Gündəm 

Rusiyanın Bakının əsəblərinə “hücum”u

Moskva siyasi üslubunda əvvəlki kimi cığal və qabadır…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “ATƏT-in Minsk Qrupu ətrafında vəziyyətin dəyişməsi” ilə bağlı bəyanatı Moskvanın siyasi üslubunun əvvəlki kimi “cığal və qaba” qaldığının sübutudur. Xüsusilə son iki ildə bu ölkənin xarici işlər naziri də daxil rəsmi şəxsləri Qərb tərəfdaşlarının bu formatda onlarla təmasdan imtina etdiklərini, bu səbəbdən də Minsk Qrupunun fəaliyyətsiz olduğunu, daha sonra isə öz əhəmiyyətini itirdiyini bəyan edirdilər.

Bəs, İrəvan və Bakının Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət göndərməsini istəyən Rusiya indi fikrini niyə dəyişdi? Niyə Rusiya səfirinin bu açıqlaması Ermənistanda revanşist qüvvələrin əsas dəstəkçisi, prezident Putinin isə yaxın dostu Robert Köçəryanın “Minsk Qrupu format nəyin bahasına olursa-olsun qorunmalıdır” bəyanatı ilə üst-üstə düşür?

Məncə, bu sualların cavabı heç də dərinlərdə gizlənməyib. Bunun səbəblərini əlbəttə ki, Trampın yenidən hakimiyyətə qayıdışından sonra dünyada dəyişən dəngələrlə izah etmək ilk ağıla gələn versiyadır. Yəni Rusiya xüsusilə Qarabağ probleminin həllindən sonra Cənubi Qafqazda zəifləmiş mövqelərinin qayğısına qalır. Rusiya XİN rəhbəri Lavrovun son aylar 3+3 formatının hətta strukturlaşmasına, yəni təşkilata çevrilməsinə çağırışlarını da Moskvanın regiona qayıtmaq istəyi kontekstində qiymətləndirilməlidir. Rusiya Minsk Qrupu formatına heç vaxt ABŞ-dan və ya Fransadan fərqli baxmayıb, təşkilatdan yalnız regionda öz mövqelərini qorumaq üçün istifadə edib.

Rusiyanı tanıyırıq, onun dost olanda siyasətinə, düşmən olanda məkrinə biz də yaxşı bələdik. Şükür ki, Azərbaycan regionda ağıllı siyasət aparır və Ermənistan xaric, bütün ölkələrlə normal siyasi-iqtisadi əlaqələri var. Eyni zamanda, Bakının bu cür prinsipial məsələlərdə öz mövqeyini necə müdafiə etdiyinə Rusiya bələddir. ATƏT-in Minsk Qrupunun ləğvinin vacibliyi haqda mövqeyi də dəyişməz olaraq qalır. Bir daha diqqət edək: Azərbaycan rusiyalı səfir kimi formatın dəyişməsi, və ya “perezaqruzka”- fəaliyyətinin yenilənməsi, hətta başqa bir ad altında fəaliyyətinin bərpasını deyil, məhz əhəmiyyətsiz qurum kimi ləğvini tələb edir.

Versiyalardan biri də budur ki, Moskva Ermənistan hakimiyyətinə təsir rıçaqını saxlamaq üçün Minsk Qrupunu “xortlatmağa” çalışır. Bu, ağlabatan deyil, çünki Rusiyanın bu format vasitəsilə İrəvana təsir etmək imkanları bəlkə də sıfırın altındadır. Qarabağ problemi yoxdursa, bu formatı İrəvan əleyhinə necə istifadə etmək olar? O ki qaldı Rusiyanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəal rolunu tormozlamaq üçün Minsk Qrupu ritorikasını yenidən gündəmə gətirməsinə, bu da tənqidə dözümsüzdür. Minsk Qrupunun yenidən canlanması, məsələn son çıxışında Rusiyanı Avropanın əsas düşmən elan edən Fransa nümayəndəsi ilə sülh yaradıcı missiya ilə bir masada təsəvvür etmək mümkündürmü?

Bəzi analitiklər Kopırkinin bəyanatını Moskva və Vaşinqtonun yeni beynəlxalq vəziyyətdə ümumi dil tapmaq cəhdləri ilə əlaqələndirirlər. ABŞ-la Rusiya arasında anlaşma əlbəttə ki, gözləniləndir, amma bunun tezliklə digər formatlarda əlaqələrin də bərpa ediləcəyi demək deyil, ya da çox erkəndir.

Daha bir mühüm faktı unutmamaq lazım. Ötən il Dövlət Duması və Federasiya Şurası ATƏT PA-nın işində iştirakın dayandırmaq qərarı verib. ATƏT PA ötən ilin yayında Rusiyanın Ukraynaya müdaxiləsini “Ukrayna xalqına qarşı soyqırım” kimi tanıyan qətnamə qəbul edib. Dövlət Duması və Federasiya Şurası isə bunu “ayrı-seçkilik və total rusofobiya” hesab edərək Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırıb. Rusiya həmçinin təşkilata bundan sonra üzvlük haqqı ödəməmək qərarı verdi. Qeyd edək ki, buraya 57 ölkə, o cümlədən Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Ukrayna, Qazaxıstan və başqaları daxildir. ATƏT-in xüsusi monitorinq missiyası uzun müddət Donbasda cəbhə xəttində fəaliyyət göstərirdi, 2022-ci ilin fevralından sonra onların da fəaliyyəti dayandırıldı. Yəni Rusiyanın Minsk Qrupunu istənilən formatda dirçəltmək barədə düşünməzdən əvvəl ATƏT-lə münasibətlərinin qayğısına qalmalıdır…

Rusiya səfirinin açıqlaması çox güman ki, son aylar gərginlik yaşanan Bakı-Moskva münasibətlərindən daha çox qaynaqlanır. Bu, daha çox diplomatik oyuna bənzəsə də, Moskva yuxarıda da qeyd etdiyimiz kimi siyasi üslubunda əvvəlki kimi “cığal və qaba” davranışını göstərmək xəttinə sadiqdir. Bu cür davranışlarla Azərbaycanın əsəblərinə toxunmaq cəhdi isə əbəsdir…

Daha çox xəbərlər