Gündəm 

Paşinyana qarşı sui-qəsd variantı artıq sınaqdan çıxarıldı: Erməni kilsəsi və xarici kəşfiyyatın qorxunc ortaq planı işə salındı

Baş nazir Nikol Paşinyan seçkilərə təxminən bir il qalmış radikal-revanşist müxalifətə nəzarət edən erməni kilsəsinə yönəlik ittihamların məzmunu baxımından, “qırmızı cizgiləri” artıq çoxdan aşıb… Bəzi Ermənistan mənbələrinin əminliklə irəli sürdüyü iddialara görə, erməni baş nazirin siyasi savaş elan etdiyi rəqib düşərgə onu fiziki cəhətdən aradan götürmək qərarı verib…

Cənubi Qafqaz yeni geopolitik mərhələyə artıq keçid edib. Bu regionda yerləşən dövlətlərin gələcək taleyi böyük ölçüdə onların strateji seçimlərinin istiqamətlərindən birbaşa asılı olacaq. Çünki Cənubi Qafqazda ABŞ və Qərblə Rusiya arasında qarşıdurmanın daha amansız xarakter almaqda olduğu müşahidə edilir. Və bu baxımdan, region dövlətləri istənilən halda, bu qarşıdurmaya münasibətdə tərəfə çevrilmə riski ilə üz-üzə qalıb.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda ABŞ və Qərblə Rusiya arasında intensivləşən geopolitik savaşda strateji seçim etmək məcburiyyətində olmayan yalnız bir region dövləti mövcuddur. Belə ki, Azərbaycan öz strateji seçimini NATO-nun avanqard üzvü olan Türkiyə ilə hərbi müttəfiqlik barədə Şuşa Bəyannaməsini imzalamaqla, artıq çoxdan edib. Ona görə də, indi Azərbaycan həm ABŞ və Qərb, həm də Rusiya üçün əlçatmazdır. Rəsmi Bakı nəhənglərin bu geopolitik qarşıdurmasında tərəfə çevrilmək məcburiyyətində deyil. Və Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olan Azərbaycan indi Qərb-Rusiya qarşıdurmasında orbitr roluna malikdir.

Ancaq Gürcüstan və Ermənistan üçün strateji seçim məcburiyyəti qaçılmaz xarakter daşıyır. Belə ki, Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın nəzarəti altındadır. Ona görə də, rəsmi Tiflis Rusiyanın təmsil olunduğu bütün geopolitik platformalardan məsafə saxlayır. Eyni zamanda, Gürcüstanın ABŞ və Qərb ilə də ciddi siyasi-diplomatik problemləri mövcuddur. Və rəsmi Tiflisin Qərblə yaxınlaşması da hazırda kifayət qədər qəliz geopolitik kombinasiyalara bağlı proses kimi görünür.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Maraqlıdır ki, Cənubi Qafqazda məhz Ermənistan ən “zəif bənd” hesab olunur. Ona görə də, hazırda ABŞ və Qərbin Rusiya ilə geopolitik qarşıdurmasında Ermənistan əsas “savaş məkanı”na çevrilməyə məhkum duruma düşüb. Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan uzaqlaşdırılıb, Qərbə yaxınlaşdırılması siyasətində hələlik israr edir. Halbuki, ABŞ və Qərbin rəsmi İrəvana bu məsələdə dəstəyi heç də yetərli səviyyədə deyil. Və Rusiyanın Ermənistana təzyiq mexanizmləri rəsmi İrəvan üçün real təhlükə törədir.

Xüsusilə də, Kremlin Ermənistana həm xarici, həm də daxili faktorlar ilə müdaxilə etmək imkanları Paşinyan hakimiyyətini “odla su arasında” buraxır. Ermənistan iqtisadiyyatı demək olar ki, tamamilə Rusiyadan asılı vəziyyətdədir. Üstəlik, Ermənistanın hərbi təhlükəsizlik sistemi də Rusiyaya birbaşa bağlıdır. Ermənistan ərazisində Rusiya hərbi bazalarının olduğunu da nəzərə aldıqda, rəsmi İrəvanın Kreml qarşısında müqavimət immunitetinin məhdud çərçivəsini təsəvvür etmək o qədər də çətin deyil.

