“Ermənistan hücum edərsə, Azərbaycan Zəngəzurda bufer zona yaratmalı və…” – İLGİNC DETALLAR
“Ermənistanın baş naziri Nikol Paşinyan sülhə hazır deyil. Çünki sülh müqaviləsi üzrə əsas olan konstitusiya dəyişikliyinə getmir”.
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a Ermənistanın təxribatçı hərəkətləri barədə danışarkən belə deyib.
Ekspert bildirib ki, Azərbaycanın mövqeyi açıq və beynəlxalq hüquqa söykənir:
“Dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb ki, sülh yalnız bu kontekstdə mümkündür. Amma Paşinyan beynəlxalq konyukturanı manipulyasiya edərək guya sülhə hazır olduğunu açıqlayır. Realda isə Ermənistan sürətlə silahlanır. Xüsusilə hücum silahları almaqla Azərbaycanla şərti sərhəddə yerləşdirir”.
M.Əsədullazadə şübhə etmir ki, məqsəd Azərbaycana qarşı hərbi təxribatlara əl atmaq və sülhü guya Azərbaycan pozdu kimi yeni münaqişə yaratmaqdır:
“Nəticədə prosesləri öz lehinə dəyişmək niyyəti var”.
Ekspert qeyd edib ki, düşmən ölkə məhz Naxçıvan istiqamətində hərbi hərəkətliliyi artırmaqla, Azərbaycanın diqqətini bu istiqamətə yönləndirməklə Kəlbəcər istiqamətindən hərbi təxribatlara əl atmaq istəyir:
“Ermənistan aprelin 15-dən iki aylıq hərbi toplanış elan edib. Bu, müharibəyə hazırlaşmaqdır. Hindistandan dağ relyefində döyüşmək üçün hərbi təlimatçılar gələrək təlimlər keçir. Fransa Ermənistanı sürətlə döyüşə hazırlaşdırır. Məqsəd sülh müqaviləsi üzrə danışıqlarda üstünlük əldə etmək, digər şərtlər irəli sürməkdir. Ona görə də Minsk qrupunun buraxılması barədə birgə bəyanata da getmir.
Ermənistan hücum edərsə, Azərbaycan Zəngəzurda bufer zona yaratmalı və sülh müqaviləsinin şərtlərinə Ermənistanın silahsızlaşdırılmasını salmalıdır”.