Regionda ikinci “Çernobıl” faciəsi yaşana bilər
Öz xalqının və digər region ölkələrində yaşayan xalqların nüvə təhlükəsizliyinə əhəmiyyət verməyən Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər
Xəbər verildiyi kimi, bir neçə gün öncə ABŞ Dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlıq üzrə köməkçisinin müavini Aleşiya Dunkan Ermənistanda səfərdə olub, ölkələr arasında enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün bir sıra görüşlər keçirib. Səfərlə bağlı hər hansı bir ətraflı məlumat verilməyib. Erməni tərəfi sadəcə onun qondarma soyqırımı abidəsinə baş çəkdiyini yazıb. Bu səfərlə bağlı ehtimal və fərziyyələr isə çoxdur. Rəsminin müzakirə edəcəyi məsələlər sırasında bu ölkədə ABŞ-ın atom elektrik stansiyasını (AES) inşa etməsi, eləcə də Metsamor AES-lə bağlı müzakirələrin olduğu ehtimallar sırasındadır. İstənilən halda onun İrəvana gəlməsi maraq doğurur və çoxsaylı suallar yaradır. Erməni mətbuatının yazdığına görə, Nikol Paşinyan hökuməti AES-in inşası məsələsində “Rosatom”un xidmətlərindən imtina edərək ABŞ-yə etibar etməyə üstünlük verir. ABŞ Dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlıq üzrə köməkçisinin müavini ölkələr arasında atom enerjisi sahəsində əməkdaşlıq çərçivəsində ayrıca bir razılaşma imzalaya bilər. Bu, “123 saylı” razılaşma adlanır. Məlumata görə, ABŞ indiyə qədər artıq dünyanın 46 ölkəsi ilə belə bir razılaşma imzalayıb. Yeri gəlmişkən, A.Dunkanın səfəri Metsamor AES-lə bağlı müzakirə və narahatlıqların artdığı dövrə təsadüf edib. Belə ki, AES-in mayın 15-dən uzunmüddətli təmirə dayandığını nəzərə alsaq, o zaman Ermənistanda ABŞ-ın AES tikməsi əsas müzakirə mövzusu ola bilər. Bu barədə dəfələrlə mediada xəbərlər də yayılıb. Rəsmi İrəvan hətta danışıqların vacib mərhələyə keçdiyini də təsdiqləyib.
Azərbaycan Prezidenti İlham Əliyev Metsamor AES-in Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını dəfələrlə diqqətə çatdırıb. Prezident bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu da vurğulayıb. ABŞ nümayəndəsinin Ermənistana səfəri ərəfəsində elə Metsamorla bağlı da narahatlıqlar səngimir. Qardaş ölkə olan Türkiyənin ekologiya üzrə qeyri-hökumət təşkilatları yaydıqları bəyanatda “Metsamor AES bağlanana qədər mübarizəni davam etdirəcəklər”ini bildiriblər. Məlumata görə, ekoloji təşkilatlar Ermənistanda yerləşən, İğdırdan 30 km məsafədə olan Metsamor AES-ə qarşı etdikləri çağırışda keçmiş qəzaları xatırladaraq stansiyanın bağlanmasını tələb edirlər. Bu təşkilatlar adından mətbuata verilən açıqlamanı oxuyan QHT rəhbəri Sabahat Aslan stansiyanın ilk reaktorunun 1976, ikincisinin isə 1980-ci ildə istifadəyə verildiyini xatırladıb: “Atom elektrik stansiyasının tikinti prosesində sovet alimləri və Ermənistan daxilindəki çevrələr stansiyanın zəlzələ xətti üzərində yerləşməsi və su mənbələrinə sızıntı baş verməsi ehtimalı səbəbindən tikintisinə qarşı çıxmışdı”. Metsamor AES-in 1988-ci ildə baş verən zəlzələdə bir fəlakətin astanasından döndüyünə diqqət çəkən S.Aslan “1988-ci il Spitak zəlzələsindən sonra xalqın narahatlıqları, təzyiqləri və etirazları səbəbindən stansiyanın iki reaktoru bağlandı. 1993-cü ildə Ermənistan hökuməti atom elektrik stansiyasını yenidən açma qərarı aldı və stansiya 1995-ci ildə istifadəyə verildi. 2005-ci ildə istismar müddəti bitən stansiyanın fəaliyyət müddəti 2016-cı ilə qədər uzadıldı və stansiyanın istismar müddətinin uzadılması müxtəlif tarixlərdə də davam etdi”, – deyə bildirib.
