Sosial 

Nazirin PHŞ açıqlaması: direktorlara yeni qazanc fürsəti yaradılır?

Ekspert deyir ki, şəffaflıq olmasa…

Elm və təhsil naziri Emin Əmrullayevin ötən gün jurnalistlərə verdiyi açıqlamalar  bir sıra suallar yaradıb. Belə ki, nazir qeyd edib ki, məktəblərin publik hüquqi şəxsə (PHŞ) çevrilməsi vacibdir: “Hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir”,- nazir vurğulayıb.

Mütəxəssislərə görə adambaşına maliyyələşdirmə tətbiq olunarsa, şagird sayı az olan kənd məktəbləri az maliyyə ala bilər, bu da resurs çatışmazlığına səbəb ola bilər. Bu zaman şəhər və kənd məktəbləri arasında inkişaf uçurumu dərinləşə bilər.

Digər tərəfdən, əgər şəffaflıq qorunmazsa, nəzarət mexanizmləri zəif olarsa, məktəblərin maliyyə sərbəstliyi sui-istifadə hallarına yol aça bilər.

Məktəblərin publik hüquqi şəxsə çevrilməsinin müsbət və mənfi tərəfləri hansılardır?

Təhsil eksperti Kamran Əsədov mövzunu Musavat.com-a şərh edərkən deyib ki, Məktəblərin publik hüquqi şəxsə çevrilməsi təhsil sistemində struktur və funksional transformasiyanın vacib istiqamətlərindən biridir: “Bu addım son illər Azərbaycan təhsilində aparılan idarəetmə islahatlarının məntiqi davamı kimi qiymətləndirilə bilər. Mövcud sistemdə məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir və onların birbaşa hüquqi, maliyyə və idarəetmə müstəqilliyi məhduddur. Bu səbəbdən də məktəblərin PHŞ statusuna keçirilməsi ilk növbədə idarəetmədə çeviklik, maliyyə müstəqilliyi və nəticəyönümlü fəaliyyət modelinə keçidi təmin etmək məqsədi daşıyır.

Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununa əsasən, publik hüquqi şəxs – dövlət və ya bələdiyyə tərəfindən yaradılan, publik və ya sosial xarakterli fəaliyyətlə məşğul olan, dövlətin nəzarətində olan və müstəqil hüquqi şəxs statusuna malik qurumdur. Qanunun 1.1-ci maddəsində göstərilir ki, belə qurumlar publik funksiyaları yerinə yetirməklə yanaşı, öz idarəetmə strukturunu, büdcəsini və fəaliyyət istiqamətlərini müstəqil şəkildə formalaşdıra bilər. Təhsil müəssisəsinin bu statusa keçməsi onun dövlətin sərt vertikal idarəetmə mexanizmindən nisbətən azad olunması və çevik idarəetmə imkanlarının yaranması deməkdir.

Məktəblərin PHŞ-ə çevrilməsi maliyyə müstəqilliyini də ehtiva edir. Hal-hazırda məktəblər xərclərini əsasən dövlət büdcəsi hesabına qarşılayır və bu vəsaitin xərclənməsi çox vaxt mərkəzi idarəetmənin sərt bürokratik prosedurlarından asılı olur. PHŞ statusu isə məktəbə vəsaiti birbaşa qəbul etmək, xərcləmək və öz ehtiyaclarına uyğun bölüşdürmək imkanı verir. Bu baxımdan, adambaşına maliyyələşdirmə modelinin tətbiqi – yəni şagird sayı əsasında vəsait ayrılması – bu prosesin ayrılmaz tərkib hissəsidir. Əgər bu model tam şəkildə tətbiq olunsa, məktəblər daha rasional planlama edə, ehtiyac duyulan istiqamətlərə prioritet verə biləcək. Misal üçün, 2023-cü ilin sonuna olan məlumata görə, Azərbaycanın dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 600 mindən çoxdur. Əgər hər bir şagird üçün illik ortalama 700 manat maliyyə ayrılarsa, bu 1 milyard 120 milyon manatlıq təhsil büdcəsinin daha ədalətli bölüşdürülməsinə imkan verə bilər”.

Həddini aşmış bu adam... – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Ekspert əlavə edib ki, dünya təcrübəsində də məktəblərin hüquqi və maliyyə müstəqilliyinə malik olması geniş yayılıb: “Məsələn, Finlandiyada məktəblər bələdiyyələrin tabeliyində fəaliyyət göstərsə də, onların büdcə planlaması, müəllim seçimi və tədris proqramlarının adaptasiyası sahəsində mühüm müstəqilliyi var. ABŞ-da isə “Charter Schools” adlanan ictimai məktəblər dövlət vəsaiti ilə maliyyələşsə də, öz idarəetmə modellərinə malikdirlər və nəticələrə əsasən qiymətləndirilirlər. Bu məktəblərdə valideynlərin, yerli icmaların və qeyri-hökumət təşkilatlarının rolu yüksəkdir. Yaponiyada məktəblərin idarəçiliyi əsasən yerli hökumətlərin səlahiyyətindədir və onların idarəetmə strukturları çox çevikdir. Bu təcrübələr göstərir ki, hüquqi müstəqillik məktəblərə daha innovativ və effektiv idarəetmə imkanları yaradır.

