Cəmiyyət 

İçməli su ilə bağlı dünya reytinqində yenə ən aşağı yerdəyik- ekspertdən SOS

Ekspert: “Ən çirkli və yarasız suyu olan ölkələrdən sayılırıq”

Yale Universitetinin içməli suyun keyfiyyəti ilə bağlı açıqladığı EPI (Environmental Performance Index – Ətraf Mühitin Səmərəliliyi İndeksi) göstəricilərində nəticəmiz heç də ürəkaçan deyil. Musavat.com xəbər verir ki,  Yale Universitetinin hazırladığı qlobal səviyyədə ölkələrin ətraf mühit sahəsindəki vəziyyətini qiymətləndirən mühüm bir hesabatdır. İçməli suyun keyfiyyəti üzrə Azərbaycanın 100 mümkün baldan cəmi 46,5 bal toplaması, ölkədə su ehtiyatlarının idarə olunması, təmizləmə infrastrukturu və monitorinq sistemləri ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Ümumiyyətlə, uzun illərdir ki, ekspertlər su ilə bağlı problemləri diqqətə çatdırarkən bildirirlər ki, bəzi bölgələrdə suyun mənbədən təmizlənmədən verilməsi və ya köhnəlmiş infrastruktur problem olaraq qalır. Su nümunələrinin mütəmadi və dəqiq analiz edilməməsi, real vəziyyətin tam əks etdirilməməsinə səbəb olur. Bəzi hallarda çay və su hövzələrinə sənaye və ya kənd təsərrüfatı tullantılarının axıdılması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır. Bu nəticə həm də ictimai səhiyyə baxımından təhlükəlidir, çünki keyfiyyətsiz içməli su müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.

Problem: İçməli su niyə kəsilir? - AÇIQLAMA

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Musavat.com-a deyib ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur:  “PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır. Bu səbəbdən də Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür. Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. 2023-cü ildə də Amerikanın məşhur “Yale” Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yarasız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil.

Ev şəraitində bəzən  pambıqdan süzməklə suyu təmizlədiklərini düşünürlər, amma bu zaman  suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, yəni effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur. Bəs nə etməli?  Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, heç olmasa bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur”.

Həkimlər isə bildirir ki, keyfiyyətsiz və ya tam təmizlənməmiş içməli su dizenteriya, vəba, tif, hepatit A kimi su vasitəsilə keçən xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu cür xəstəliklər xüsusilə uşaqlar və yaşlılar üçün daha təhlükəlidir. Suyun tərkibində ağır metallar (məsələn, qurğuşun, arsen), pestisidlər və sənaye tullantıları varsa, bu maddələr zamanla orqanizmdə toplanaraq böyrək, qaraciyər xəstəlikləri, xərçəng, hormonal pozğunluqlar və inkişaf gerilikləri yarada bilər. Eyni zamanda, keyfiyyətsiz su istifadə edən ərazilərdə yaşayan insanların immun sistemi daha tez zəifləyir, çünki orqanizm daim mikroorqanizmlərlə mübarizə aparmalı olur. Bu isə allergiyalara, dəri problemlərinə və tez-tez xəstələnməyə yol açır.

Xüsusən də, uşaqların orqanizmi daha həssas olduğu üçün keyfiyyətsiz su onların fiziki və zehni inkişafını ləngidə bilər. Bu, həm sağlamlığa, həm də gələcəkdə ölkənin insan kapitalına mənfi təsir göstərir. Daimi su problemi və onun keyfiyyətsizliyi insanların gündəlik həyatına narahatlıq gətirir, stress və sosial narazılıq yaradır. Bu da dolayısı ilə psixoloji sağlamlığa təsir göstərir.

 

Daha çox xəbərlər