“Əmlak, yoxsa depozit? – Ekspert valyuta əmanətlərini şərh etdi”
Banklarda valyuta əmanətlərinin həcmi xeyli azalıb. Bir çox vətəndaş əllərində olan valyutanı depozit kimi saxlamaq əvəzinə mənzil və obyekt kimi daşınmaz əmlak növlərinə yatırmağa üstünlük verir.
Bəs banklara hansı valyutanı depozit kimi yerləşdirmək daha məsləhətlidir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı-ekspert Emin Qəribli qeyd edib ki, bu gün banklara depozit qoyulduqda ən yüksək faiz milli valyuta üzrə verilir. Son illərdə müşahidə edirik ki, Azərbaycan manatı kifayət qədər sabitdir. Hətta devalvasiya baş verdiyi hallarda da cənab Prezidentin müvafiq sərəncamı ilə ziyan çəkmiş insanlara təzminat ödənilib:
“Hazırda milli valyutada depozitlər üzrə faiz dərəcəsi 7–11%, dollarda isə təxminən 2% təşkil edir. Buna görə də milli valyutanı banka sərmayə kimi yerləşdirmək daha sərfəlidir.
Ekspert əlavə edib ki, dollar dünyada ən sabit valyutalardan biri hesab olunur. Bu səbəbdən, bir çox vətəndaş bankda dollarla əmanət saxlamağa üstünlük verir. Dolların 70–80 illik sabit qalmaq tarixi var. Lakin keçən əsrin 70-ci illərində dollarla bağlı müəyyən problemlər də yaşanıb və bu gün də bənzər risklər istisna edilmir.
Ümumilikdə, maliyyə və iqtisadiyyat sistemində nisbətən risksiz yatırımların gəlirliliyi yüksək olmur. Müasir dövrümüzdə isə mən Azərbaycan manatını riskli hesab etmirəm”.