10-12 faizli banka yox, pensiya fonduna? – Yeni qanun, yeni suallar
“Özəl pensiya fondları ilə bağlı qanun qəbul edilə, mexanizmlər yaradıla, hətta bu fond fəaliyyətə də başlaya bilər. Amma bunun uğurlu olması üçün digər şərtlər önəmlidir. Böyük resurs və əmək tələb edir. Fondun uğurlu fəaliyyət göstərməsi üçün iqtisadi şərtlər bir qədər fərqlilik tələb edir”.
Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, bu cür fondlar o ölkələrdə uğurlu fəaliyyət göstərir ki, orada digər investisiya fondlarının gəlirlilik səviyyəsi çox yuxarıdır, investisiya bankçılığı inkişaf edib:
“İqtisadiyyata investisiya yatırmaq üçün maliyyə vəsaiti kifayət qədər deyil. Nə qədər vəsait varsa, iqtisadiyyat onu həzm edir. Nəticədə əlavə vəsaitə ehtiyac yaranır. Bu zaman pensiya fondu öz mövcudluğu ilə iqtisadiyyatın pula olan ehtiyacını ödəyərək çıxış edir. Yəni pensiya fondu yığılmış vəsaiti müxtəlif istiqamətlərə yönəldərək gəlir əldə edir və bu gəlirlə həm fond saxlanılır, həm öz kapitalını artırır, həm də ona pensiyasını əmanət etmiş şəxsləri gələcəkdə təqaüdlə təmin edir”.
İqtisadçı qeyd edib ki, bu məsələdə inflyasiya gözləntisini və indeksasiya olunmanı da nəzərə alamq lazımdır:
“Bunlar fondun fəaliyyətinin uğurlu olması halında mümkündür. Bütün hallarda özəl pensiya fondu ilə bağlı məsələ çox dərin prosesdir. Bu, bütün ölkələrdə uğurlu olmur. O ölkələrdə uğurlu olur ki, iqtisadiyyatın əlavə pula ehtiyacı var. Başqa sözlə desək, vətəndaş hansısa bankın 10-12 faizlik depozitindən imtina edərək öz vəsaitini bu fonda yatırmalıdır. Bu gün yaradılacaq pensiya fondu vətəndaşa bankın təklif etdiyi 10-12 faizdən illik olaraq daha artıq vəsait qazandıra biləcəkmi? Bu o halda uğurlu ola bilər ki, depozit portfeli kredit portfelinin altında olsun. Bizdə isə əksinədir. Ona görə də fondun fəaliyyətinin uğurlu olacağına dair suallar çoxdur”.
Qeyd edək ki, Azərbaycanda qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün “Qeyri-dövlət pensiya fondları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.