Publik hüquqi şəxsə çevrilmə ilə birlikdə məktəblərin daxili idarəetmə strukturları dəyişəcək. Direktorun səlahiyyətləri genişlənəcək, məktəb daxili maliyyə menecmenti və insan resurslarının idarə olunması mexanizmləri yenidən tənzimlənəcək. Lakin bu mərhələdə ciddi təhlükə də mövcuddur: peşəkar idarəçi kadrların çatışmazlığı. Mövcud direktor korpusunun bir qismi pedaqoji təcrübəyə malik olsa da, hüquqi və maliyyə idarəetməsi üzrə bilik və bacarıqlar baxımından zəifdir. Belə olan halda məktəbin idarəçiliyi effektiv deyil, formal xarakter daşıyacaq. Bu problemi aradan qaldırmaq üçün məktəb direktorlarının və idarə heyətinin menecment və hüquq sahəsində sertifikatlaşdırılması, həmçinin PHŞ-lər üçün ayrıca təlim proqramlarının tətbiqi zəruridir”.

Kamran Əsədov qeyd edib ki, məktəblərin PHŞ statusuna keçməsi həm də ictimai nəzarət mexanizmlərini təkmilləşdirməyi tələb edir: “Əgər müstəqillik artacaqsa, hesabatlılıq və şəffaflıq da yüksəlməlidir. Əks halda, bu müstəqillik bəzi hallarda sui-istifadə hallarına, qeyri-effektiv xərclərə və korrupsiya risklərinə səbəb ola bilər. Ona görə də hər bir PHŞ məktəb illik fəaliyyət hesabatı hazırlamalı, ictimaiyyətə açıqlamalı, valideyn komitələrinin və müşahidə şuralarının fəaliyyəti gücləndirilməlidir.

Məktəblərin PHŞ-ə çevrilməsinin digər müsbət tərəfi isə təhsil keyfiyyətinin yüksəlməsi üçün yeni imkanların yaranmasıdır. Öz fəaliyyətlərini müstəqil şəkildə planlayan məktəblər daha çevik innovasiya tətbiq edə bilər, müəllimlərin işə qəbulu və motivasiyası üzrə daha effektli modellər yarada bilər. Bununla yanaşı, məktəblərin əmək münasibətləri daha çevik ola bilər, fərdi müqavilələr əsasında əməkdaşların işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilə bilər. Bu isə performansa əsaslanan əməkhaqqı sisteminin əsasını təşkil edir.

Eyni zamanda, diqqət çəkən məsələ kənd məktəblərinin vəziyyətidir. Əgər PHŞ modeli tətbiq olunarsa, bu məktəblərin əlavə maliyyə resurslarına çıxışı çox məhdud ola bilər. Belə ki, yerli icmalarda sponsorluq və əlavə layihə imkanları şəhərlərlə müqayisədə zəifdir. Bu isə kənd məktəblərinin inkişafda geridə qalmasına səbəb ola bilər. Bu problemi aradan qaldırmaq üçün dövlət əlavə subvensiya mexanizmləri tətbiq etməli, balanslaşdırılmış maliyyələşdirmə siyasəti həyata keçirməlidir.

Nə dəyişəcək? Məktəb öz fəaliyyətində daha sərbəst olacaq, qərarvermə daha çevik aparılacaq, tədris resurslarının alınması və müəllim ehtiyaclarının ödənilməsi yerində həll olunacaq. Ənənəvi bürokratik gecikmələr azalacaq. Amma bu dəyişiklik real nəticələrə səbəb olması üçün müəllimlərin əmək hüquqlarının qorunması, direktorların peşəkar hazırlığı və şəffaf hesabatlılıq sistemi ilə müşayiət olunmalıdır.

Nə dəyişməlidir? PHŞ-ə çevrilmə yalnız hüquqi statusun dəyişməsi ilə məhdudlaşmamalıdır. Bütün sistem – o cümlədən müəllim hazırlığı, kurikulum planlaması, valideyn və icma iştirakı, maliyyə və hesabat mexanizmləri – bu yeni idarəetmə formasına uyğunlaşdırılmalıdır. Əks halda, formal dəyişikliklər heç bir real nəticə verməyəcək.

Beləliklə, məktəblərin publik hüquqi şəxsə çevrilməsi potensial olaraq təhsilin keyfiyyətinin yüksəlməsi, idarəetmədə çeviklik və resursların daha effektiv istifadəsi baxımından əhəmiyyətlidir. Lakin bu proses yalnız sistemli, mərhələli və hüquqi-maliyyə baxımından dayanıqlı mexanizmlərlə müşayiət olunarsa, öz real nəticəsini verə bilər”.

Daha çox xəbərlər