Əmək müqaviləsi bağlamadan işə götürən vergi ödəyicisini hansı cəza gözləyir?
Son zamanlar işçilərlə əmək müqaviləsi bağlamadan onları iş götürən müəssisələrin sayı çoxalıb.
Bəs qanunla bu sahibkarları hansı cəza gözləyir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Rəşad Əliyev bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Bu əmələ yol vermiş fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir:
“Əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən – Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə isə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.
Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir və bu yalnız 1 dəfə tətbiq edilir”.