Gündəm 

Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək

2025-ci il martın 18-də – ilaxır çərşənbə günü Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum keçiriləcək.

“Report” xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Onlar içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər də var.

Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgə müzakirələr aparacaq.

Forum öncəsi – 15-17 mart tarixlərində türkman qonaqlar İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə – Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər edəcək, bayram şənliklərinə qatılacaq, Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət edəcəklər.

Martın 18-də – forumdan sonra türkman qonaqlarla birgə Bakıda Novruzun ilaxır çərşənbəsi qeyd olunacaq.

Daha çox xəbərlər