Gündəm 

Sərhəd təxribatlarının arxasındakı üç hiylə…

İrəvan sülh əleyhinə addımları ilə kənar güclərin hansı planlarını qurur? – ilginc rəy

Prezident İlham Əliyev almaniyalı həmkarı  Ştaynmayerlə Bakıda mətbuat konfransında sülhün əsas iki şərtini bəyan etdi: Minsk Qrupu ləğv edilməlidir və konstitusiya dəyişməlidir. Lakin Ermənistan sülh əleyhinə əməllərini davam etdirir. Söhbət son günlər atəşkəsin pozulmasından gedir. 

Artıq müdafiə naziri general-polkovnik Zakir Həsənov orduya tapşırıq verib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb. Çünki sərhəddə erməni təxribatları səngimir. Rəsmi İrəvan sülh sazişini hər an imzalamağa hazır olduğunu bəyan edir, amma erməni ordusu mövqelərimizi atəşə tutur. Deməli, Ermənistan sülhün düşmənidir. Buna başqa ad vermək mümkün deyil. Rəsmi Bakını əlavə şərtlər irəli sürməkdə ittiham edən Ermənistanın dönüb özünün sərhəd təxribatlarına diqqət yetirməsi yaxşı olardı. Bu addımlar sülh əleyhinə yönəlib. Çünki Paşinyan hakimiyyəti indi sülh müqaviləsini imzalamağa hazır deyil. Bunun üçün Prezidentin açıqladığı hər iki tələbi yerinə yetirməlidir. Ermənistan isə bu il referenduma getməyi planlaşdırmır, Minsk Qrupunun ləğvini isə sazişdən sonraya saxlamağı təklif edir. Bir sözlə, həm atəşkəsi poz, həm Azərbaycanı ittiham elə, həm də hər iki şərtin yerinə yetirilməsini qeyri-müəyyən dövrə saxla, bunun bir adı var – Ermənistan sülh istəmir. O zaman seçim qarşı tərəfindir. Əgər sülh olmayacaqsa, sabitlik də olmayacaq. Regionda qeyri-stabillik isə inkişafı tormozlayır. Axı Ermənistan Türkiyə ilə quru sərhədinin açılmasını səbirsizliklə gözləyir. Onun Avropaya çıxışı və iqtisadi dirçəlişi bu sərhəddən keçir. Sülh olmayacaqsa, Ermənistanın hazırkı blokadası davam edəcək. Əslində sülh müqaviləsi imzalamayan ölkələr də olub. Azərbaycan da Ermənistana sülh sazişini imzalamaq üçün yalvarmır. Qoy, İrəvan özü fikirləşsin – yekun sülh sənədi ən çox kimə lazımdır.

Azərbaycan suverenliyini bərpa edib, Qarabağ azaddır, sülh sazişi olmadan da öz inkişafını təmin edir. Ancaq Ermənistan ən çox sülhə ehtiyacı olan tərəfdir. Eyni zamanda üçtərəfli bəyanatda razılaşdırılan 9-cu bənd icra edilməli, yəni nəqliyyat kommunikasiyaları açılmalıdır ki, Ermənistan inkişafını təmin edə bilsin. Ancaq göründüyü kimi, sərhəddə atəş açırlar və sülh əleyhinə addımları sürətləndirirlər.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, müdafiə nazirinin tapşırığı Ermənistanın növbəti təxribatlarının olacağı ilə bağlı gözləntidən xəbər verir. Onun fikrincə, düşmən sərhəddə atəşkəsi pozmaqla regionda gərginliyi artırır və günahı Azərbaycanın üzərinə atır ki, bizi sülh istəməməkdə ittiham etsin: “Bu, erməni hiyləsidir. Paşinyana yaxın media resursları yazırlar ki, guya Azərbaycan atəşkəsi pozur. Məqsəd odur ki, beynəlxalq ictimaiyyət bizi sülh əleyhidarı kimi tanısın. Ona görə də müdafiə naziri dərhal göstəriş verdi”.

Hərbi ekspert genişmiqyaslı hərbi əməliyyatlar gözləmir: “Sadəcə, bu təxribatlar siyasi mahiyyət kəsb edir. Atəş açırlar ki, bizi günahlandırsınlar. Halbuki avropalı müşahidəçilər hesabatla çıxış etməlidirlər. Amma “mülki missiya adlanan” “casus şəbəkəsi”nin obyektiv hesabat təqdim edəcəyini gözləmirəm”.

R.Məmmədli hesab edir ki, sülh müqaviləsinin imzalanması bəzi dairələrin də marağında deyil. Onun fikrincə, həmin mərkəzlər daha çox vasitəçilik yarışına giriblər: “Ermənistan bu oyunların içərisindədir. Lakin Paşinyan ağlını başına yığmalıdır ki, sonra altını çəkməsin. Kənar qüvvələrin məkrli oyunları Ermənistana xeyir gətirməyəcək. Biz bilirik ki, bu planlar regionu qarışdırmaq və bölgədə təsir gücünü artırmaq niyyəti güdür. Ermənistan alət kimi istifadə edildiyi üçün bölgədə sabitlik belə pozulur. Azərbaycan isə təklif edir ki, kənar təsirlərə uymaq lazım deyil, o iki şərti yerinə yetir, sazişə qol çək, bölgədə dayanıqlı sülh, sabitlik olsun. Xüsusən də Zəngəzur dəhlizinin açılması təhlükəsizliyi təmin edəcək. Əfsuslar olsun ki, sərhəd təxribatlarında həm də dəhlizlə bağlı məkrli oyunlar var”.

Yazını hazırladı: Emil SALAMOĞLU

Daha çox xəbərlər