2011-ci ildə Yaponiyada baş vermiş fəlakətli (M=9,1) zəlzələ episentral zonadan 200 km-ə qədər məsafədə yerləşən və dünyanın ən qabaqcıl texnologiyalarının nailiyyətləri ilə mükəmməl təchiz edilmiş yapon mütəxəssislərinin fikirlərinə görə etibarlı təhlükəsizlik tədbirləri ilə qorunan “Fukusimo” Atom Elektrik Stansiyası seysmik və sunami təhlükəsinin qarşısında duruş gətirə bilmədi, reaktorda radioaktiv şüalanma baş verdi. Deyilənlər aydın şəkildə göstərir ki, Atom Elektrik stansiyaları insanlar üçün həmişə həyati təhlükə mənbəyidir. Xüsusilə də belə obyektlərin seysmik aktiv bölgələrdə yerləşməsi təhlükəni ən yüksək həddə çatdırır. Öz xalqının və digər regional dövlətlərdə yaşayan xalqların nüvə təhlükəsizliyinə əhəmiyyət verməyən Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər. Təbii ki, belə böyük təhlükə mənbəyi olan elektrik stansiyası Avropada olsaydı, heç olmasa bütün dünya bu məsələdən xəbərdar olardı və müvafiq dövlətə təzyiq göstərərdi. Ancaq Ermənistan və bu elektrik stansiyasının təsirinə məruz qalan ölkələr Türkiyə və Azərbaycan olanda dərhal Qərbin ikili standartları işə düşür. Bu məsələ ilə bağlı Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən Qərb dövlətləri yalnız zəif səslərlə Ermənistanı tənqid edirlər.
Bu səbəbdən də təkcə dövlət səviyyəsində deyil, beynəlxalq ictimai və ətraf mühit təşkilatlarının diqqəti Metsamor Atom Elektrik Stansiyasının yaratdığı və ya səbəb ola biləcəyi təhlükəyə yönəldilməlidir. Çünki təhlükə təkcə Türkiyə və Azərbaycan üçün keçərli deyil, həm də Çernobıl hadisəsində olduğu kimi, elektrik stansiyasında baş verə biləcək istənilən qəza bütün ətraf dövlətlərə təsir edəcək. Əslində bu, elə həyata keçirilməlidir ki, Metsamor bütün Xəzəryanı ölkələr üçün ciddi risk təşkil edən məsələ olaraq qeyd olunsun. Çünki reaktorun soyudulmasında istifadə olunan tullantı suları Araz çayı vasitəsilə Xəzər dənizinə çatdırılır. Bu müddətdə Metsamorun yaratdığı təhlükələrdən təsirlənə biləcək ölkələrdəki ətraf mühit təşkilatları ilə təmas da təzyiqin daha təsirli olmasına töhfə verə bilər. Metsamorun Çernobılla eyni texnologiyaya sahib olması və Çernobılda baş verən qəzanın təkcə Ukraynaya təsir etməməsi, ətraf ölkələrə geniş ərazidə zərər vurması Metsamorda qəzanın törədə biləcəyi təhlükəni region ölkələrinin anlamasını asanlaşdıracaq. Çernobılın fəsadlarını nəzərə alsaq, bu təsir prosesinin bir çox uzunmüddətli xəstəliklərə və ekoloji problemlərə səbəb olduğunu söyləmək olar. Xirosima və Naqasakiyə atılan atom bombalarının yaratdığı radiasiyanın təsirlərinin bu günə qədər davam etdiyini və Çernobıl qəzasının Şərqi Qara dəniz bölgəsi əhalisinə təsirlərinin 18 ildən sonra görünməyə başladığını nəzərə alsaq, radioaktiv qəzaların yaratdığı problemləri tam aradan qaldırmağın mümkün olmadığını aydın olur.
Sevinc Azadi, “İki sahil”