Gündəm 

İki qardaş ölkənin gücünə güc qatan tarixi sənəd – Şuşa Bəyannaməsi

2021-ci ilin iyunun 15-də «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, xalqlarımızın qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.

Şuşa Bəyannaməsində bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə  bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürür. Bu bir daha təsdiq edir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Xüsusilə Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.

Bəyannamənin İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən 8 ay sonra, 15 İyun – Milli Qurtuluş Günündə, həm də   Şuşada imzalanması heç də təsadüfi deyildir. 28 il öncə 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 28 ildən sonra isə – 2021-ci ilin 15 iyununda dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada yeni sənəd imzaladılar. Bu, ilk növbədə, ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsi idi. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki uğurlarının təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq.

Prezident İlham Əliyev xüsusi vurğulayır ki, imzalanmış Bəyannamədə  tarixi Qars müqaviləsinə istinad edilir: «Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.»

Şuşa Bəyannaməsində digər önəmli məsələ Zəngəzur dəhlizinin açılmasının xüsusi qeyd edilməsidir. Təbii ki, Zəngəzur dəhlizinin açılması Vətən müharibəsindəki 44 günlük Zəfərimizin yaratdığı geosiyasi şəraitdir. Prezident İlham Əliyev bu Bəyannamənin tarixi əhəmiyyətini və dünya üçün böyük maraq kəsb edəcəyini xüsusi vurğulayıb: «Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.»

Tarixi Şuşa Bəyannaməsindən sonra Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşadan Ermənistana bir əməkdaşlıq təklifi də irəli sürdü. O dedi ki, Cənubi Qafqazı müharibə bölgəsindən çıxartmaq və bölgəyə iqtisadi, sosial inkişaf gətirmək üçün Ermənistan ən yaxın qonşuları ilə normal münasibət yaratmalı, sülhə meyilli addımlar atmalıdır. Bundan isə Ermənistan ancaq qazana bilər.

Bəli, 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən  Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq dəstəyi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Təbii ki, Prezident Ərdoğanın 1921- ci ildəki  Şuşa səfəri və Şuşa Bəyannaməsini imzalaması bölgəyə yeni siyasi ab- hava gətirdi.

Ən əsası Şuşa Bəyannaməsi Ermənistanda revanşist qüvvələrin bütün avanturist iddialarını darmadağın etdi. Onlar bununla ikinci hərbi-siyasi məğlubiyyətlərini almış oldular. Heç təsadüfi deyildir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib ki, artıq Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur və olmayıb. O, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illuziyaları absurd hesab etdiyini qeyd edib: «İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur».

Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin «Bir millət, iki dövlət» və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, Bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Anlaşmanın bəyannamə formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məna kəsb edir. Belə ki, bəyannamələr – deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini, mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar.

Elçin Zaman, «İki sahil»

Daha çox xəbərlər