II Qaregin təkcə subaylıq andınımı pozub? – Terror yuvasına son həmlə və Bakının gözləntisi
Nikol Paşinyanın Il Qareginin timsalında erməni Qriqoryan kilsəsinə açdığı dava şiddətlənib. Bu gün o, yenə bütün ermənilərin katolikosunu sərt tənqid edib, onun subaylıq andını pozduğunu və övladı olduğunu söyləyib (ənənəyə görə, katolikos ailə-övlad sahibi ola bilməz).
“Bu faktdır. Əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm”, – deyən Nikol Vovayeviçə görə, Erməni Apostol Kilsəsinin qanunlarına görə, subaylıq andını pozan şəxsin nə yepiskop, nə də katolikos olmaq hüququ yoxdur. Baş nazir habelə arxiyepiskop Ktriç Nersisyanı katolikosun iqamətgahını boşaltmağa çağırıb və bəyan edib ki, seçkilərədək yeni ruhani lider seçməlidir…
Rəqiblərə qarşı informasiya, təbliğat savaşında şəksiz, xeyli təcrübəli və çevik olan Paşinyanın bu məsələdə hər hansı güzəştə getməyəcəyi dəqiqdir. Çünki söhbət hər şeydən öncə hakimiyyətin imicindən və “kölgədəki” ən məkrli əzəli düşmənindən gedir. Din çuxasına bürünmüş düşmən-rəqibindən. Ermənistan rəhbəri artıq onunla haqq hesabı çürütməyin zamanının çatdığını bilir. Odur ki, kilsəyə qarşı heç vaxt olmadığı qədər sərt, israrlı və prinsipial görünür. Zatən mövqeyi zəif də sayılmaz. Əksinə.
Məsələ ondadır ki, keşiş-avantürist Baqratın (Qalstanyan) hakimiyyət əleyhinə yürüşləri göstərdi ki, geniş kütlə kilsənin ardınca getməyə hazır deyil. Ancaq bu o demək deyil ki II Qareginin cəmiyyətə təsir imkanları zəifdir. Gerçək budur ki, bineyi-qədimdən terror yuvası kimi tanınan, Allaha, xristianlığa, ümumən insanlığa dəxli olmayan və erməni lobbisi tərəfindən güclü dəstəyə malik erməni Qriqoryan kilsəsi faktiki dövlət içində dövlət rolu oynamağa davam edir. Yəni II Qaregin təkcə subaylıq andını pozmayıb ki.
İkinci yandan kilsənin ciddi maliyyə resursları mövcuddur. Ermənistan kimi yoxsul və terror ruhlu topluma malik ölkələrdə isə pul mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Paşinyan hökuməti son vaxtlar Eçmiədzindən həm də gəlir-çıxarlarla bağlı şəffaf maliyyə hesabatı tələb edir. Kilsəyə qarşı təzyiqin bir mühüm motivi də budur.
Daha bir səbəb: Rusiyanın arxasında durduğu Köçəryan-Sərkiyan cinayətkar cütlüyü ilə erməni katolikosluğunu həm hakimiyyətə, həm də uydurma “artsax” məsələsinə və konstitusiya dəyişikliyi məsələsinə münasibətdə eyni gündəm, eyni pozusu və revanşist strategiya birləşdirir.
Türkə aşırı nifrətdən yoğrulmuş bu antibəşəri narrativ ondan ibarətdir ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz, “artsax” məsələsi bitməyib və konstitusiyada Azərbaycan və Türkiyəyə ərazi iddiası ilə bağlı müddəa çıxarıla bilməz. Bu mənada iki qonşu xalqın barışığına qarşı olan kilsənin ənənəvi ictimai-ideoloji dayaqlarının sarsıdılması sözsüz ki, rəsmi Bakının, Azərbaycan xalqının da köklü maraqlarına cavab verir…
Qısası, Paşinyan növbəti və ya erkən parlament seçkiləri ərəfəsi bir tərəfdən II Qareginin subaylıq andını pozmaqla onun (kilsənin) mənəviyyatsız bir şəxs (mərkəz) olması faktını ictimailləşdirmək, digər tərəfdən də maliyyə faktoru hesabına erməni Qriqoryan kilsəsini ən həssas yerlərindən vurmaqla radikal revanşist düşərgəni də tam nüfuzdan salmağa çalışır. Lakin bu heç də o anlama gəlmir ki, təzə katolikos o saat hakimiyyətyönlü olacaq.
Bununla belə, Eçmiədzinin yeni dini rəhbərinin iqtidara qarşı daha praqmatik davranacağı və radikal-revanşist müxalifətdən məsafə saxlamağa çalışacağı gözləniləndir. Bu da kiçik uğur sayılmaz. Ən əsası Nikol Paşinyan kilsə- hakimiyyət davasından tarixi və eksklüziv qalibiyyəti qazanmaqla öz nüfuzuna mühüm siyasi xallar əlavə edə bilər.
Seçkilər öncəsi və Azərbaycanla sülh prosesi üçün də bu az önəm kəsb eləmir…
Z.SƏFƏROĞLU