eyni zamanda yerli icra nümayəndəlikləri və bələdiyyələrlə maarifləndirici görüşlər keçirilib və erkən nikahların səbəbləri, fəsadları və həlli yolları müzakirə edilib. Keçirilən görüşlərdə layihə komandası ilə yanaşı, psixoloq, ginekoloq və həkim, polis, eyni zamanda, erkən nikahların qurbanı olmuş qadınlar, karyera və şəxsi həyatında uğur qazanmış qadınlar da iştirak ediblər.
Layihə komandasının verdiyi məlumata görə, görüşlərə həkim-ginekoloqun dəvətinin əsas səbəbi, erkən nikahların tibbi və sağlamlıqla bağlı fəsadlarını auditoriyaya çatdırmaq idisə, psixoloqların iştirakı isə bu problemin qızlarda psixo-sosial təhlükələr yaratması və daha ciddi travmatik nəticələr doğurmasına yol açmasının, məhz, peşəkarların yerli vətəndaşlara çatdırmasından ibarət idi. “Ümumiyyətlə, insanların danışmaqdan çox nümunələri öz gözləri ilə görməsi daha effektiv nəticələr verir. Biz də düşündük ki, komandanın məlumat verməsi ilə yanaşı, erkən nikah probleminin nə qədər ciddi və travmatik olduğunu nümunələr əsasında, insanlar öz gözləri ilə görsünlər. Bu məqsədlə, biz görüşlərə erkən nikah qurbanı olmuş qadınları da dəvət etdik ki, öz hekayələrini şagirdlərlə və valideynlərlə paylaşsınlar. Uğurlu qadın nümunələr isə, görüş iştirakçılarını, xüsusilə məktəbli qızları daha çox həvəsləndirirdi ki, qızlar öz təhsillərini davam etdirsinlər və ya hər hansı bir peşəyə yiyələnsinlər ki, gələcəkdə daha özgüvənli və sağlam təfəkkürlü olsunlar.”
Bunlarla yanaşı, layihənin həyata keçirildiyi müddətdə sosial media vasitəsilə erkən nikah qurbanlarından alınmış müsahibələr paylaşılıb və #erkənnikahlarayoxdeyək həştəqi ilə layihə və məqsədinin daha geniş kütləyə çatmasına müvəffəq olunub.
Qeyd edək ki, layihə 12 ay davam edib və Bərdə Qadın Klubu tərəfindən həyata keçirilib.