Bayramların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar.
Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.
Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı.
Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Milli ruhumuzu, qədimliyimizi özündə yaşadan, yüzillərdən bəri yol gələrək, daima müqavimətlərə, dəyişikliklərə məruz qalan Novruz bayramı özünəməxsusluğunu qoruyub saxlamışdır.
Hər zaman Azərbaycan xalqının milli-mənəvi dəyərlərini uca tutan Ümummilli Lider Heydər Əliyevin fikirləri Novruz bayramı haqqında yazılan, deyilən kəlmələrin ümumiləşmiş ifadəsi kimi tarixə əbədi həkk olunub: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”
Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İskəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.
Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır.
28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Daim öz tarixi kökləri, millli-mənəvi dəyərləri ilə fəxr edən Azərbaycan xalqı Novruz bayramını hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd edir. Xalqımız Yeni ilin, yeni günün Novruzun gəlişini ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır;
Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruzda kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Otuz ildir həsrətində olduğumuz və bizi həsrətlə gözləyən torpağımızda Bahar bayramının ətri, nəfəsi, ocaqlarımızın istisi dünyaya yayılır. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlərimiz elimizə, obamıza qələbə, bayram ərməğan edib, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkib, yurda qayıdış ümidləri gerçək olub.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və artıq beşinci dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.
Bundan sonra işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqalları qalanacaq və bu tonqalın tüstü torpaqalarımıza kəm baxan düşmən gözünü kor edəcəkdir. Tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratmış Azərbaycan xalqı bu dəyərlərə hər zaman sadiqdir. Bu torpağın sahibləri öz dədə-baba yurdlarına qayıdıblar, əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi. İnsanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla, başı dik yaşayırıq.
Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik.
Ülkər Mehdizadə – Bərdə Tarix- diyarşünaslıq muzeyində şöbə müdiri