Təbii ki, Kreml bu geopolitik təzyiq alətlərindən Paşinyan hakimiyyətinə qarşı maksimum səviyyədə istifadə edəcəyini qətiyyən gizlətmir. Kreml rəsmi İrəvanı Qərbə inteqrasiya siyasəti ucbatından Ermənistanın Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqından qovula biləcəyi ilə təhdid edir. Rəsmi İrəvana xəbərdarlıq olunur ki, əgər, geopolitik qarşıdurmada Qərbin yanında yer alarsa, bu, Ermənistan iqtisadiyyatının çökdürülməsinə səbəb ola bilər. Və bu təhdidlər dolayısı ilə Ermənistanın Rusiyanın orbitinə qaytarılması ilə bağlı tələb anlamı daşıyır.

e459d0859762ce9aaa8fab00a89146b0.jpg (88 KB)

Digər tərəfdən, Rusiyanın Ermənistana daxili təzyiq mexanizmləri də mövcuddur. Belə ki, Ermənistan ordusunun yüksək rütbəli zabit heyəti böyük ölçüdə rus kəşfiyyatının nəzarəti altındadır. Eyni zamanda, erməni kilsəsi və “Qarabağ klanı” da rus kəşfiyyatının təlimatları ilə fəaliyyət göstərir. Ona görə də, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində rus kəşfiyyatının idarə etdiyi hərbçilər, eləcə də, erməni kilsəsi və “Qarabağ klanı” Paşinyan hakimiyyəti üçün real təhlükə mənbəyi sayılır.

Onu da qeyd etmək lazımdır ki, hətta baş nazir Nikol Paşinyan öz yaxın ətrafına erməni kilsəsinin birbaşa Kremldən təlimat aldığını bildirib. Eyni zamanda, Ermənistan baş naziri erməni kilsəsinə qarşı açıq savaş açmaqla, bu təhlükəni nisbətən zəiflətməyə çalışır. Belə ki, erməni baş nazir Rusiya kəşfiyyatının agenti hesab etdiyi katalikosun barəsində ifşaedici faktlara malik olduğu da bəyan edib. Və bu, Ermənistanda kilsə-hökumət savaşını təhlükəli istiqamətlərə yönəltməyə başlayıb.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan ilə erməni kilsəsi arasındakı bu savaş indi iki tərəfdən birinin sıradan çıxarıla biləcəyi mərhələyə böyük sürətlə yaxınlaşır. Erməni baş nazir bu savaşa sadə xalqın da qoşulmasına çalışır. O, erməni kilsəsini ifşaedici ittihamlar ilə nüfuzdan salmağa, Ermənistan cəmiyyətinin əsas problemlərini qarşı tərəflə bağlamağa cəhd göstərir: “Dövlət (hakimiyyət) xalqındır. Kilsə də xalqındır. Biz dövləti (hakimiyyəti) xalqa qaytardıq. Biz kilsəni də xalqa qaytarmalıyıq”.

Untitled-1-Recovered.jpg (703 KB)

Göründüyü kimi, baş nazir Nikol Paşinyan həm Rusiya, həm də rus kəşfiyyatının nəzarəti altında olan erməni kilsəsi ilə eyni vaxtda mübarizə aparmaq məcburiyyətində qalıb. Halbuki, olduqca təhlükəli siyasi seçimdir. Ola bilsin ki, erməni baş baş nazir belə riskli mübarizə variantını seçərkən, başqa yolunun artıq qalmadığına tamamilə əmin olub. Və bu səbəbdən də, həlledici siyasi savaşa başlamağın yeganə çıxış yolu olduğu qənaətinə gəlib.

Təbii ki, belə təhlükəli seçimin mümkün nəticələri özünü o qədər də çox gözləməyib. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın avtomobil karteji Sünik bölgəsində qəzaya düşüb. Bəzi erməni KİV-ləri bunun qəza deyil, məhz sui-qəsd olduğunu iddia edirlər. Həmin iddialara görə, erməni baş nazirin siyasi savaş elan etdiyi rəqib düşərgə onu fiziki cəhətdən aradan götürmək qərarı verib. Və növbəti parlament seçkiləri ərəfəsində bu, o qədər də gözlənilməz hesab olunmur.

Əsas versiyalar ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan seçkilərə təxminən bir il qalmış radikal-revanşist müxalifətə nəzarət edən erməni kilsəsinə yönəlik ittihamların məzmunu baxımından, “qırmızı cizgiləri” artıq çoxdan aşıb. Ona görə də, bu qəza uğursuz sui-qəsd cəhdi kimi də qəbul oluna bilər. Bəziləri isə bunun baş nazir Nikol Paşinyana qarşı hazırlanan sui-qəsd planının hələlik yalnız sınağı hesab edirlər. Və erməni baş naziri fiziki cəhətdən aradan götürməli olan sui-qəsd planı seçkiyə qısa müddət qalmış işə salına bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Daha çox xəbərlər